Son bir neçə ayda Milli Məclis internet və sosial şəbəkələrin fəaliyyəti ilə bağlı bir-birini tamamlayan bir neçə qanun dəyişikliyi qəbul edib. Bu dəyişikliklər ilk baxışda fərqli məsələləri əhatə edir. Onlardan biri 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdə hesab açmasına qoyulan məhdudiyyətlə bağlıdır. Digəri xarici sosial şəbəkə platformalarının Azərbaycanda qeydiyyatdan keçməsi və ya nümayəndəlik yaratmasını tələb edir. Daha bir dəyişiklik isə dövlət qurumlarına internet resurslarını məhkəmə qərarı olmadan müvəqqəti bloklamaq üçün əlavə əsaslar verir.
Ayrı-ayrılıqda baxıldıqda bu dəyişikliklərin hər biri fərqli məqsədlərlə izah olunur. Rəsmi arqumentlərdə uşaqların rəqəmsal mühitdə qorunması, zərərli məzmunun qarşısının alınması, şəxsi məlumatların təhlükəsizliyi, dezinformasiya ilə mübarizə və informasiya təhlükəsizliyi ön plana çəkilir. Milli Məclisdə qəbul edilən son dəyişikliklərin izahatlarında da bu məqsədlər əsaslandırma kimi göstərilir.
Lakin bu dəyişikliklər birlikdə oxunduqda daha geniş mənzərə yaranır. Son illərdə internet saytlarının bloklanması qaydalarının mərhələlərlə genişləndirilməsi, 2022-ci ildə qəbul olunan “Media haqqında” Qanun, 2025-ci ildə sosial mediada “ictimai mənəviyyat” və “cəmiyyətə açıq hörmətsizlik” anlayışları ilə bağlı məhdudiyyətlərin sərtləşdirilməsi, sosial şəbəkə istifadəçilərinin məsuliyyətə cəlb olunması, indi isə sosial şəbəkə platformaları üçün yeni hüquqi öhdəliklərin müəyyən edilməsi eyni hüquqi prosesin müxtəlif mərhələləri kimi görünür.
Yeni qanun paketinin əhatə dairəsi kifayət qədər genişdir. Layihəyə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə 16 yaşını tamamlamayan şəxslər fərdi hesab yarada bilməyəcək. Platformalar istifadəçilərin yaşını yoxlamalı, 16–18 yaşlı istifadəçilər üçün valideyn nəzarəti tətbiq etməli, Azərbaycanda qeydiyyatdan keçməli və ya nümayəndəlik yaratmalı, dövlət qurumlarının sorğularını müəyyən edilmiş müddətdə cavablandırmalıdırlar. Tələblərin yerinə yetirilməməsi halında isə iri məbləğdə cərimələr, reklam qadağası və internet trafikinin mərhələli şəkildə azaldılması kimi sanksiyalar nəzərdə tutulur.
Bununla yanaşı, parlament “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna daha bir dəyişiklik qəbul edib. Həmin dəyişiklik internet resurslarının məhkəmə qərarınadək müvəqqəti bloklana biləcəyi halların siyahısını genişləndirir. Əvvəllər belə bloklama yalnız dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda mümkün idisə, yeni dəyişikliklə bu siyahıya narkotik vasitələrin təbliği, təhqir və böhtan xarakterli məlumatlar, şəxsi həyatın toxunulmazlığını pozan məzmun və ictimai təhlükəsizlik üçün təhlükə yaradan dezinformasiya da əlavə edilir.
Bu dəyişikliklər təsadüfi və ya bir dəfəlik hüquqi addımlar deyil. Onlar son illərdə rəqəmsal mühitin tənzimlənməsi istiqamətində qəbul olunan qərarların davamı kimi qiymətləndirilə bilər. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda internet resurslarının bloklanması praktikası 2017-ci ildən, media sahəsində yeni hüquqi çərçivə isə 2022-ci ildə “Media haqqında” Qanunun qəbulundan sonra daha da genişlənib.
Bəs son qanun dəyişikliklərinin əsas məqsədi nədir? Dövlət həqiqətən uşaqları və istifadəçiləri rəqəmsal risklərdən qorumağa çalışır, yoxsa eyni zamanda internet və sosial şəbəkələr üzərində hüquqi və texniki nəzarəti daha da genişləndirir? Bu sual yeni qanun paketinin ən çox müzakirə olunan tərəfidir.
Bu yazıda son dəyişikliklər ayrı-ayrılıqda deyil, son on ilə yaxın dövrdə qəbul olunmuş qanunlar və onların tətbiq praktikası fonunda təhlil edilir. Məqsəd bu hüquqi dəyişikliklərin Azərbaycanın rəqəmsal məkanına, media azadlığına və ifadə azadlığına uzunmüddətli təsirlərini qiymətləndirməkdir.
Qanun sərtləşməsi necə baş verdi?
Azərbaycanda internet və sosial şəbəkələrin hüquqi tənzimlənməsi birdən-birə formalaşmayıb. Son illərdə qəbul olunan qanunlara və onların tətbiqinə baxdıqda görünür ki, dövlət rəqəmsal mühit üzərində nəzarəti mərhələli şəkildə genişləndirib. Bu proses əvvəlcə internet saytlarını, daha sonra onlayn medianı, sosial şəbəkələrdə yayılan məzmunu, indi isə birbaşa platformaların özünü əhatə edir.
