Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, “Azəriqaz” İstehsalat Birliyinin qaz itkiləri 7,3 faiz artıb. Rəsmi statistikaya görə, cari ilin yanvar-iyun aylarında ölkədəki 22 milyard 258,9 milyon kubmetrlik ümumi qaz ehtiyatı fonunda itkilərin payı 2,5 faiz təşkil edib.
Beləliklə, cari ilin birinci yarısında istehsal olunan əmtəəlik təbii qazın 556,5 milyon kubmetri itkiyə gedib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 milyon kubmetr çoxdur.
“Statkom”un məlumatında da qeyd edilir ki, itkilərin ümumi qaz ehtiyatlarında payı 2,4 faizdən 2,5 faizə yüksəlib.
Tarif Şurasının müəyyən etdiyi təbii qazın qaz paylayıcılarına topdansatış qiymətinin 1000 kubmetr üçün 135 manat olduğunu nəzərə alsaq, ilin birinci yarısında “Azəriqaz”ın itkilər üzrə zərərinin təqribən 75 milyon manatdan çox olduğunu demək olar.
Lakin qurumun daxilindən mediaya sızdırılan sənədlərdə bu itkilərin daha çox olduğu görünür. Belə ki, bir müddət əvvəl “Azəriqaz”ın Sadiq Abdullayev adlı işçisi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun “Azəriqaz”ın baş direktoru Azər Məmmədova ünvanladığı məktubu ictimailəşdirib.
Yayılan məktubdan məlum olur ki, rəsmi statistikadan kənar real itkilər daha böyükdür. Təkcə ilin ilk beş ayının nəticələrinə görə, uçota alınmayan qazın həcmi 454,1 milyon kubmetrdən 500,9 milyon kubmetrə yüksəlib, itki səviyyəsi isə 9,7 faizdən 10,4 faizə çatıb.