Gürcüstanda müxalif siyasətçi Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib

Aleko Elisashvili. Foto: Mariam Nikuradze/OC Media.

Gürcüstanda müxalif siyasətçi Aleko Elisaşvili terrorçuluqla bağlı ittihamlar üzrə 13 il müddətinə azadlıqdan məhrum edilib. O, Tbilisi Şəhər Məhkəməsinin binasını yandırmağa cəhd etməsi ilə əlaqədar 2025-ci ilin noyabrından həbsdə saxlanılırdı.

OC Media yazır ki, hakim Giorgi Gelaşvili hökmü cümə günü elan edib. Elisaşvili məhkəmə iclasında iştirak edib və son sözünü deyib, lakin Baş nazir İrakli Kobaxidzeni və Baş nazirin müavini Mamuka Mdinaradzeni söydükdən sonra məhkəmə zalından çıxarılıb.

Yerli medianın məlumatına görə, Elisaşvili zaldan çıxarılarkən Rusiyanı da söyərək “Gürcüstana və Ukraynaya eşq olsun!” deyə qışqırıb. Bundan sonra məhkəmə zalında alqışlar başlayıb və hakim Gelaşvili iclasa fasilə verib.

Elisaşvili irəli sürülən ittihamlar üzrə 15 ilədək həbs cəzası ilə üzləşirdi.

Elisaşvili 2025-ci il noyabrın 29-da səhər saatlarında saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, Elisaşvili maskalı vəziyyətdə çəkiclə pəncərəni sındıraraq məhkəmənin dəftərxana binasına daxil olub. Qurumun yaydığı görüntülərdə bir şəxsin bina daxilində, o cümlədən masaların, avadanlığın və sənədlərin üzərinə maye tökdüyü görünür.

İstintaqın bildirdiyinə görə, Elisaşvili dəftərxananı yandırmaq niyyətində olub, lakin məhkəmə mühafizəçiləri buna mane olublar. Maskalı şəxslə mühafizəçilər arasında baş verən qarşıdurma yayımlanan görüntülərdə yalnız qismən əks olunub.

Məhkəmənin dəftərxanası əsas məhkəmə binasından ayrı yerləşən və onunla dəhliz vasitəsilə birləşdirilən şüşə fasadlı binadadır.

Elisaşvili maskalı şəxsin özü olduğunu inkar etməyib və “ədalətsizliyi” yandırmaq istədiyini deyib. Məhkəmə prosesi zamanı o, hüquq-mühafizə orqanlarının hökumət əleyhinə etirazçılara qarşı zorakılığını xatırladıb.

“Elə qızlar var idi ki, deyirdilər: ‘Polis əməkdaşı ağzıma tüpürdü və o qədər qorxdum ki, altımı islatdım’. Mən özümlə necə yaşaya bilərdim? Bu ölkədə hər səhər necə oyana bilərdim?” – Elisaşvili aprel ayında iş üzrə keçirilən ilk mahiyyəti üzrə dinləmədə deyib.

“Ya sizi bir-bir öldürməli idim, avtomat götürüb hamınıza atəş açmalı idim; hətta düşündüm ki, bunu edənlərin hamısını evlərinin qarşısında gözləyib bir-bir öldürmək lazımdır. Ya da etdiyim, amma başa çatdıra bilmədiyim şeyi etməli idim. Mən qorxmuram, mənə terrorçu və ya istədiyiniz başqa adı verin. Etdiyim hərəkətlərə görə məsuliyyət daşıyıram”, – o əlavə edib.

Cümə günü keçirilən son məhkəmə iclasında Elisaşvili həmçinin bildirib ki, “baş verən hər şey məni boğurdu, buna görə etiraz etdim. Mən sadəcə televiziya studiyalarında oturub bu şəkildə etiraz edə bilməzdim”.

Müxalif Vətəndaşlar Partiyasının təsisçisi olan Elisaşvili əvvəllər də cinayət işi üzrə istintaqa cəlb edilib. 2024-cü ilin dekabrında o, “Gürcü Arzusu” Partiyasının üzvü Əli Babayevə qarşı siyasi motivli olduğu iddia edilən hücuma görə saxlanılmışdı. Elisaşvili sonradan girov müqabilində azadlığa buraxılıb və yalnız Babayev tərəfindən təhqir edildikdən sonra hərəkətə keçdiyini bildirib.

Daha əvvəl, 2024-cü ilin aprelində mübahisəli “xarici agentlər” qanununa qarşı etirazlar zamanı Elisaşvili polisin onu döydüyünü və üzündə də daxil olmaqla görünən xəsarətlər aldığını bildirmişdi. Hadisə onun parlamentdə “xarici agentlər” qanununun müzakirəsi zamanı hakim partiyanın parlament fraksiyasının o vaxtkı sədri, hazırda isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olan Mamuka Mdinaradzeni yumruqlamasından cəmi bir neçə gün sonra baş vermişdi.