2017: Saytların bloklanması üçün yeni hüquqi mexanizm

Bu istiqamətdə ilk ciddi dönüş nöqtəsi 2017-ci ildə baş verdi.
Həmin il “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna 13-3-cü maddə əlavə edildi. Dəyişiklik müvafiq icra hakimiyyəti orqanına təxirəsalınmaz hallarda internet resurslarına məhkəmə qərarı olmadan müvəqqəti girişi məhdudlaşdırmaq səlahiyyəti verdi. Qanuna görə, belə qərardan sonra beş gün ərzində məhkəməyə müraciət edilməli idi.
Qanunda bu səlahiyyət yalnız “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhlükə yarandığı” və ya “insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu” hallarla əsaslandırılırdı.
Elə həmin il bu mexanizm praktikada tətbiq olundu. Meydan TV, AzadlıqRadiosu, “Azadlıq” qəzeti, Turan TV və “Azərbaycan saatı” layihəsinin internet səhifələrinə giriş məhdudlaşdırıldı. Daha sonra, Səbail Rayon Məhkəməsi həmin saytların bloklanması ilə bağlı qərar qəbul etdi. Dövlət orqanları bu resursları dövlətin maraqlarına zidd məlumatlar yaymaqda ittiham etsələr də, media qurumları ittihamları qəbul etmədi və qərarın hüquqi əsaslarının olmadığını bildirdi.
Bu hadisə Azərbaycanda internet saytlarının bloklanmasının ilk genişmiqyaslı nümunəsi hesab olunur.
Almaniyada yaşayan azərbaycanlı jurnalist, “Qəzetçi” saytının baş redaktoru Leyla Mustafayeva hesab edir ki, son illər Azərbaycanda media və internetlə bağlı qəbul edilən qanunlar əsasən müstəqil medianın fəaliyyət imkanlarını məhdudlaşdırmağa xidmət edib.
Onun sözlərinə görə, 2017-ci ildən başlayaraq müstəqil xəbər saytlarının bloklanması da bu siyasətin tərkib hissəsidir:

“Azərbaycan hökumətinin atdığı addımlar medianın ölkədə fəaliyyətini tənzimləməkdən daha çox, müstəqil medianın fəaliyyətini məhdudlaşdırmağa yönəlib. Bloklanan saytlar əsasən xaricdə fəaliyyət göstərən, jurnalistikanın etik prinsiplərinə uyğun işləyən və tənqidçi mövqedə olan media qurumlarıdır. Hökumət onları idarə edə bilmədiyi üçün çıxış yolunu həmin saytları bloklamaqda tapıb.”
Sonrakı illər: Bloklama əsasları genişləndirildi
2017-ci ildə qəbul edilən dəyişiklik yalnız başlanğıc oldu.
Sonrakı illərdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna bir neçə dəfə dəyişiklik edildi. Nəticədə internet resurslarına müdaxilə üçün hüquqi əsaslar tədricən artırıldı.
Məsələn, müxtəlif dəyişikliklərlə qanuna uşaqlar üçün zərərli hesab edilən informasiya məhsulları, qanunsuz mərc oyunları, müəyyən növ qadağan olunmuş məzmun və ictimai əhəmiyyət kəsb edən yalan məlumatlarla bağlı yeni müddəalar əlavə edildi.
2025-ci ildə isə qanuna daha bir dəyişiklik edilərək internet resurslarında “ictimai mənəviyyatı təhqir edən” və “cəmiyyətə açıq hörmətsizlik ifadə edən” məzmun qadağan olunan informasiya kateqoriyalarına daxil edildi. Bu dəyişikliklə paralel olaraq İnzibati Xətalar Məcəlləsinə də yeni məsuliyyət tədbirləri əlavə olundu.
Beləliklə, əvvəllər əsasən fövqəladə hallar üçün nəzərdə tutulan bloklama və müdaxilə mexanizmlərinin tətbiq sahəsi zamanla genişlənməyə başladı.
2022: “Media haqqında” Qanun rəqəmsal medianın fəaliyyət qaydalarını dəyişdi
İnternet üzərində hüquqi tənzimləmənin növbəti mərhələsi 2022-ci ildə qəbul edilən “Media haqqında” Qanun oldu. Qanun ilk dəfə onlayn medianın fəaliyyətini ayrıca hüquqi çərçivəyə saldı və Media Reyestrini yaratdı.

Rəsmi izaha görə, məqsəd media fəaliyyətinin hüquqi əsaslarını müəyyənləşdirmək, peşəkar jurnalistikanı təşviq etmək və media sahəsində şəffaflığı artırmaq idi. Qanunla jurnalist anlayışı, media subyektlərinin hüquq və vəzifələri, akkreditasiya qaydaları və dövlət-media münasibətləri yenidən müəyyən edildi.
Ən çox müzakirə olunan yeniliklərdən biri isə Media Reyestrinin yaradılması oldu.
