“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından yazır. Yazını olduğu kimi təqdim edirik:
Televiziyada hakimiyyətin “milli-mənəvi dəyərlər”ə qarşı başlatdığı sifarişli kampaniyanı izləyirəm, əlimdə isə norveçli həmkarım, jurnalist-yazar Erika Fatlandın “Sovetistan” kitabı.
Kitab 1991-ci ildə dağılan Sovet imperiyasının dağıntıları altında qalan və çoxları üçün müəmmalı olan postsovet ölkələrinə – Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana yazarın səyahət qeydlərini əks etdirir.
Mən isə elə ilk bəhsdəyəm: Türkmənistanda..
Müəllifin qeydlərini oxuduqca ölkəmizin necə sürətlə Türkmənistanlaşdığını ürək ağrısı ilə seyr edir və düşünürəm: ölkəmizin insanını qarşıda daha hansı fəlakət gözləyir?
Bütün bu sualların fonunda kitabdakı bəzi faktları gözəlim Azərbaycanda baş verənlərlə müqayisə edirəm:
– İnternet səhifələrinin çoxuna giriş bloklanıb. Misal üçün: “Facebook”, “Twitter”, “Youtube” – mən etiraz etdim.
– Onu cavanları qorumaq üçün ediblər. Bir çox qız öz lüt şəkillərini “Facebook”da paylaşır. “Gözəl prezidentimiz” “Facebook”a girişi qadağan etməklə onlara ailələrinin və özlərinin şərəfini qorumaqda kömək edir.
– “Facebook”da lüt şəkil paylaşmaq mümkün deyil, platforma özü şəkli bloklayır.
– Doğrudan, mümkün deyil? Yaxşı, bəs onda “Gözəl prezidentimiz” “Facebook”a girişi niyə qadağan edib?
Bu dialoq Erika ilə onun türkmən bələdçisi Aslanın arasında baş tutur. Əslində, Aslan tək deyil, bu gün qorxu və avamlıqdan hər cümləsinə “Gözəl prezidentimiz” deyə başlayan bir çox sadəlövh türkməni düşündürən suallardır bunlar…
Müəllif həm Saparmurad Niyazovun – Türkmənbaşı, həm də Qurbanqulu Berdımuhammedovun – Arxadağın dövründəki Türkmənistanı öz səyahət qeydlərində real faktlarla tam çılpaqlığı ilə təsvir edir. Bu əsnada Azərbaycan TV-ləri xaricə səyahət etmək istəyən bir qızın sosial şəbəkələrdə paylaşdığı videonu tez-tez ekranlara gətirib sosial platformaların necə də təhlükəli olduğunun anonsunu verirlər. Bütün bu müqayisələrin bizim də “Gözəl prezidentimiz”in “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk Dövlətləri Birliyidir” fikri Orta Asiyaya necə inteqrasiya etdiyimizi aydın göstərir.
Müəllif Sovet şinelindən çıxan postsovet ölkələrində bir çox oxşarlıqları da müqayisə edir:
“Türkmənistan Kommunist Partiyası adını dəyişib oldu Türkmənistan Demokrat Partiyası…”
Bu, bir çox postsovet ölkələri üçün xarakterik idi, çünki müstəqillik dövründə bu ölkələrin hamısında Sovet KQB-sinin kadrları hakimiyyətə gəldi, təkcə Baltik ölkələri imperiyanın dağıntılarından xilas oldu.
Erika əhalisi kasıb, amma şəhərləri kəhkəşanlı bu ölkələrin ekzotik gözəlliklərinə də diqqət çəkir:
“Hansı tərəfə çevrildimsə, eyni mənzərə ilə qarşılaşdım: parıldayan ağ mərmər. Hündür binaların arasından keçən maşın yolu, həqiqətən də, neft ölkəsinə layiq idi: səkkiz zolaqlı, geniş və xüsusi dizayn verilmiş küçə fənərləri ilə işıqlandırılmış… Hündürmərtəbəli binalar ağ ipəyə bürünmüş əzəmətli və hündür, amma şəxsiyyətdən məhrum meşələr kimi…”
Bütün bu gerçəkliklər ölkəmizlə eyniyyət təşkil edir. Məsələn, bir müddət dünyanın ən hündür – 133 metrlik bayraq dirəyi Aşqabadda olub: vətəndaşı elementar hüquq və azadlıqlardan məhrum olan bir ölkənin paytaxtında. İki il sonra – 2010-cu ildə Azərbaycan 162 m-lik bayraq dirəyi ilə “qardaş ölkə”ni kölgədə qoyub. Qəribədir, deyilmi? Vətəndaşı kölə, məhkəmələrinin 99 faizi ədalətsiz ölkələrin insan hüquq və azadlıqlarını asdıqları ən hündür bayraq dirəkləri…
Milli və mənəvi dəyərlərin keşiyində durduqlarını iddia edən siyasi sistemlər insanlığı deqradasiyaya uğradıblar, yaltaqlıq isə yaşam tərzinə çevrilib. Bunu “Olimpiya kəndi”ndən bəhs edən bir türkmənin təqdimatından aydın görmək olur: “Üzgüçülük hovuzu prezidentimizin uzaqgörmə siyasəti nəticəsində tərtəmizdir.”