Elisaşvili 2024-cü il mayın 1-də etiraz aksiyasının dağıdılması zamanı çevik polis qüvvələri tərəfindən də döyülüb.

İttihamla bağlı mübahisə

Daxili İşlər Nazirliyi əvvəlcə noyabr hadisəsi ilə bağlı özgənin əmlakını zədələmə və ya məhv etmə maddəsi ilə cinayət işinin aparıldığını bildirmişdi. Bu maddə bir ildən beş ilədək həbs cəzası nəzərdə tutur. Lakin sonradan Baş Prokurorluq Elisaşviliyə terrorçuluq ittihamı veriləcəyini açıqlayıb. Bu ittiham daha ağır cəza nəzərdə tutur.

Onun vəkillərinin fikrincə, ittihamın ağırlaşdırılaraq yenidən təsnif edilməsi Elisaşviliyə qarşı “siyasi motivli” təqibin bir hissəsidir.

“Əməlin nəticəsi sındırılmış bir pəncərə olub, lakin ittiham tərəfi bunu terror aktı, təqsirləndirilən şəxsi isə təhlükəli cinayətkar kimi təqdim edir. Təqsirləndirilən şəxsin məqsədi ictimai qorxu yaratmaq və ya məhkəmə sistemini sabitsizləşdirmək olmayıb. Onun hərəkətləri buna səbəb ola bilməzdi və olmayıb”, – Elisaşvilinin vəkili Arçil Çopikaşvili aprel ayında bildirib və Gürcüstan Cinayət Məcəlləsində terrorçuluğun tərifinə diqqət çəkib.

Prokurorluq isə bu mövqe ilə razılaşmayaraq Elisaşvilinin məqsədinin məhkəmə sistemini “sabitsizləşdirmək” olduğunu bildirib. Prokurorluğun fikrincə, bu, terrorçuluq cinayətinin tərkib elementlərindən biridir.

“Cinayət Məcəlləsi əməlin hüquqi tövsifi zamanı başa çatdırılmış cinayətlə başa çatdırılmamış cəhd arasında fərq qoymur”, – prokuror Ani Xubecişvili iyulun 6-da bildirib.

Məhkəmə prosesi zamanı prokurorluğun dindirdiyi şəxslər arasında məhkəmə mühafizəçiləri də olub. Onlardan biri Elisaşvilinin saxlanılmağa müqavimət göstərərkən onu dişlədiyini və müxtəlif anlarda silahı çıxararaq ona və digər mühafizəçiyə tuşladığını bildirib.

Müdafiə tərəfi isə bu ifadə ilə görüntülər arasında uyğunsuzluqlara diqqət çəkib. Videoda silahın Elisaşvilinin qoburundan məhz mühafizəçilər tərəfindən çıxarıldığı görünür. Elisaşvili də daha əvvəl bildirmişdi ki, videoda görünən odlu silah “qarşıdurma zamanı yerindən çıxıb” və onun silahdan istifadə etmək niyyəti olmayıb.

Baş Prokurorluğun yaydığı görüntülərdə mühafizəçilərin şübhəli şəxsi artıq tam nəzarət altına aldıqdan sonra da vurduqları görünür.

Elisaşvilinin işi üzrə məhkəmə araşdırması davam etdiyi vaxt, 2026-cı ilin martında ona qarşı daha bir ittiham irəli sürülüb. Prokurorluğun iddiasına görə, o, 2025-ci ilin mayında oxşar cinayəti başa çatdırıb. İddiaya əsasən, Elisaşvili yandırıcı maddəni pəncərədən Tbilisi məhkəməsinin arxiv otağına atıb və nəticədə içəridə yanğın baş verib. Bundan sonra o, digər otağa bitişik pəncərəni və elektrik naqillərini də yandırıb.

Bu ittihamı şərh edən Elisaşvilinin vəkilləri iddiaları rədd edib və istintaqı “saxta iş düzəltməkdə” günahlandırıblar. Onlar bildiriblər ki, noyabr hadisəsi üzrə “prokurorluq terrorçuluq ittihamını əsaslandıra bilmədi və indi Aleko Elisaşvilini məhkəmədə ötən il baş vermiş, indiyədək heç kimin eşitmədiyi yanğında günahlandırır”.

“Əslində bu, müxalif siyasətçini nüfuzdan salmağa və ictimaiyyətin gözündə cinayətkar kimi təqdim etməyə yönəlmiş kampaniyanın davamıdır”, – vəkillər bildiriblər.

Elisaşvili ikinci epizod üzrə 10 ildən 15 ilədək həbs cəzası ilə üzləşir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcüstanda müxalif siyasətçi Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib