Paşinyan müxalif liderin zavodlarını dövlət nəzarətinə keçirir

Qaqik Tsarukyan, arxiv foto

Ermənistanın Baş naziri Nikol Paşinyan oliqarx və müxalifətçi siyasətçi Qagik Tsarukyana məxsus “Ararat Cement” zavodunun tezliklə dövlət nəzarətinə keçəcəyini bildirib.

OC media yazır ki, cümə axşamı açıqlanan bu addım iyulun 6-da çirkli pulların yuyulması ittihamı ilə həbs olunan Tsarukyana qarşı son təzyiq kimi qiymətləndirilir.

“Ararat Cement çox tezliklə dövlət mülkiyyətinə keçəcək və müəyyən edilmiş prosedura uyğun olaraq rəhbər təyin ediləcək”, – Paşinyan milliləşdirmə prosesinin vaxtı barədə məlumat vermədən deyib.

Paşinyan zavodun milliləşdirilməsi məsələsini ilk dəfə qaldırmır. İyunun 7-də keçirilən parlament seçkilərindən əvvəl o, fabriki Tsarukyanın biznes imperiyasının “onurğa sütunu” adlandırmış və 2000-ci illərin əvvəllərində onun özəlləşdirilməsi zamanı qanun pozuntularına yol verildiyini iddia etmişdi.

Tsarukyanın saxlanıldığı gün zavodda da hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb və müəssisə möhürlənib. Zavodda təxminən 1 000 nəfər çalışır. Onların çoxu müəssisənin bağlanmasına etiraz edərək işin dayandırılmasının gəlirlərinə zərbə vurduğunu bildirib.

Paşinyan isə öz növbəsində onların hakimiyyətin “göstərişini” pozduğunu deyib və işdən çıxarılmaları ilə hədələyib. Bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Cümə axşamı iqtisadiyyat nazirinin müavini Edqar Zakaryan polis və zavod işçiləri arasında danışıqların davam etdiyi müəssisəyə gəlib. Zavod rəhbərliyi ilə görüşdən sonra Zakaryan “fabrik artıq fəaliyyətini bərpa edir” deyə açıqlama verib.

“Ümid edirəm ki, kiçik texniki maneələr bir neçə saat ərzində aradan qaldırılacaq və sabah müəssisə tam gücü ilə işləyəcək”, – o əlavə edib.

Son vaxtlar Tsarukyanın biznes imperiyasının digər əsas dayaqları da təhlükə altına düşüb. İyun ayında ona məxsus “Shangri La” kazinosunun fəaliyyət lisenziyası ləğv edilib.

Həmin vaxt iqtisadiyyat naziri Gevorq Papoyan ilin əvvəlində aparılan yoxlama zamanı oyun aparatlarının sayğaclarında maliyyə uyğunsuzluqlarının aşkarlandığını bildirmişdi.

Cümə axşamı, görünür, bununla əlaqəsi olmayan başqa bir hadisədə Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının siyahısı üzrə deputatlığa namizədi Areqnaz Manukyan dövlət sirrini yaymaqda şübhəli bilinərək həbs edilib. İşin Tsarukyanın partiya siyahısında yer alan digər müxalif siyasətçi Andranik Tevanyan barəsində daha əvvəl başlanmış dövlətə xəyanət istintaqı ilə əlaqəli olduğu görünür.

“Çiçəklənən Ermənistan” iyun ayında keçirilən seçkilərdə parlamentə keçmək üçün tələb olunan həddi cüzi fərqlə aşa bilməyib.

Manukyanın həbsinin Tsarukyana qarşı işlə bağlı olub-olmadığı aydın deyil. Tsarukyanın vəkili Yerem Sarqsyan bildirib ki, onun müvəkkili dələduzluğa və çirkli pulların yuyulmasına yardım etməkdə ittiham olunur. Sarqsyan həmçinin iddia edib ki, Tsarukyan “zərərçəkmiş kimi tanınmalı olduğu” bir iş çərçivəsində saxlanılıb.

Çərşənbə günü İstintaq Komitəsi Tsarukyana qarşı iş üzrə daha bir şəxsin həbs edildiyini bildirib, lakin əlavə təfərrüat açıqlamayıb.

Sarqsyanın izahına görə, iş Ermənistanla İran arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə erməni–iran palatasının yaradılması ilə bağlıdır. Onun sözlərinə görə, təklif olunan palata dövlətin zəruri icazələrini alıb və “əhəmiyyətli investisiyalar yatırılıb”. Lakin o bildirib ki, bəzi İran vətəndaşları “sui-istifadələrə yol veriblər” və bundan sonra Tsarukyan onları məhkəməyə verib.

“Onun iştirakı olan təşkilatı zərərçəkmiş kimi tanımaq əvəzinə, Qagik Tsarukyanı təqsirləndirilən şəxs etmək qərarına gəliblər”, – Sarqsyan deyib və həbsi siyasi motivli hesab etdiyini əlavə edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərPaşinyan müxalif liderin zavodlarını dövlət nəzarətinə keçirir