“Meydan TV işi”: “Burada mühakimə olunan Azərbaycan cəmiyyətinin vicdanıdır”

Kollaj: Meydan TV

“Meydan TV işi” üzrə məhkəmə prosesi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində avqustun 7-də keçirilən növbəti məhkəmə iclasında bu iş üzrə həbsdə olan jurnalistlərdən daha 3 nəfər – Aytac Tapdıq (Əhmədova), Aysel Ümüdova və Nurlan Libre (Qəhrəmanlı) ifadə verib.

Məhkəmə prosesinə sədrlik edən hakim Zaur Hacıyev iclasın əvvəlində məlumat verib ki, məhkəmə iclas katibi dəyişib.

Təqsirləndirilən 12 nəfər jurnalistin bir hissəsi şüşə kabinədə saxlanılır, bəzilərinə isə vəkillərinin yanında əyləşməyə icazə verilib.

Kabinənin şüşə arakəsmələri var və bu aralardan içəridə danışılan səsləri eşitmək mümkündür. Həmin arakəsmələrdə Penitensiar Xidmətin həm qadın, həm də kişi əməkdaşlarından ibarət konvoylar düzülüb, içəridə olan jurnalistlərin qarşısını kəsmişdi. Bu da onların etirazına səbəb olub.

“Elə bil ki, burada terrorçular mühakimə olunur”, – deyə jurnalistlərdən “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) etiraz edib.

“Meydan TV”nin əməkdaşı Natiq Cavadlı isə bildirib ki, heç Gestaponun məhkəmələri belə olmayıb.

Hakim etirazlardan sonra konvoyların şüşə kabinənin qarşısından çəkilməsinə göstəriş verib.

Daha sonra hakim Aytac Tapdığın səhhətindəki problemlərlə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkəməyə göndərilmiş cavab məktubunda yazılanları elan edib. Məktubda göstərilib ki, Aytac Tapdıq ambulator müayinə olunmalıdır.

Jurnalist buna etiraz edib. O bildirib ki, saxlandığı Bakı İstintaq Təcridxanasının Tibb Məntəqəsinin rəisi Vüqar Həsənovun yanında həkim onu müayinə edəndən sonra təcili əməliyyata ehtiyacı olduğunu bildirib. Aytac Tapdığın sözlərinə görə, onun burnunda çəpər əyriliyi var və bu səbəbdən nəfəs darlığından əziyyət çəkir.

Jurnalist əlavə edib ki, belə bir həkim rəyinə baxmayaraq, yenidən ambulator müayinə olunması boş yerə vaxt itirməkdir:

“Yanıma gəlmədən, məni müayinə etmədən yazırlar ki, ambulator müayinə olunmalıdır. Mən birbaşa əməliyyat olunmalıyam”.

Vəkil Rövşanə Rəhimli həm Aytac Tapdıq, həm də Ülviyyə Əlinin (Quliyeva) mülki məsələlərlə bağlı yaxınlarına etibarnamə verməli olduğunu bildirərək, bunun üçün təcridxanaya onların yanına notariusun gəlməsinə icazə verilməsi barədə şifahi vəsatət qaldırıb. Hakim deyib ki, vəsatət yazılı şəkildə sistemə yerləşdirilsin, baxılıb, məsələ həll olunacaq.

Təqsirləndirilən şəxslərdən foto-jurnalist Əhməd Muxtarın vəkili Rəşad Əliyev onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Əhməd Muxtarın gənc həyat yoldaşı onkoloji xəstədir və bu diaqnoz bir neçə gün əvvəl təsdiqlənib:

“Avqustun 4-də artıq sənədlərdən məlum oldu. Dərəcəsini zalda səsləndirmirəm. Əhməd Muxtar istintaq vaxtı da yayınmayıb, nə vaxt çağırılıbsa, özü gəlib ifadəsini verib. Tanınmış foto-reportyordu. Heç kimə təsir göstərmək niyyəti yoxdur. Bu, təcili vəsatətdir. Ailədə elə bir durum yaranıb ki, təcili şəkildə bu məsələyə baxılıb, qərar verilməlidir”.

Hakimlər müşavirədən sonra vəsatətin təmin olunmadığını elan ediblər. Bildiriblər ki, şahidlər hələ dindirilməyib və onlara təsir imkanları qalır.

Daha sonra ifadələr başlayıb. Əvvəl “Meydan TV” əməkdaşlarından Aytac Tapdıq ifadə verib.

“Harada özbaşınalıq, hüquq pozuntusu, dövlət cinayəti, işgəncə, saxtakarlıq olubsa – Meydan TV orada olub

Aytac Tapdıq
Aytac Tapdıq

“Yazıçı Milan Kundera sual verməyi eskizlər çəkilmiş kətanı cıran bıçağa bənzədir. Ordan baxıb arxasında nə gizləndiyini görmək olar. Totalitar hökumətlərin ən böyük düşməni sual verməyə başlayan insandır. Sorğulayan biri axtarış içindədir, işin əslini, doğrunu axtarır. Qabağına qoyulanla yetinmir, həqiqəti öyrənmək istəyir. İnsan təbiəti gərəyi bilmək istəyir. Medianın həqiqətləri çatdırmaq missiyası insanın əsas təməl instinktlərinə – doğrunu bilmək ehtiyacına cavab verir. Həqiqəti bilmək bir haqdır və əgər bu, cinayət hesab olunursa o zaman insan olmağın özü ittiham predmetinə çevrilir. Azərbaycan cəmiyyətində fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır. Xalqın sözçüsü olan müstəqil mətbuat Azərbaycan kimi avtoritar ölkələrdə gizlədilən faktları gün üzünə çıxarıb, həqiqətin üzərindən pərdəni götürməklə hakimiyyətə qarşı ölkə insanın qalxanı rolunu oynayır. Hakimiyyətlə toqquşduğumuz yer məhz buradır.

Jurnalistlər onların yalanlarını faş edir, cəmiyyəti hər cür zorbalıqla kontrol altında tutmaq istəyi təhdid altına düşür. Ancaq həqiqət bizim hər cür manipulyasiya və yalana qarşı tək silahımızdır. Bizim, elə sizin də cəmiyyət qarşısında əxlaqi məsuliyyətimiz var. Meydan TV bu məsuliyyətdən çıxış edərək yoxsulluq içində cəbəlləşən böyük çoxluğa qarşı müqayisəyəgəlməz rifah içində yaşayanları göstərib. Biz dövlət yetkililərini xalq önündə hesabatlılığa təşviq etmişik. Hər bir ictimai əhəmiyyət kəsb edən hadisə kameralarımızdan yayınmayıb.

Harada özbaşınalıq, hüquq pozuntusu, dövlət cinayəti, işgəncə, saxtakarlıq olubsa – Meydan TV orada olub. Boğazlarda düyümlənən acılara nəfəs olub, insanların içinə ümid axıtmışıq. Nəticədə sistemin oyununu pozduğumuz üçün həbslərə, təqiblərə məruz qaldıq. Ancaq həbsimiz ifadə azadlığına biçdiyimiz dəyərdir. Bir dəyər onun üçün bədəllər ödəməyə hazır olanda dəyərə çevrilir.

Hər kəsə məlumdur Kürdəxanıya “öz ayaqlarımızla” gəldiyimiz. Bizi buraya qədər təqib edən hekayəmiz qovulmağın hekayəsidir. Qarabağ müharibəsində Gəncə bombalanan zaman müstəqil mediaya qoyulan qadağaları aşıb xəbərin ardınca hadisə yerinə gedə bildik. Müharibədə evini itirmiş, dağıntılar altında qalan keçmişini izləyən qadından “hökumət sizi qalacaq yerlə təmin edibmi?” – soruşdum. Sualımdan müstəqil jurnalist qoxusu alan hökumətaltı media nümayəndəsi “Meydan TV burdadır” – deyə haray çəkdi. Az keçməmiş polislər ətrafımızı sarıb canhövllü bizi avtomobilə mindirərək oradan uzaqlaşdırdılar. Getdiyimizdən əmin olmaq üçün bizi taksi sürücüsünə təhvil verib Gəncədən qovdular.

Laçın yolu bağlananda Şuşada hökumətin təşkil etdiyi saxta eko-aksiyanı işıqlandırmağa getdik. O qədər saxta aksiya idi ki, biz də qeyri-hökumət təşkilatı nümayəndəsi kimi xüsusi təşkil olunmuş avtobuslara minə bilmişdik. Çəkilişimiz bitənə yaxın prezident administrasiyasının əməkdaşlarına agah oldu ki, sən demə Meydan TV burdadır. Biz maskalılar tərəfindən saxlanıldıq və xüsusi avtomobilə mindirilərək eyni qaydada da Şuşadan qovulduq.

Sionidlə zəhərlədikləri söyüdlülərin o cəsur etirazını müstəqil media hərtərəfli işıqlandırdı. Söyüdlülər susmadıqları üçün o balaca kənd bu gün də – 4 ildir blokadadadır. Ölkədə vicdanı olan hər kəs hər gün buna görə utanmalıdır. Etirazdan sonra növbəti dəfə kəndə gedərkən telefonlarımız dinlənildi. Bizi təqib edib Söyüdlüyə getməyə imkan vermədilər. Beləcə bu qaçhaqovlar bizi həbsxanayacan izlədi. Həqiqət tiryək kimidir, ona sevdalandınsa, yoxmuş kimi davrana bilməzsən, ən dərin quyulara enib, axtarıb tapmaq istəyirsən onu. Və biz getdiyimiz hər yerə davamızı da aparırıq. Təcridxanada əl kameralarımız gözlərimiz olub. Şahid olduğumuz pozuntuları mətbuata çıxarırıq. Həbsxanada baş verən işgəncə faktını işıqlandırandan sonra təcridxanadan qova bilmədilər deyə bu səfər də bizi qaldığımız kameradan qovdular.

Despotizm jurnalistləri doğrunu göstərmək cürətinə görə cəzalandırır. Qorxu və zorakı güclə idarə olunan ölkədə mətbuat insanlara gücün özünü tənqid etmək, çəkinmədən danışa bilmək ehtimalını göstərir. Müstəqil media hakim narrativin qoyduğu əks fikirlərə yer açmaqla tənqidi ruhu diri saxlayır. Eynilə Con Stüart Mill bizə xatırladır ki, müxtəliflik daim insanların gözü qarşısında olmalıdır, yoxsa onlar müxtəliflik imkanının özünü itirəcəklər. Jurnalistikanı lisenziyalaşdırıb ancaq bəlli, sözəbaxımlı qrup üçün qanuni saymaq – söz azadlığını boğmaqdır. 2021-ci ildə qəbul olunan, 2025-ci ildə daha da sərtləşdirilən “Media haqqında” geriçi qanun müstəqil mətbuata qanundankənar status verməklə onu sıxışdırıb sıradan çıxardır. Digital çağda belə “parlaq” fikir ancaq bu qədər köhnəpərəst adamların ağlına gələ bilərdi. Halbuki İlham Əliyev Azərbaycanda süni intellekt üçün data mərkəzləri yaratmaq iddiasındadır. Qabaqcıl texnoloji şirkətlərin mənzilləndiyi Avropa ölkələrinə belə cazibədar təkliflərlə gedir.

Ölkəyə isə dost tiranlardan idxal etdiyi qanunları legitim olmayan parlament vasitəsilə qəbul etdirir. Gücün yazıya çevrilmiş formasını “qanun” adlandırıb, bu alətlə tənqidçilərini buxovlayır. Süni intellekt üçün data mərkəzi rolunu oynamaq istəyir, amma təbii intellektlərin müstəqil təşəbbüslərini təhdid kimi qavrayır. Mən sual verirəm, əgər qanun təməl insan haqlarını tar-mar edib, həqiqəti cəzalandırmaqla, ədalətsizliyə şərik çıxırsa onu niyə qəbul etməliyik? Cəmiyyətlə hesablaşmadan, ictimai müzakirə açılmadan, tək bir adamın diktəsinin təzahürü olan qanunu niyə tanımalıyıq? Axı sistem ədaləti təmsil etmirsə, ona kor-koranə razı gəlib itaət etmək mənəvi məsuliyyətdən boyun qaçırmaqdır. Yox, bu qanun deyil, bu cəmiyyətin üzərində tətbiq edilən qamçıdır. İndi guya bu qanunlara istinadla bizi ölkəyə xarici valyuta gətirməkdə ittiham edirlər. Siz ölkədən çamadanlarla çıxardığınız pulların hesabını nə zaman verəcəksiniz? İlham Əliyev öncə ailəsinin sahib olduğu hüdudsuz sərvətin mənbəyini açıqlasın ictimaiyyətə. Hər halda bacı Əliyevaların dillərə dastan “Mandarin Oriental Bodrum” kurort kompleksinə yatırdığı 500 milyon avronun yanında 12 nəfərə qurub-quraşdırdığınız məbləğ dəvədə qulaq qalır.

Yaşadığım mənzildən götürülən ən dəyərli maddi sübut bizdən öncə həbs olunan “AbzasMedia” əməkdaşlarının evin divarından asdığım fotolarıdır.

İstintaq bitərkən bəzi əşyalarımı qaytardılar, ancaq həmkarlarımın şəkillərini geri vermədilər. Prinsipcə onları maddi sübut kimi qiymətləndirmələrini tam haqlı sayıram. Əlbəttə, danışan, yazan adamları həbsə qapatmaq, ölkəni aydınlığa çıxarmaqdan daha asandır. İ.Əliyev Azərbaycan xalqından susdurulmuş, donuq adamlar ordusu düzəltmək istəyir. Ancaq iqtidar Azərbaycanın gerçəyindən qaça bilməyəcək. Biz gerçəkləri, gerçəklər də onu getdiyi hər yerdə təqib edəcək.

Fərqli fikri qurduğu hegemoniya altında əzməyə çalışan sistem azad düşüncənin son işartılarını söndürmək üçün də addımlarını gecikdirmir. YAP hökuməti gənc zehinləri qamçılayaraq yeniliyin və yaradıcılığın cücərməsi üçün ölkədə münbit iqlim saxlamır. Özünü sənətlə realizə edib qraffiti çəkən gənclər həbs olunur, cəzalanır. Axı diktaturada necə nəzarətdən kənar akt baş verə bilər. Əliyev anlayır ki, bir gəncin azad rəsmi, yaradıcı ruhun məhsulu onun çöküşünün başlanğıcı ola bilər. Yarım əsrdən çoxdur hakimiyyəti kimsəylə paylaşmayan Əliyevlər bütün ölkəni səbəbsiz yerə koloritsiz, estetikadan kənar saxlamayıb ki? Artıq ölkədə bütün insanlar üzərində qurulan total nəzarət rəsmiləşdirilir. İlham Əliyev xalq üzərində nəzarət səlahiyyətlərini genişləndirən yeni mexanizmlər işə salır. Ötən ilin noyabrında o yeni mərkəzləşdirilmiş rəqəmsal sistemin yaradılması haqqında fərman imzalayıb. MİRAS adlı yeni sistemlə müxtəlif dövlət qurumlarından toplanan vətəndaşların şəxsi həyatının bütün sferalarını əhatə edən məlumatlar bir mərkəzdə cəmlənəcək və nəzarəti DTX həyata keçirəcək. Yəni DTX şəxsin istirahət üçün hansı ölkəyə gedəcəyindən tutmuş, nə qədər kommunal ödəməyinə, dini inancından Qarabağa etdiyi səfərlərədək bütün məlumatları vahid sistem vasitəsilə öyrənəcək. 24 saat insanları gözətləyən təhlükəsizlik kameralarına tuş gələn biri eyni anda DTX-yə da göz qırpmış olacaq. Və bunlar olarkən heç bir formal məhkəmə qərarına belə ehtiyac duyulmayacaq.

Bu sistematik kontrol rəqəmsal məkanda özünü aydın büruzə verir. Daxili İşlər Nazirliyində sosial şəbəkələrə nəzarət şöbəsi yaradılıb. Hökumətin yeni icadı olan Media və Yayım Şurasının da fəaliyyət istiqamətlərindən biri sosial şəbəkələrin monitorinqidir. Xalqın özünü ifadə etdiyi yeganə platforma olan sosial şəbəkələrdə etdiyi paylaşım, bəyənmə, şərh onun azadlığına bais ola bilər. Qadağalar ölkəsində bir barmaq toxunuşu artıq həbs səbəbidir. Despotizm həbsxananı zehinlərdə qurmaqla insanları özünü senzuraya zorlayır.

İfadə azadlığının təqib olunmağı sual vermək azadlığını əlimizdən alır. Həyatımızı iqtidarın əllərinə buraxıb icazə verilən və informasiyanın çərçivəsində bir yaşam inşa etməməliyik. Həqiqət qırıntıları ilə yetinməyib sual verməyə davam etməliyik. Əliyevlərə itaət Azərbaycan xalqının alın yazısı deyil. Medalyonun bir tərəfində basqıdırsa, digərində azadlıq xiffəti və mübarizəsi var. Təəssüf ki, bu ölkədə ya diz üstündə dayanmalısan, ya ayaq üstündə. Mən hamımıza dimdik dura bilməyi arzulayıram. Gəlin, ümidə və cəsarətə qapılarımızı kilidləməyək. Qoy söndürə bilmədikləri azadlıq dirənişi onların qorxularını daim ayıq saxlasın. Və sonda demək istəyirəm ki, istəyirsə həyatımıza bədəl olsun, yetər ki, doğruluq qazansın”.

“Onu da hökumət oğurladı”

Aytac Tapdıq ifadəsinin sonunda 2015-ci ilin avqustunda döyülərək öldürülən jurnalist Rasim Əliyevi yada salıb:

“Sabah Rasim Əliyevin ölümünün ildönümüdür. Əgər öldürülməsəydi, onun da məhkəməsi bu zallardan birində olacaqdı”.

Aytac Tapdıq zaldakılardan bir dəqiqəlik sükutla Rasim Əliyevin xatirəsinin yad olunmasını istəyib.

Zaldakılar ayağa qalxaraq jurnalistin xatirəsini yad edib.

Jurnalist sərbəst ifadəsindən sonra prokurorun suallarına cavab verməyib:

“Prokurorun suallarına məhkəmədə cavab verərdim. Burada isə məhkəmə yoxdur”.


O, vəkillərin suallarını cavablandırarkən bildirib ki, evindən götürülmüş 300 avro pul 2015-2019-cu illərdə ölkədən çıxışına qadağa qoyulmasına görə Avropa Məhkəməsinin təyin etdiyi kompensasiya idi. Azərbaycan hökuməti ona təzminat ödəmişdi və həmin puldan qalmışdı:

“Onu da hökumət oğurladı”.

Daha sonra “Meydan TV”nin digər əməkdaşı Aysel Ümüdova ifadə verib.