Reyestrə daxil olmaq üçün media qurumları və jurnalistlər hüquqi qeydiyyat, daimi redaksiya, əmək müqaviləsi, ali təhsil və peşə fəaliyyəti ilə bağlı qanunda nəzərdə tutulan bir sıra tələblərə cavab verməli idilər. Reyestrə daxil edilən media subyektləri müəyyən hüquqlardan istifadə edə bilsələr də, qeydiyyatdan keçməyən media qurumları və jurnalistlər praktikada ciddi məhdudiyyətlərlə üzləşdilər.
Sonrakı illərdə bir sıra müstəqil media qurumlarının Media Reyestrinə daxil olmaq üçün etdikləri müraciətlər rədd edildi. Media İnkişaf Agentliyi (MEDİA) bu qərarları qanunda nəzərdə tutulan meyarlara uyğun gəlməməklə əsaslandırırdı.
Müstəqil media nümayəndələri isə bildirirdilər ki, reyestr könüllü mexanizm kimi təqdim olunsa da, praktikada media bazarına çıxış üçün inzibati alətə çevrilib.
Bu proses təkcə qeydiyyatla məhdudlaşmadı.
2023-cü ildən başlayaraq MEDİA Agentliyi reyestrdən kənarda fəaliyyət göstərən bəzi onlayn media orqanlarının fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmələrə müraciət etməyə başladı.
Məhkəmə qərarları ilə bir sıra internet media resurslarının fəaliyyətinə xitam verildi və ya onların hüquqi şəxs kimi fəaliyyətinə son qoyuldu. Rəsmi əsaslandırmada onların “Media haqqında” Qanunun tələblərinə uyğun fəaliyyət göstərmədiyi bildirilirdi.
Media hüququ üzrə çalışan ekspertlər isə bu qərarların media pluralizmini zəiflədə biləcəyini, dövlət qeydiyyatından keçməyən media qurumlarının fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını bildirirdilər.
Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi isə bildirmişdi ki, qanundakı bir sıra müddəalar ifadə azadlığı və media plüralizmi ilə bağlı Avropa standartlarına uyğunlaşdırılmalıdır. Onların fikrincə, Media Reyestri və jurnalistlər üçün müəyyən edilən məcburi meyarlar müstəqil medianın fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bu mərhələdə hüquqi nəzarət artıq yalnız internet resurslarının məzmununa deyil, media qurumlarının öz fəaliyyətinə də şamil edilməyə başladı.
Leyla Mustafayeva Media Reyestrinin yaradılmasını bu siyasətin davamı hesab edir:
“Media Reyestrinin məqsədi medianın fəaliyyətini tənzimləməkdən daha çox, onu məhdudlaşdırmaqdır. Son illərdə qanunvericiliyə edilən dəyişikliklərə birlikdə baxanda eyni istiqamətin davam etdiyini görürük”.
Beləliklə, 2017-ci ildə internet resurslarının bloklanması üçün yaradılmış hüquqi mexanizmdən sonra 2022-ci ildən etibarən media qurumlarının öz fəaliyyətinin də dövlət tərəfindən daha detallı tənzimlənməsi mərhələsi başladı.
Ardınca jurnalist həbsləri gəldi
2023-cü ilin sonundan etibarən Azərbaycanda müstəqil media nümayəndələrinə qarşı cinayət işlərinin sayı da sürətlə artdı.
Əvvəlcə AbzasMedia əməkdaşları saxlanıldı. Daha sonra Toplum TV, Meydan TV və digər müstəqil media qurumlarının əməkdaşları da müxtəlif cinayət işləri üzrə həbs olundular.
Hazırda müxtəlif işlər üzrə 30-a yaxın jurnalist və media əməkdaşı həbsdədir.

Onların əksəriyyətinə qarşı əvvəlcə qaçaqmalçılıq, daha sonra isə qanunsuz sahibkarlıq, vergidən yayınma, sənədlərin saxtalaşdırılması, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və digər iqtisadi xarakterli ittihamlar irəli sürülüb.
Jurnalistlərin hamısı ittihamları rədd edir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
Bu həbslər Committee to Protect Journalists (CPJ), Reporters Without Borders (RSF), Amnesty International, Human Rights Watch, Avropa Parlamenti, Avropa Şurasının Jurnalistlərin Müdafiəsi Platforması və digər beynəlxalq qurumların çoxsaylı bəyanatlarında tənqid olunub. Həmin təşkilatlar Azərbaycanda son illərdə müstəqil medianın fəaliyyət imkanlarının əhəmiyyətli dərəcədə daraldığını bildiriblər.
Nəticədə ölkədə alternativ informasiya məkanının böyük hissəsi tədricən sosial şəbəkələrə keçməyə başladı. Məhz bu fonda hökumətin diqqəti artıq təkcə media qurumlarına deyil, sosial şəbəkələrin özünə, həmin platformalarda fəaliyyət göstərən istifadəçilərə və xarici platformaların fəaliyyət qaydalarına yönəldi.
Bu prosesin növbəti mərhələsi isə 2025–2026-cı illərdə qəbul olunan yeni qanun dəyişiklikləri oldu. Burada artıq söhbət təkcə yayımlanan məzmundan deyil, sosial şəbəkələrin işləmə qaydalarından, istifadəçilərin yaşının yoxlanılmasından, platformaların Azərbaycanda qeydiyyata alınmasından və internet resurslarının məhkəmə qərarı olmadan bloklana biləcəyi halların daha da genişləndirilməsindən gedir.
Beynəlxalq mediada yazıları ilə tanınan azərbaycanlı jurnalist, media üzrə ekspert Arzu Qeybulla bildirir ki, hazırda atılan addımlar 2017-ci ildə başlamış tendensiyanın davamıdır.

“2017-ci ildə saytların bloklanması üçün hüquqi mexanizm yaradıldı. Sonra Media Reyestri gəldi, daha sonra jurnalist həbsləri başladı. İndi isə növbə platforma qatına çatıb. Mən bunu müstəqil informasiyanın hər bir kanalının mərhələ-mərhələ bağlanmasına yönəlmiş ardıcıl və akkumulyativ layihə kimi görürəm”.
Sosial şəbəkələrdə paylaşım edən istifadəçilərə qarşı inzibati cəzalar
Son illərdə Azərbaycanda tənqidi məzmun paylaşan sosial şəbəkə istifadəçiləri, blogerlər və fəallar inzibati məsuliyyətə cəlb olunub.
Xüsusilə 2025-ci ilin əvvəlində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən sonra sosial şəbəkələrdə yayılan bəzi paylaşımlar “ictimai mənəviyyatı təhqir etmək” və ya “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilməyə başlanıb.

Bu dəyişikliklərdən sonra bir neçə sosial media istifadəçisi həmin maddələr üzrə inzibati qaydada cərimələnib və ya həbs edilib.
Müstəqil hüquqşünaslar diqqət çəkirlər ki, “ictimai mənəviyyat”, “milli-mənəvi dəyərlər”, “cəmiyyətə açıq hörmətsizlik” kimi anlayışların qanunda dəqiq hüquqi tərifi yoxdur. Onların fikrincə, bu, eyni normanın müxtəlif hallarda fərqli şəkildə tətbiq edilməsinə imkan yaradır.
2025–2026: Nəzarətin yeni mərhələsi artıq sosial şəbəkələrə yönəlir
Son dəyişikliklər isə əvvəlki qanunlardan bir mühüm fərqlə seçilir.
Əgər indiyədək qəbul edilən qanunlar əsasən internet resurslarında yayılan məzmunu, media qurumlarını və jurnalistlərin fəaliyyətini tənzimləyirdisə, bu dəfə dəyişikliklər birbaşa sosial şəbəkələrin işləmə mexanizminə müdaxilə edir.
Milli Məclis qəbul etdiyi dəyişikliklərlə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə yeni müddəalar əlavə edib.
Dəyişikliklər bir neçə istiqaməti əhatə edir:
- 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi;
- 16–18 yaşlı istifadəçilər üçün valideyn nəzarəti mexanizmlərinin tətbiqi;
- platformaların istifadəçilərin yaşını yoxlaması;
- xarici sosial şəbəkələrin Azərbaycanda qeydiyyatdan keçməsi və ya nümayəndəlik yaratması;
- dövlət qurumlarının sorğularına müəyyən olunmuş müddətdə cavab verməsi;
- tələblərə əməl etməyən platformalara maliyyə sanksiyaları, reklam qadağası və internet trafikinin mərhələli şəkildə azaldılması.
“İnsanların sosial şəbəkələrdəki paylaşımlarına görə mütəmadi təqib olunduğu bir ölkədə dövlət qurumları ilə platformalar arasında yaradılan sürətləndirilmiş məlumat mübadiləsi kanalı inzibati rahatlıqdan daha çox, anonim tənqidçilərin kimliyini müəyyənləşdirmək üçün potensial mexanizmə çevrilə bilər”- Arzu Qeybulla belə deyir.
Qanun layihəsinə görə, yaşın yoxlanılması əvvəlcə istifadəçinin bəyanatı, daha sonra isə mobil telefon nömrəsi, elektron poçt ünvanı və ya bank kartı vasitəsilə aparılacaq. Yaşın müəyyənləşdirilməsi üçün toplanan məlumatların sonradan silinməsi də qanunda ayrıca qeyd olunur.
Platformalar, həmçinin, “zərərli məzmun” aşkar edildiyi halda 24 saat ərzində tədbir görməli olacaqlar.
Ən diqqət çəkən dəyişikliklərdən biri isə xarici platformalara münasibətdə müəyyən edilən tələblərdir.
Qanuna əsasən, Azərbaycandakı istifadəçilərə xidmət göstərən sosial şəbəkə provayderləri ölkədə dövlət qeydiyyatına alınmalı və ya rəsmi nümayəndəlik yaratmalıdırlar. Bundan əlavə, onlar dövlət qurumları ilə əlaqə saxlayacaq xüsusi əlaqə mərkəzi formalaşdırmalı və dövlət orqanlarının sorğularını beş iş günü ərzində cavablandırmalıdırlar.
Bu tələblər yerinə yetirilmədiyi halda əvvəlcə yazılı xəbərdarlıq edilir, daha sonra 100 min və 300 min manat məbləğində maliyyə sanksiyaları tətbiq oluna bilər. Əgər platforma bundan sonra da qanunun tələblərinə əməl etməzsə, həmin platformada reklam yerləşdirilməsi qadağan oluna, internet trafiki isə mərhələli şəkildə 20, 50 və 90 faizədək azaldıla bilər.
Bu mexanizm ilk dəfə olaraq dövlətə xarici sosial şəbəkələrin fəaliyyətinə texniki təsir göstərmək üçün ayrıca hüquqi əsas yaradır.
