Xamenei ilə vida mərasimi: Yeni Ali Rəhbər Müctəba Xamenei dəfnə qatılmayacaq

ABŞ və İsrailin İrana birgə hücumu nəticəsində həyatını itirən İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei ilə vida mərasimi keçirilib.

Mərasimdə bir çox ölkənin dövlət başçıları, rəsmi nümayəndələr iştirak edib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin də mərasimdə iştirak üçün Tehrana gəldiyi bildirilir.

Ali rəhbərlə vida üçün Tehrana gələnlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan da olub.

Bundan öncə vida mərasimi ilə bağlı yürüdülən təxminlər arasında, mərasimə qoşulacaq şəxslərin sayının 15-20 milyon nəfər olacağı deyilirdi.

Xameneinin vida mərasimi iyulun 4-dən 9-dək Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində keçiriləcək.

Öldürülən Ali Rəhbərin bir neçə şəhərdə keçiriləcək vida mərasimi ilə bağlı İran rəhbərliyi bir sıra təhlükəsizlik tədbirləri həyata keçirib.

İran Qızıl Aypara Cəmiyyətinin verdiyi rəsmi bəyanata görə, prosesə ümumilikdə 67 000 nəfər cəlb olunub. Bunun 30 000 nəfəri birbaşa hərbi personal və təhlükəsizlik qüvvələridir. Mərasimlərin keçiriləcəyi əsas şəhərlər olan Tehran və Məşhəd üzərində müvəqqəti hava məkanı məhdudiyyətləri tətbiq edilib.

İran hakimiyyəti keçmişdə Ayətullah Xomeyninin  və 2020-ci ildə Qasım Süleymaninin dəfn mərasimlərində baş verən və ölümlə nəticələnən izdiham sıxlıqlarının təkrarlanmaması üçün xüsusi “təhlükəsizlik xəritəsi” hazırlayıb. Rəsmilər izdihamı yuxarıdan izləmək və tabutun təhlükəsiz hərəkətini təmin etmək üçün helikopter qruplarını və hava patrullarını işə salıblar.

Dəfn prosesindən qabaq bir çoxlarını maraqlandıran əsas sual da, atasının yerinə Ali Rəhbər postuna seçilmiş Müctəba Xameneinin dəfnə qatılıb-qatılmayacağı, cənazə namazını qılıb-qılmayacağı idi.

Lakin verilən rəsmi açıqlamalara görə, mart ayında İranın yeni Ali Rəhbəri seçilən Müctəba Xamenei təhlükəsizlik səbəbindən dəfn mərasimlərinə qatılmayacaq.

Xameneinin cənazəsi Məşhəddəki İmam Rza türbəsində dəfn olunacaq.

İranın keçmiş Ali Rəhbəri Ayətullah Əli Xamenei 2026-cı il fevralın 28-də paytaxt Tehran şəhərində öldürülüb.

O, ABŞ və İsrail qüvvələrinin Tehranın strateji nöqtələrinə və Ali Rəhbərin iqamətgahına təşkil etdiyi genişmiqyaslı birgə hava hücumları  nəticəsində həyatını itirib. İran hökuməti və dövlət mediası onun ölüm xəbərini bir gün sonra, yəni 1 mart 2026-cı ildə rəsmən təsdiqləyib.

Hücum zamanı iqamətgahda olan bəzi ailə üzvləri və yaxın köməkçiləri də həlak olub. Bu hadisədən sonra ölkədə 40 günlük rəsmi matəm elan edilib, onun yerinə isə oğlu Müctəba İranın yeni Ali Rəhbəri təyin olunub.

Atası Əli Xameneinin öldürülməsindən və özünün yeni lider təyin olunmasından bəri – təxminən 4 aydır Müctəba Xamenei tamamilə gizli fəaliyyət göstərir və heç bir kütləvi tədbirdə ictimaiyyət qarşısına çıxmayıb.

Ana səhifəDünyaXamenei ilə vida mərasimi: Yeni Ali Rəhbər Müctəba Xamenei dəfnə qatılmayacaq