“Hakim sülalənin inkişaf nağıllarını telefonumuzun kamerası ilə yan-yana qoymuşuq”

Aysel Umudova. İllüstrasiya: Meydan TV

“Mən Aysel Ümüdova – 12 ildir Meydan TV-də jurnalist kimi fəaliyyət göstərirəm. Peşə fəaliyyətim boyu yüzlərlə fərqli insan tanımış, çəkiliş üçün müxtəlif evlərin qonağı olmuşam. Adətən, reportajlarım ehtiyac sahibləri, aztəminatlı ailələrin evlərindən hazırlanırdı. Bu gün həmin evlərdən biri haqqında sizə danışacam. 2 vaqonu birləşdirib özünə ev düzəltmiş bir ailəyə çəkiliş üçün getmişdim. İstəyirəm evi bir az sizə təsvir edim. Dar qapıdan içəri girəndə başını aşağı əyməli olurdun. Heç otağın içində də başı dik gəzə bilməzdin, çünki tavan boyu hörümçək torunu xatırladan elektrik naqilləri bir-birini izləyirdi. Çəkiliş qış ayına təsadüf edirdi. Vaqon dəmirinə hopmuş soyuq otağa elə yayılmışdı ki, danışarkən nəfəsimizdən duman çıxırdı. Ev sahibəsi küçə süpürməklə həyatını qazanan yaşlı qadın idi. Yaşı çox idi, amma pensiya yaşına da hələ illəri var idi. Həm mətbəx, həm koridor, həm qonaq otağı, həm də hamam kimi istifadə edilən bu otaqda kiçik bir dolab var idi. Dolabın içində “taykeş” bir neçə qab, bir də səliqə ilə çərçivələnmiş İlham Əliyevin fotosu…

Belə bir evdə prezidentin portreti diqqətimi çəkdi. Baxdığımı gördü, başı ilə şəkilə işarə edib dedi: “Onun heç nədən xəbəri yoxdur. Ona hər şeyi fərqli deyirlər.” Qadın düşünürdü ki, onunla birlikdə ilbəil yaş alan pensiya yaşından, ölkədə 100-lərlə ailənin vaqonlarda ömür başa vurmağından, seçki saxtakarlığından, qarşısıalınmaz bahalaşmadan – total iqtisadi zorakılıqdan İlham Əliyevin xəbəri yoxdur. O elə bilirdi ki, hökumət bu problemlərdən agah olsa, dərhal həlli tapılacaq – ona görə də məni evinə çəkiliş üçün dəvət etmişdi.

Lakin ölkə başçısı həbsimizə fərman verməklə göstərdi ki, o hər şeyi görür və bilir. Hətta kamera arxasındakı jurnalisti də tanıyır və izləyir. Ona kamera önündə çarəsiz qoyduğu, medianı son ümid yeri kimi görən həmin qadının problemləri yox, onu lentə alan jurnalistin kimliyi maraqlıdır. Repressiya göstərdi ki, Əliyev öz gördüyü problemləri başqalarının görməsini, bilməsini istəmir. Məsələnin həllini isə həmin kameraları söndürməkdə tapdı. Bəs jurnalistləri həbs etmək həmin qadının sistematik problemlərini həll etdimi?

Biz həbs olunduğumuzdan bəri yenə nəqliyyat, kommunal, ərzaq məhsullarının qiymətində artım var, ölkə iqtisadi durğunluq yaşayır. 2025-ci ildə keçirilən Bələdiyyə seçkiləri yenə karusel və digər seçki saxtakarlığı ilə yadda qaldı. Polis idarələrində işgəncə görən, öldürülən insanların xəbərləri müstəqil media portallarında manşet olmağa davam etdi. Bizdən sonra informasiya ilə bağlı qanun sərtləşdirildi. Əxlaq adı altında hökumətin maraqlarına xidmət etməyən paylaşımlara görə cəza mexanizmi işə düşdü. Mediaların qapadılması, jurnalistlərin həbsi xalqın görünürlüyünü azaltmağı hədəf alırdısa, qəbul olunan qanun səsləri tam boğmağa hesablandı. Lakin bu mümkün olmadı. Vətəndaşlar öz problemlərini müstəqil medialarla paylaşmağa davam etdilər. YAP hakimiyyəti bilməlidir ki, ağrı çəkən insanın səsi daha gur çıxır.

Əslən Naxçıvanlı olduğum üçün orada səsi gur çıxan insanların bir dəfəlik susdurulması ilə bağlı qulaqdan-qulağa dolaşan müxtəlif hekayələrdən xəbərdaram. Naxçıvanda məşhur deyim var: “Burada haqqını tələb edəni dəlixanaya salıb, dəli edirlər.” Ötən günlərdə isə “Psixiatriya yardımı haqqında” qanunun dəyişilməsinə Prezident İlham Əliyev öz imzasını atdı. Yenilənmiş qanun deyir ki, polis vətəndaşı özünün və ya ailəsinin razılığı olmadan psixiatriya müəssisəsinə yerləşdirə bilər.