Arzu Qeybullanın fikrincə bu addım platformalara yeni təzyiq imkanı yaradacaq:
“Məcburi yerli nümayəndəlik tələbləri rəqəmsal hüquqlar üzrə ekspertlər arasında ‘girov mexanizmi’ kimi tanınır. Platformanın ölkə daxilində ofisi və əməkdaşları olduqda dövlət xaricdə yerləşən şirkət üzərində əvvəllər malik olmadığı təzyiq imkanını qazanır. Sonradan isə bu təzyiq məzmunun silinməsi və istifadəçi məlumatlarının təqdim olunması tələblərini icra etdirmək üçün istifadə olunur”.
Paralel olaraq saytların bloklanması üçün əsaslar da genişləndirilir
Sosial şəbəkələrlə bağlı dəyişikliklərlə eyni vaxtda parlament internet resurslarının bloklanması ilə bağlı qaydaları da sərtləşdirib.
Dəyişikliklərə əsasən, artıq daha çox hallarda internet resurslarına məhkəmə qərarı olmadan müvəqqəti giriş məhdudiyyəti tətbiq oluna biləcək.
Əvvəllər belə səlahiyyət yalnız dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhlükə yarandığı və ya insanların həyatı və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarla məhdudlaşırdı.
Yeni dəyişikliklərdən sonra isə bu siyahı xeyli genişlənir.
Məhkəmə qərarınadək bloklama üçün əsaslar sırasına aşağıdakılar da əlavə edilir:
- narkotik vasitələrin hazırlanması, istifadəsi və satışı barədə məlumatlar;
- pornoqrafik materiallar;
- qumar oyunlarının təşviqi;
- intiharın təbliği;
- təhqir və böhtan xarakterli məlumatlar;
- şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
- uşaqlar üçün yaş məhdudiyyəti göstərilməyən film və oyunlar;
- insanların sağlamlığına, əmlakına və ictimai təhlükəsizliyə ciddi təhlükə yarada biləcək yalan məlumatlar.
Rəsmi izaha görə, dəyişikliklərin məqsədi rəqəmsal cinayətkarlıqla, dezinformasiya ilə və uşaqlar üçün zərərli məzmunla daha operativ mübarizə aparmaqdır.
Bununla yanaşı, media hüququ üzrə çalışan bir sıra ekspertlər diqqəti başqa məqama yönəldirlər.
Onların fikrincə, bloklama üçün əsasların genişləndirilməsi icra hakimiyyəti orqanlarına internet resurslarına məhkəmə qərarı olmadan müdaxilə imkanlarını da artırır. Xüsusilə “təhqir”, “böhtan”, “şəxsi həyata müdaxilə” və “ictimai təhlükəsizlik üçün təhlükəli yalan məlumat” kimi anlayışların tətbiqində geniş şərh imkanlarının qalması gələcək praktikaya dair suallar yaradır.
İlk dəfə eyni hüquqi paketdə üç istiqamət birləşir
Əvvəlki illərdə qəbul edilən qanunlara baxdıqda dəyişikliklər əsasən ayrı-ayrı sahələri əhatə edirdi.
2017-ci ildə saytların bloklanması mexanizmi yaradıldı.
2022-ci ildə media subyektləri və jurnalistlərin fəaliyyəti yeni hüquqi çərçivəyə salındı.
2025-ci ildə sosial şəbəkələrdə “ictimai mənəviyyat” və “cəmiyyətə açıq hörmətsizlik” anlayışları qanunvericiliyə daxil edildi.
2026-cı ildə isə bu istiqamətlər ilk dəfə vahid paketdə birləşdirilir.
Yeni dəyişikliklər eyni anda həm sosial şəbəkə istifadəçilərinə, həm platformaların fəaliyyətinə, həm də internet resurslarının bloklanması mexanizmlərinə şamil olunur.
Bu baxımdan qəbul edilən paket əvvəlki dəyişikliklərdən daha geniş hüquqi təsir dairəsinə malikdir.
Bu dəyişikliklər praktikada nəyi dəyişə bilər?
Yeni qanun paketində uşaqların rəqəmsal təhlükəsizliyi əsas arqument kimi təqdim olunur. Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamında da uşaqların psixoloji rifahının qorunması, yaşa uyğun məzmun filtrlərinin yaradılması, valideyn nəzarətinin gücləndirilməsi və rəqəmsal savadlılığın artırılması əsas məqsədlər kimi göstərilir.
Layihədə bu istiqamətdə yalnız qadağalar yoxdur. Buraya məktəblərdə rəqəmsal təhlükəsizlik dərslərinin hazırlanması, valideynlərin maarifləndirilməsi, 16–18 yaşlı istifadəçilər üçün əlavə məxfilik tədbirləri və manipulyativ platforma dizaynının məhdudlaşdırılması kimi müddəalar da daxildir.
Bu baxımdan layihənin bir hissəsi beynəlxalq müzakirələrlə üst-üstə düşür. Lakin Azərbaycanda qəbul edilən paket bununla məhdudlaşmır. Burada yaş məhdudiyyəti ilə yanaşı, sosial şəbəkələrin fəaliyyət modeli də dəyişdirilir. Bu, əvvəlki qanunlardan fərqli olaraq artıq platformaların fəaliyyətinə birbaşa təsir edən mexanizmdir.
