Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Mehdizadə ilə əlaqələri olan və yüz milyonlarla manatlıq dövlət satınalmalarında qalib gələn “Hovers Group” bu dəfə Zərdabda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin qalibi olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxs Zərdab rayonunun Dəkkoba kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, tenderin qalibi “Hovers Group” MMC olub.
Şirkətlə 9 milyon 287 min manatlıq müqavilə imzalanıb.
“Hovers Group” 2011-ci ildə yaradılıb. Hazırda şirkətin nizamnamə kapitalı 345 min 720 manat, qanuni təmsilçisi isə İlqar Adgözəl oğlu Zeynalovdur.
Şirkətin adı son illərdə iri dövlət satınalmalarında tez-tez görünür.
Meydan TV 2026-cı ilin mayında “Hovers Group”un dövlət tenderlərində iştirakı və şirkətin dövlət məmuru Səbuhi Knyaz oğlu Mehdizadə ilə əlaqələri barədə araşdırma yayımlayıb.
Həmin araşdırma zamanı əldə edilən dövlət reyestri sənədlərində Səbuhi Mehdizadə şirkətin yeganə təsisçisi və qanuni təmsilçisi kimi göstərilirdi.
Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavinidir. O, bu vəzifəyə 15 iyul 2024-cü ildə təyin edilib.
Bundan əvvəl isə kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini və İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru kimi müxtəlif dövlət vəzifələrində çalışıb.
Meydan TV-nin araşdırmasından sonra şirkətin reyestr məlumatlarında dəyişiklik edilib. Hazırkı məlumatlarda “Hovers Group”un qanuni təmsilçisi kimi İlqar Zeynalov göstərilir.
Şirkətin yüz milyonlarla manatlıq dövlət müqavilələri var
Meydan TV-nin əvvəlki araşdırması zamanı müəyyən edilmişdi ki, “Hovers Group” son yeddi ildə ümumi dəyəri 266,6 milyon manata çatan dövlət satınalmalarının icraçısı olub.
Şirkətin iri sifarişçiləri arasında Mənzil İnşaatı Dövlət Agentliyi də var. “Hovers Group” MİDA ilə ümumi dəyəri 41 milyon 626 min manat olan üç müqavilə bağlayıb.
Gənclər və İdman Nazirliyinin Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi layihəsi üzrə şirkətə 18 milyon 197 min manatlıq sifariş verilib.
“Hovers Group” Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə də 7 milyon 653 min manatlıq müqavilə imzalayıb.
Şirkət su təsərrüfatı sahəsində də iri dövlət sifarişləri alıb. Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi “Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” işlərini “Hovers Group”a 12 milyon 430 min manata həvalə edib.
İndi isə şirkət Zərdab rayonunda əkin sahələrinin su təminatı üçün daha 9 milyon 287 min manatlıq dövlət sifarişi alıb.
Meydan TV-nin may ayında yayımladığı araşdırmada diqqət çəkən məqamlardan biri də şirkətin dövlət reyestrində təsisçisi kimi göstərilən Səbuhi Mehdizadənin Prezidentin Qarabağ və Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəliyində yüksək vəzifə tutması, onunla əlaqələndirilən şirkətin isə həmin bölgələrdə dövlət büdcəsi hesabına həyata keçirilən iri layihələr üzrə sifarişlər alması idi.
Azərbaycan qanunvericiliyi dövlət qulluqçularının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına müəyyən məhdudiyyətlər qoyur.
Meydan TV-nin əvvəlki araşdırması zamanı “Hovers Group” və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məsələ, o cümlədən mümkün maraq toqquşması ilə bağlı mövqe almaq mümkün olmayıb.