Paşinyanı tənqid edən həkim və hüquqşünas işdən çıxarılıb

Nikol Paşinyan – Foto: Baş nazirin səhifəsi

Ermənistanda həkim və hüquqşünas hökuməti tənqid etdiklərinə görə işdən çıxarıldıqlarını bildirirlər. 

AzadlıqRadiosunun erməni xidməti yazır ki, dövlət poliklinikasında çalışan ginekoloq Arpine Soğoyan və Yerevan Dövlət Universitetinin hüquq müəllimi Ruben Melikyan işlərini itiriblər. Hər ikisi bunu siyasi baxışlarına görə təqib kimi qiymətləndirir.

Soğoyan mayın 18-də Paşinyanın seçkiqabağı görüşü zamanı ona yaxınlaşıb, qardaşı, hərbi həkim Hrant Papikyanın 2020-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşməsinə görə hökuməti ittiham edib.

Paşinyan Soğoyanı kənara itələyib, onun ittihamlarına sərt reaksiya verib və qadını Ermənistanın əsas müxalif qüvvələri ilə əlaqələndirib, həmin siyasətçiləri “siyasi səhnədən siləcəyinə” söz verib. Hadisənin videogörüntüləri Ermənistan ictimaiyyətində geniş rezonans doğurub.

İlkin məlumatlara görə, Soğoyana poliklinikanın ginekologiya şöbəsinin müdiri vəzifəsindən istefa verməsi üçün təzyiq göstərilib. Həmin vaxt Yerevan meri Tiqran Avinyan onun siyasi baxışlarına görə işdən çıxarılmayacağını bildirmişdi.

Soğoyan bildirir ki, həmin insidentdən təxminən iki ay sonra çalışdığı dövlət poliklinikasında ginekologiya şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılıb. O, bazar ertəsi poliklinika rəhbərliyindən ştatının ləğv edildiyini bildirən məktub aldığını açıqlayıb.

Yerevan meriyası isə Soğoyanın işdən çıxarılmasını siyasi səbəblərlə deyil, səhiyyə sistemində aparılan struktur dəyişiklikləri ilə izah edib. Meriyanın açıqlamasına görə, milli səhiyyə sığortası sisteminin tətbiqi fonunda poliklinikalarda optimallaşdırma və ixtisarlar aparılır. Meriya həmçinin bildirib ki, Soğoyana alternativ vəzifə təklif edilməməsi onun səhhəti ilə bağlı olub.

Soğoyan isə bu arqumentləri rədd edir. O, 21 il ərzində çalışdığı tibb müəssisəsində heç vaxt xəstəlik məzuniyyəti götürmədiyini, səhhətində heç bir problem olmadığını bildirərək, əsl səbəbin Paşinyanı açıq şəkildə tənqid etməsi və müxalif baxışları olduğunu deyib. Həkim qərardan məhkəməyə şikayət edəcəyini açıqlayıb.

Oxşar iddiaları Yerevan Dövlət Universitetində 23 il hüquq dərsi demiş Ruben Melikyan da səsləndirib. Müxalifət fəallarının və hökumət tənqidçilərinin vəkili kimi tanınan Melikyan bildirib ki, universitet rəhbərliyi onun əmək müqaviləsini yeniləməyəcəyini açıqlayıb. O hesab edir ki, qərar insan hüquqları sahəsində fəaliyyəti və Paşinyan hakimiyyətini tənqid etməsi ilə bağlıdır. Universitet rəhbərliyi isə məsələ ilə bağlı şərh verməyib.

Son aylarda dövlət sektorunda çalışan daha bir neçə şəxs – Dərman Vasitələrinin Tənzimlənməsi Agentliyinin rəhbər müavini Lilit Qazaryan, Armavir şəhərindəki dövlət kollecinin müəllimi və müxalif  “Güclü Ermənistan” blokunun namizədi Hayastan Hakobyan, eləcə də Yerevan Dövlət Universitetinin bəzi müəllimləri də siyasi baxışlarına görə işdən çıxarıldıqlarını iddia ediblər. Ermənistan hakimiyyəti isə bu ittihamları qəbul etmir və kadr dəyişikliklərinin inzibati səbəblərlə bağlı olduğunu bildirir.

Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində qalib gəlib. Seçki prosesi müxalifət tərəfindən tənqid olunub. Seçkilərdən sonra da hökumət və müxalifət arasında qarşıdurma davam edib, bir sıra müxalifət fəalları və siyasətçilər həbs olunub. Onlar və müxalifət qüvvələri bu həbslərin siyasi təzyiq olduğunu bildirir, Ermənistan hakimiyyəti isə bunu rədd edir.

Ana səhifəDünyaPaşinyanı tənqid edən həkim və hüquqşünas işdən çıxarılıb