Azərbaycanda internet artıq əsas ictimai müzakirə məkanıdır
Bu dəyişikliklərin əhəmiyyətini anlamaq üçün son illərdə media mühitində baş verən dəyişikliklərə baxmaq kifayətdir.
Televiziya kanallarının əksəriyyəti dövlət və ya hökumətyönlü mövqeyi ilə seçilir. Çap mediasının təsir dairəsi əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Müstəqil xəbər saytlarının bir hissəsi illərdir bloklanıb.
Bu fonda ictimai müzakirələrin böyük hissəsi sosial şəbəkələrə keçib.

“Facebook”, “YouTube”, “TikTok”, “Instagram”, “Telegram” və “X” təkcə ünsiyyət vasitəsi deyil, həm də xəbər istehlakı, ictimai-siyasi müzakirələrin əsas platformalarından birinə çevrilib.
Məhz buna görə yeni qanun paketinin təsir dairəsi əvvəlki dəyişikliklərdən daha geniş görünür.
Əgər əvvəllər hüquqi dəyişikliklər əsasən media qurumlarını əhatə edirdisə, indi qaydalar milyonlarla sosial şəbəkə istifadəçisinə və həmin platformaların öz fəaliyyətinə də şamil olunur.
“Təəssüf ki, sosial media ilə bağlı görülən tədbirlər və qəbul olunan qanunlar da eyni istiqamətə xidmət edir”, – deyə Leyla Mustafayeva bildirir.
Platformalar qarşısında seçim yaranır
Yeni qanunun praktik nəticələrindən biri də beynəlxalq platformaların necə davranacağı olacaq.
“Meta” (Facebook və Instagram), “Google” (YouTube), “TikTok” və “X” kimi şirkətlər dünyanın müxtəlif ölkələrində oxşar tələblərlə üzləşirlər. Bəzi ölkələrdə onlar yerli nümayəndəlik açır, bəzi hallarda isə belə tələbləri qəbul etmirlər.
Azərbaycanda indiyədək qlobal sosial şəbəkələrə münasibətdə bu qədər geniş hüquqi öhdəliklər tətbiq olunmayıb.
Əgər platformalar bu tələbləri qəbul etməsələr, qanunda nəzərdə tutulan reklam qadağası və internet trafikinin azaldılması kimi mexanizmlərin tətbiqi gündəmə gələ bilər.
Bu isə həmin platformalardan istifadə imkanlarına birbaşa təsir göstərə bilər.
Platformalarla dialoq artıq başlayıb
Qanun qüvvəyə minməzdən əvvəl də hökumət beynəlxalq platformalarla əlaqələri genişləndirməyə başlayıb.
Bir neçə gün öncə Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşa Qlobal Media Forumu çərçivəsində “TikTok” və “Linkedin” nümayəndələri ilə görüşüb. Görüşdə rəqəmsal platformaların fəaliyyəti, dezinformasiya ilə mübarizə və təhlükəsiz informasiya mühiti məsələləri müzakirə olunub.

Eyni forumda çıxış edən “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan platformanın Azərbaycanda kontentin moderasiyası ilə bağlı statistik məlumatlar açıqlayıb.
Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Azərbaycanda platforma qaydalarını pozduğu müəyyən edilən 600 mindən çox video silinib. 2025-ci ildə isə bu rəqəm 3,6 milyon video olub.
Ryan bildirib ki, hazırda platformada silinən məzmunun 60 faizdən çoxu süni intellekt vasitəsilə avtomatik aşkarlanır.
Bu rəqəmlər onu göstərir ki, qlobal platformalar artıq öz daxili qaydaları əsasında Azərbaycanda genişmiqyaslı məzmun moderasiyası həyata keçirirlər. Yeni qanun isə bunun üzərinə dövlət tərəfindən müəyyən edilən əlavə hüquqi öhdəliklər gətirir. Artıq platformalar yalnız öz istifadə qaydalarını deyil, Azərbaycan qanunvericiliyinin tələblərini də nəzərə almaq məcburiyyətində qala bilərlər.
Platformaların fəaliyyəti niyə ayrıca tənzimlənir?
Yeni qanun layihəsi ilə bağlı əsas suallardan biri budur: əgər “TikTok”, “Meta”, “YouTube” kimi platformalar artıq öz daxili qaydaları əsasında məzmunu silir və istifadəçilərə qarşı müxtəlif məhdudiyyətlər tətbiq edirlərsə, niyə onlara əlavə hüquqi öhdəliklər qoyulur?
Belə çıxır ki, indiyədək “TikTok”, “Meta” və digər platformalar əsasən öz istifadə qaydaları və qlobal siyasətləri əsasında fəaliyyət göstərirdilər. İndi isə, onlar eyni zamanda Azərbaycan qanunvericiliyindən irəli gələn öhdəlikləri də yerinə yetirməli olacaqlar.
Bu modelin praktik nəticəsi platformaların qərar qəbul etmə mexanizminə də təsir göstərə bilər. Çünki qanun yerli nümayəndəlik, dövlət qurumları ilə birbaşa əlaqə, məcburi cavablandırma müddətləri və sanksiya mexanizmləri müəyyən edir. Bu isə dövlətlə platformalar arasında hüquqi münasibətlərin əvvəlki dövrlə müqayisədə daha institusional xarakter alacağını göstərir.