Bunun üçün prokuror, DİN-nin rəyi və məhkəmə qərarı kifayətdir. Nəzərə alsaq ki, Azərbaycanda nə prokurorluq, nə hüquq-mühafizə orqanları, nə də məhkəmə azad qərar vermə iqtidarındadır… Xüsusən də siyasi motivli qərarlarda hakim ailənin mövqeyi əsas götürülür. Yenilənən qanunu həm də yeni “susdurucu” adlandırmaq olar. Vasif Talıbovun dövründə Naxçıvan Muxtar Respublikasında müxalif mövqeli şəxslər zorla psixiatriya müəssisəsinə salınırdı. İndi yeni dəyişiklik də Naxçıvan təcrübəsinin bütün Azərbaycanda tətbiqinə gətirib çıxara bilər.

Görünür, həbsxanalar ağzına kimi dolu olduğundan hökumət yeni islah yerləri üçün kəşfə çıxıb.

Mən iş fəaliyyətim boyu daha çox danışa bilməyən, kimliyini gizlətməyə məcbur edilənlərin səsi olmağa çalışmışam. Jurnalist hər dili, hər kəsimin dilini bilməlidir. Məişət zorakılığına məruz qalıb danışa bilməyən qadının dilini, oriyentasiyasına görə təqib edilən kəsimlərin dilini, bəzi vətəndaşlardan və hökumət qurumlarından sistemli şiddət, pis rəftar görən heyvanların dilini. Ölkədə heç bir canlı hakimiyyətin qəzəbindən yan keçə bilmir.

Hakim ailə özünü cəmiyyətə həm də heyvansevər kimi təqdim edir. Hətta 2019-cu ildə fəaliyyətə başlayan “Toplan” adlı heyvan sığınacağı Heydər Əliyev Fondundan maliyyələşir, başında da Prezidentin qızı Leyla Əliyeva dururdu.

Uzun illər aktiv, sonradan gizlin fəaliyyət göstərən həmin qurum toplu heyvan qətliamı ilə məşğul idi. Qurum 2022-ci ildə heyvan haqları fəalları ilə məhkəmələrdə çəkişirdi. Küçələrdən qeyri-insani formada aparılan itlərin aqibəti Meydan TV-nin materialları ilə cəmiyyətə məlum olurdu. Göz boyamaq üçün qapısına rəngli hərflərlə “TOPLAN heyvan sığınacağı” yazılan qurumun bacasından içəridə yandırılan heyvanların tüstüsü çıxırdı. Toplanın şan-şöhrəti o qədər geniş yayıldı ki, qurumun 2024-cü ilin oktyabrında, yəni COP29-un Bakıda keçirildiyi ərəfədə fəaliyyətini dayandırdığını deməyə məcbur oldular. COP29 ərəfəsində həm də “heyvana rəhmsiz rəftar edilməsi” ilə bağlı qanunda kosmetik dəyişiklik edildi.

Bu günə kimi heç bir işləkliyi olmayan dəyişiklik göz boyama prosesinin davamı idi. Güc strukturları heyvana amansız münasibət göstərən insanları cəzalandırmır, güclünün zəifi əzməsi üstündə pöhrələnən sistemin son qurbanları isə heyvanlar olur.

Çıxışlarımız boyu bizi susdurmaq, haqsızlıqları dinləyib koqnitiv dissonans yaşamamaq üçün “kontekstdən çıxmayın” deyirdiniz. İstəyirsiniz ki, mən də işin mahiyyəti üzrə danışım, ittiham aktında adının hallandığı epizodlara görə özümü müdafiə edim. İttiham aktına sübut kimi təqdim edilən materiallardan biri “Getcontact” adlı proqrama adımın “Aysel Ümüdova”, “Jurnalist”, “Videoçəkiliş”, “Meydan TV” kimi yazılmasıdır. Axı mən nə Aysel Ümüdova olduğumu, nə jurnalist olduğumu, nə videoçəkiliş etdiyimi, nə də Meydan TV əməkdaşı olduğumu inkar edirəm.

Dostlarımla əyləndiyim – restorandan, gəzintidən, kanatdan olan görüntülər sübut kimi ittiham aktı adlanan o utancın içində yer alır. Halbuki o fotoları mən özüm öz sosial şəbəkə hesablarımda paylaşmışam. İnsan törətdiyi cinayəti ölümsüzləşdirib, bu azmış kimi sosial şəbəkə hesablarında paylaşar?! Görürsünüzmü, kontekst üzrə danışanda necə bir rəzilliklə üz-üzə qalırıq?!

Sizdə sual yarana bilər ki, bəs bizi niyə həbs edirlər? Çünki fotolarını qürurla paylaşdığım, bu gün mütəşəkkil dəstə üzvü kimi absurd iddialarla üzbəüz qaldığım dostlarımla birgə aldığı maaşı qabağına qoyub borclarını, kommunal və digər ehtiyaclarını ödədikdən sonra böyük bir 0-la qalan xalqla, sərvətinin hesabını bilməyən ölkə başçısı və yaxın ətrafı arasındakı uçurumu göstərmişik. Hesabı verə bilməyənlərlə, hesabını bilməyənlərin arasındakı uçurumu…

Biz – videoreportyorların bir devizi var. “Demə, göstər”. Bu prinsipə sadiq qalaraq hadisələri lentə alıb, doğru şəkildə ictimaiyyətə təqdim etmişik. Heç vaxt yalan yaymamış, xəbəri manipulyasiyadan uzaq, faktla göstərmişik – hakimiyyəti rəqəmlərlə ifşa etmişik. Hakim sülalənin inkişaf nağıllarını telefonumuzun kamerası ilə yan-yana qoymuşuq.

Əslində, bizim həbs edilməyimiz ölkənin başqa bir üzünü də görməyimiz, işıqlandırmağımızla nəticələndi. İndi izləyicilər bilirlər ki, “kiçik həbsxanada” hansı məhv edilmiş hekayələr var. Bizi sevənin də, sevməyənin də həqiqəti yazdığımızdan zərrə qədər şübhəsi yoxdur.

Müstəqil jurnalistika bu illər ərzində ilmək-ilmək hördüyü güvənin bəhrəsini həbs dövründə gördü. Saxlandığımız təcridxana, həbsxanalardan yayılan xəbərlər izləyicidə sual yeri qoymur, xəbərlərin altındakı imzalarımız isə video-görüntü yaymağa bərabərdir. Bu ömrünü doğrunu xəbərləməyə həsr edən biz jurnalistə edilən ən böyük təşəkkürdür. Və bu illər ərzində yaranan güvəni nəinki indiki hakimiyyət iki dünya bir araya gəlsə dağıda bilməz

Aysel Ümüdova yalnız vəkili Rövşanə Rəhimlinin suallarını cavablandırıb. Necə həbs olunması və evindəki axtarış barədə də danışıb. Bildirib ki, evindəki axtarışda özü iştirak etməyib:

“Yalnız pişiyim olub”.

Daha sonra Nurlan Libre məhkəmədə ifadə verib.

“Həqiqi jurnalistika vicdanın ictimai formasıdır”

Nurlan Libre. İllüstrasiya: Meydan TV

“Son sözümə bunu deməklə başlamaq istəyirəm ki, burada özümə bəraət dilənmək üçün dayanmamışam. Müdafiə olunmaq üçün də çıxış etmirəm. Həqiqəti dediyinə görə saxta ittihamlarla həbs olunan insan üçün belə bir səhnədə ittiham altında dayanmaq, əslində, onu mühakimə adı altında cəzalandıran sistemin özünün ifşasıdır və bu zalda mənim taleyimdən daha çox Azərbaycan hökumətinin həqiqətlə münasibəti görünür. Pis səhnələşdirilən tamaşa təsiri bağışlayan bu məhkəmə proseslərində mənim, o cümlədən həmkarlarımın jurnalist kimi mühakimə olunması azad sözün, tənqidin, azad düşüncənin, cəmiyyətin yaxşı həyat uğrunda mübarizə haqqının mühakimə olunmasıdır.

Üzərimə düzülən maddələr də tamaşa haqqında dediklərimi təsdiqləyir. Əvvəl qaçaqmalçılıq dedilər. Sonra işi ağırlaşdırdılar, şişirtdilər, siyasi sifarişin üstünə hüquqi terminlər düzdülər. Kağızın üzərində cinayət işi qurmaq çətin deyil, amma hamı bilir ki, bu məhkəmənin həqiqi səbəbi Azərbaycan sərhəddindən nəyisə qeyri-qanuni şəkildə keçirməyim yox, dövlətin qorxu ilə çəkdiyi sərhəddən cəmiyyətin həyatındakı problemləri əks etdirən xəbərləri keçirməyim, susdurulmaq istənən insanların səsini eşidilən etməyim, görünməz edilməsinə cəhdlər göstərilən həqiqəti görünən etməyimdir. Təqsirim budursa, onda bilin ki, burada mühakimə olunan Azərbaycan cəmiyyətinin vicdanıdır.

Azərbaycan hökumətinin sinfi səbəblərdən nifrət etdiyi şəxslərdən Karl Marks yazırdı ki, heç kim azadlıqla mübarizə aparmır, ən yaxşı halda başqasının azadlığı ilə mübarizə aparır. Bu cümləni bu gün burada ona görə xatırladıram ki, mühakimə edildiyim məhkəmə zalındakı işin mahiyyəti elə hakimiyyətdə olanların öz azadlığını, yəni hökm vermək, susdurmaq, cəzalandırmaq azadlığını qorumaq üçün cəmiyyətin həqiqəti bilmək azadlığına hücum etməyə bərabərdir. Amma Azərbaycandakı dövlətçilik ənənəsinə bu məhkəmədə qurulana oxşar səhnələr yad deyil. Bu ölkənin yaddaşına “xalq düşməni” damğası ilə şairlərin, alimlərin, müəllimlərin, yaradıcı insanların məhv edildiyi 1937-1938 repressiyaları da, son illərdə müstəqil jurnalistlərin saxta iqtisadi ittihamlarla susdurulması da məlumdur. Xədicə İsmayılovaya qarşı qurulan işdən tutmuş son illərdə “Abzas Media”, “Toplum TV”, “Meydan TV” və başqa müstəqil səslərə qarşı açılan saxta ittiham dalğasına qədər eyni siyasi texnologiya təkrar olunur və onun mahiyyəti bizə məlumdur: əvvəl tənqid edən adam seçilir, sonra onun barəsində Cinayət Məcəlləsindən maddə uyğunlaşdırılır, sonra isə cəmiyyətə deyilir ki, guya burada söhbət adi cinayət işindən gedir. Müstəqil mediada biz – həbs olunanlar haqqında nələrsə yazılan kimi isə vergi ödəyicilərinin pulları ilə maaşları verilən və YAP hakimiyyətinə trolluq edən siyasi fahişələr özlərinə əl qataraq dərhal bunu təkrarlamağa çalışırlar. Maraqlıdır, repressiyanın kostyumu dəyişsə də, mahiyyəti dəyişmir. 1937-də “xalq düşməni” deyə ittiham edirdilər, indi isə “qaçaqmalçı”, “qanunsuz sahibkar”, “vergidən yayınan”, “saxta sənəd istifadəçisi” deyə. Amma onda və indi dövlətin qorxusu azad söz olaraq qalır. Ziddiyyətli məqam isə budur ki, indiki konstitusiyada arsızlıqla Azərbaycan dövlətinin demokratik və hüquqi mahiyyət daşıması, hətta Respublika, yəni xalq işi olduğu qeyd edilib.

Az öncə Karl Marksdan sitat gətirdim. Onun mübarizə yandaşı Fridrix Engels dövləti cəmiyyətdən çıxıb onun fövqündə dayanan və getdikcə cəmiyyətdən uzaqlaşan xüsusi qüvvə kimi təsvir edirdi. Əlavə edirdi ki, bu qüvvənin arxasında silahlı adamlar, həbsxanalar və məcburiyyət aparatı dayanır. Bu gün həmin nəzəriyyə birbaşa Azərbaycanda, azərbaycanlıların həyatında sübutunu tapır. Artıq biz azərbaycanlılar anlamalıyıq ki, kimsə azad sözə görə həbs olunanda dövlətin “hamının dövləti” olmadığı çılpaqlığı ilə ortaya çıxır və bu dövlət özünə tabe olmayan, olmaq istəməyən azad sözü cəzalandıran sinfi-siyasi maşın kimi işləyir. Həbsim də o maşının necə işlədiyinin növbəti təsdiqidir.

Mən jurnalistəm. Bu anlayış avtoritar Azərbaycanda peşə olmaqdan daha çox mövqedir. Çünki həqiqi jurnalistika vicdanın ictimai formasıdır, kimsə susdurulanda onun yerinə danışmaqdır, dövlət tərəfindən kimsə görünməz ediləndə onu görünən etməkdir, kiminsə dərdi dövlət statistikasının, qorxunun, senzuranın altında basdırılanda onu eşidilən səsə çevirməkdir. Mən məhz bunu etdiyimi düşünürəm və görünür, bizim dövrümüzdə həqiqəti mövqe kimi yaşamaq yetərlidir ki, insanı cinayətkar elan etsinlər.

Bilirsiniz niyə bizdən – müstəqil jurnalistlərdən qorxur və susdurmaq üçün həbs edirsiniz? Çünki bizi susduranda aşağı maaş ilə yaşaya bilməyən insanların da, haqlarını tələb etdikləri üçün dövlət qurumlarının qapılarından geri qaytarılan vətəndaşların da, korrupsiyanın, ədalətsizliyin, yalanın içində boğulan cəmiyyətin də etiraz səsini həbs edə biləcəyinizi sanırsınız. Çünki azad mətbuat xalqın öz taleyi haqqında həqiqəti bilmək haqqıdır.

Ola bilər ki, bu haqqı əlindən alınan cəmiyyət siz hakimlərin, prokurorların, hakim sinifin digər buyruq qolu olanların arzuladığı kimi bir müddət sakit görünə bilər. Lakin bu sakitlik sabitlik deyil, qorxunun yaratdığı, içəridən çürüyən sükutdur və o, gec, yaxud tez yeni keyfiyyət halına keçəndə siz bu sükutdan yüksələn bağırtı qarşısında əziləcəksiniz, aciz qalacaqsınız”.

Nurlan Librenin ifadəsi məhdud vaxt çərçivəsində yekunlaşmadığı üçün növbəti məhkəmə iclasında davam edilməsinə qərar verilib.

Növbəti məhkəmə 14 sentyabr 14:00 tarixinə təxirə salınıb, Nurlan Libre də ifadəsini 14 sentyabrda davam etdirəcək.

“Meydan TV işi” üzrə həbslər və ağırlaşdırılan ittihamlar

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəMeydan TV işi“Meydan TV işi”: “Burada mühakimə olunan Azərbaycan cəmiyyətinin vicdanıdır”