Praktikada da artıq müəyyən məhdudiyyətlər müşahidə olunur
Sosial şəbəkələrin fəaliyyətinə dair yeni qanun hələ qüvvəyə minməsə də, son illərdə bəzi platformalarda Azərbaycana münasibətdə ayrıca məhdudiyyətlər tətbiq edildiyi ilə bağlı hallar da qeydə alınıb.
Məsələn, Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı bildirib ki, onun “TikTok” hesabına yalnız Azərbaycan ərazisindən giriş məhdudlaşdırılıb. O, bunu Meydan TV-yə açıqlamasında yeni qanun layihəsi ilə bağlı narahatlıqlarını izah edərkən də xatırladıb və internet üzərində nəzarətin genişləndirilməsi kimi qiymətləndirib.
Oxşar problemlə üzləşdiyini bildirən şəxslər arasında bloger Mehman Hüseynov da var. O da müxtəlif vaxtlarda “TikTok” hesabının Azərbaycan ərazisində əlçatan olmadığını açıqlayıb.
Bu hallar genişmiqyaslı bloklama siyasətinin mövcud olduğunu sübut etmir. Lakin onlar göstərir ki, ayrı-ayrı hesablar üzrə coğrafi məhdudiyyətlərin tətbiqi texniki baxımdan mümkündür və belə praktika artıq müşahidə olunub.
Bu baxımdan yeni qanunla platformalara gətirilən əlavə öhdəliklər gələcəkdə platformalarla dövlət arasındakı münasibətlərin necə formalaşacağı barədə sualları da artırır.
İfadə azadlığı ilə bağlı narahatlıqlar niyə artır?
Media ekspertləri, hüquqşünaslar və jurnalist təşkilatları diqqəti başqa məqama çəkirlər. Onların fikrincə, son dəyişiklikləri əvvəlki illərdə qəbul edilən qanunlardan ayrı qiymətləndirmək çətindir. Tənqidçilər hesab edirlər ki, söhbət ayrı-ayrı texniki dəyişikliklərdən yox, rəqəmsal məkanın daha geniş hüquqi tənzimlənməsindən gedir.

Leyla Mustafayeva deyir ki, bu dəyişikliklər rəsmi olaraq azyaşlılarla bağlı əsaslandırılsa da, arxasında başqa məqsədlərin dayandığı aydındır.
“Amma indiyədək TikTok-da və digər sosial media platformalarında fəaliyyətinə görə polisə çağırılan və ya həbs olunan şəxslər əsasən azyaşlılar deyil, yetkinlik yaşını keçmiş şəxslər olub. Bu da onu göstərir ki, görülən tədbirlərin ümumi məqsədi ifadə azadlığını məhdudlaşdırmaqdır. Fərqi yoxdur, söhbət mediadan gedir, yoxsa sosial şəbəkələrdən — tətbiq olunan tədbirlər eyni istiqamətə yönəlib”.
Beynəlxalq təcrübə və Azərbaycan modeli: fərq haradadır?
Azərbaycan hökuməti yeni dəyişiklikləri əsaslandırarkən beynəlxalq təcrübəyə də istinad edir. Həqiqətən də son illərdə bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrdə qorunması ilə bağlı yeni qanunlar qəbul olunur.
Lakin müxtəlif ölkələrdə tətbiq olunan modellər eyni deyil.
Avstraliya: əsas hədəf uşaqların qorunmasıdır
2024-cü ildə Avstraliya parlamenti 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab saxlamasını məhdudlaşdıran qanun qəbul edib. Qanuna görə, platformalar istifadəçilərin yaşını yoxlamaq üçün “ağlabatan addımlar” atmalıdır. Tələblərə əməl etməyən şirkətlər iri məbləğdə cərimələrlə üzləşə bilər.
Bu modelin əsas məqsədi uşaqların psixoloji sağlamlığının qorunması, onlayn zorakılığın və asılılığın qarşısının alınması kimi təqdim edilir.
Qanunda platformaların ölkədə nümayəndəlik açması, dövlət qurumlarının sorğularını cavablandırması və ya dövlətlə daimi hüquqi əlaqə mexanizmi yaratması nəzərdə tutulmur.
Fransa: yaş həddi var, amma tətbiqi Avropa hüququndan asılıdır
Fransa 2023-cü ildə “rəqəmsal yetkinlik” haqqında qanun qəbul edib və sosial şəbəkələr üçün 15 yaş həddi müəyyənləşdirib.
Ancaq bu qanun tam tətbiq olunmayıb.
Səbəb ondan ibarətdir ki, Avropa İttifaqında rəqəmsal platformaların fəaliyyəti artıq vahid hüquqi çərçivə — Digital Services Act (DSA) ilə tənzimlənir. Buna görə Fransa hökuməti milli qanunun tam qüvvəyə minməsi üçün Avropa Komissiyasının hüquqi prosedurlarını gözləyir.
Bu nümunə göstərir ki, Avropa İttifaqında üzv dövlətlər platformalar üzərində nəzarəti təkbaşına deyil, ümumi hüquqi mexanizmlər çərçivəsində həyata keçirirlər.
Avropa İttifaqı: diqqət platformaların şəffaflığına yönəlir
2024-cü ildən tam tətbiq olunan Digital Services Act (DSA) sosial şəbəkələr üçün yeni öhdəliklər müəyyən edib.
Qanun böyük platformalardan qeyri-qanuni məzmunun operativ silinməsini, alqoritmlərin risklərinin qiymətləndirilməsini, reklamların şəffaflığını və istifadəçilərin şikayət hüququnun təmin edilməsini tələb edir.
Eyni zamanda platformaların qərarlarından şikayət etmək, qərarların əsaslandırılmasını tələb etmək və müstəqil audit mexanizmləri də nəzərdə tutulur.
Yəni DSA yalnız platformalara öhdəlik qoymur, istifadəçilər üçün də əlavə hüquqi təminatlar yaradır.
Azərbaycan modeli nə ilə fərqlənir?
Azərbaycanın qəbul etdiyi dəyişikliklərdə də beynəlxalq praktikada rast gəlinən elementlər var.
Bunlara yaş məhdudiyyəti, valideyn nəzarəti, uşaqlar üçün məxfiliyin gücləndirilməsi, manipulyativ dizayn elementlərinin məhdudlaşdırılması və zərərli məzmunla mübarizə daxildir.
Lakin Azərbaycan modeli yalnız uşaqların müdafiəsi ilə məhdudlaşmır.
O, eyni zamanda beynəlxalq platformalarla dövlət arasında hüquqi münasibətlərin yeni formasını müəyyənləşdirir və platformaların yerli hüquqi tənzimləmə sisteminə daha sıx inteqrasiyasını nəzərdə tutur.
Əsas müzakirə mövzusu
Qanunun tərəfdarları hesab edirlər ki, qlobal texnologiya şirkətləri fəaliyyət göstərdikləri ölkələrin qanunlarına əməl etməli, uşaqların təhlükəsizliyi və istifadəçilərin hüquqları daha effektiv qorunmalıdır.
Tənqidçilər isə bildirirlər ki, platformaların yerli nümayəndəlik yaratması, dövlət sorğularına məcburi cavab verməsi və sanksiyalarla üzləşməsi onların qərarlarına təsir göstərə, nəticədə onlayn ifadə azadlığı üçün əlavə risklər yarada bilər.
Hazırda bu sualın dəqiq cavabı yoxdur.
Ekspert Arzu Qeybulla deyir ki, bunun necə nəticələnəcəyini qanunun praktik tətbiqi göstərəcək.
“Kağız üzərində bu dəyişikliklər tanınmış beynəlxalq modellərdən götürülüb. Amma tənzimləmə heç vaxt yalnız qanunun mətnindən ibarət deyil. Əsas məsələ həmin qanunun tətbiq olunduğu institusional mühitdir. Azərbaycanın yanaşması da məhz burada Almaniyadan, Avstraliyadan və Avropa İttifaqından köklü şəkildə fərqlənir”.
Bir məqam artıq aydındır: son illərdə qəbul edilən qanun dəyişiklikləri göstərir ki, Azərbaycan rəqəmsal məkanı təkcə texniki infrastruktur kimi deyil, hüquqi baxımdan da daha geniş şəkildə tənzimləməyə çalışır. Yeni sosial media paketi də bu prosesin indiyədək qəbul olunmuş ən geniş hüquqi mərhələlərindən biri hesab oluna bilər.
Əgər yeni mexanizmlər yalnız uşaqların təhlükəsizliyi, şəxsi məlumatların qorunması və platformaların şəffaf fəaliyyətinin təmin olunması məqsədilə tətbiq edilərsə, hökumətin irəli sürdüyü arqumentlər öz təsdiqini tapa bilər.
Ancaq bu səlahiyyətlər ifadə azadlığını məhdudlaşdırmaq, tənqidi məzmunu sıxışdırmaq və ya platformalar üzərində siyasi təsiri artırmaq üçün istifadə olunarsa, onda bu qanun paketi Azərbaycanın rəqəmsal məkanının daha sərt dövlət nəzarətinə keçidinin növbəti mərhələsi kimi qiymətləndiriləcək.
“2017-ci ildən bəri atılan addımların hər biri müxtəlif adlarla təqdim olunub — modernləşmə, media peşəkarlığı, dezinformasiya ilə mübarizə, uşaqların qorunması. Amma bütün bu addımlara birlikdə baxanda istiqamət birmənalı görünür: söhbət epizodik senzura praktikasından daimi, institusionallaşmış nəzarət infrastrukturuna keçiddən gedir”, – Arzu Qeybulla belə deyir.
Məhz buna görə də bu dəyişikliklərin gələcəkdə necə tətbiq ediləcəyi, hansı məzmunun məhdudlaşdırılacağı, platformaların dövlət tələblərinə necə reaksiya verəcəyi və məhkəmələrin bu prosesdə hansı rol oynayacağı yeni qanunların özündən heç də az əhəmiyyət daşımır.
Çünki rəqəmsal dövrdə ifadə azadlığı təkcə insanların nə yazması ilə deyil, həmin fikirlərin hansı platformalarda, hansı qaydalar çərçivəsində və kimin müəyyən etdiyi hüquqi sərhədlər daxilində yayıla bilməsi ilə də ölçülür.