Bu cümlə və onun ifadə etdiyi mənzərə, düşüncə və təfəkkürün iflasıdır.
Həm Türkmənbaşı, həm də Arxadağ haqqında ən populyar fikirlərdən biri də budur: “O, xalqının həyat şəraitini daha da yaxşılaşdırmaq üçün gecə-gündüz çalışır,” – həmsöhbəti Erikaya Arxadağ haqqında danışanda belə deyir.
Bu fikirlər isə mənə illər öncə dövlət katibi olan Lalə Şövkətin H. Əliyev haqqında dediklərini xatırladır: “Kişi yatmır, gecə-gündüz xəlqi düşünür.”
“Şəhərdə (Aşqabad) polis nəfərləri o qədər çoxdur ki, siz onsuz da daim nəzarət altındasınız”, – yazır Erika Fatland.
Bakıda, ümumiyyətlə, Azərbaycanda olan eyni mənzərədir. Türkmənistanda əcnəbilər üçün nəzərdə tutulan bütün hotellər dinlənilir, Azərbaycanda isə həm əcnəbilər, həm də vətəndaşlar üçün…
Aşqabadda ictimai yerlərdə siqaret çəkmək qadağandır. Bunu ona görə etmirlər ki, insanların sağlamlığı onların vecinədir. Ona görə edirlər ki, Türkmənbaşı 1997-ci ildə ürəyindən əməliyyat olunub, siqareti tərgidib. O tərgidibsə, kimin ağzı nədir ki, küçə-bacada siqaret çəksin. Azərbaycanda da ictimai yerlərdə siqaret çəkmək qadağan olunub: küçədə siqaret çəkən 30 manatdan 300 manatadək cərimə olunur, amma bu qərarın hansı hadisə ilə bağlı olması hələ ki müəmmalıdır. Aydın olan odur ki, bizim “Gözəl prezidentimiz” ümumiyyətlə siqaret çəkmir…
Sovetistandakı ölkələr bir imperiyanın əkiz övladlarıdır, hamısında oxşar qanunlar, oxşar idarəetmə yanaşması var. Məsələn, müəllif qeyd edir ki, “Prezidentin şərəf və ləyaqəti haqqında” qanun layihəsi prezidentin fikir və düşüncələri ilə razılaşmayan insanları cəzalandırmaq mümkündür. Bunu Azərbaycanla müqayisə etmək üçün siyasi məhbusların sayına, medianın, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların durumuna baxmaq yetərlidir.
Ölkənin ziyalı təbəqəsi tamamilə sındırılıb, ələbaxan və yaltaqdır, işləri ancaq “Gözəl prezident”in şəninə mədhiyyə qoşmaqdır.
“Diktatura yaxşı şeydir. “Gözəl prezidentimiz” sayəsində ölkəmizdə hazırda sabitlik, inkişaf və sülh hökm sürür”, – Erikanın həmsöhbəti olan başqa bir türkmənin söylədikləridir.
Yəqin, xatırlayırsınız: II Qarabağ müharibəsi zamanı yaltaq yazar-pozar tayfası, özünü ziyalı sayan nadanlar “Facebook”da ancaq bu fikirləri tirajlayırdılar: “Diktatura, avtoritarizm yaxşı şeydir, əgər demokratik ölkə olsaydıq, müharibədə qalib gələ bilməzdik”.
Hələ hakimiyyət eşalonunda “dönəklər” adlandırılan bəzi mövqeyini dəyişənlər “korrupsiya da yaxşı şeydir, müharibə üçün silahlar alınırmış” deyirdilər…
Müəllif yazır ki, Türkmənistanda Təhsil Nazirliyinin binası yarıaçıq, Media Nazirliyinin binası qapalı kitab şəklindədir. Burada heç bir mistika axtarmağa gərək yoxdur, yarıaçıq kitab təhsilin bəlli çərçivədə verildiyini ifadə edir, yəni “Ruhnamə” səviyyəsində. Mediaya gəlincə isə isə onun kitabı çoxdan bağlanıb. Düzdür, bizdə binalar eyni deyil, amma mahiyyət eynidir.
2008-ci ildə Türkmənistanda “tarakan olayı”ndan, yəqin ki, az da olsa məlumatınız var. 1 fevral saat 9-da xəbərlər proqramında bir tarakan gəlib, aparıcının stolunun üstündə gəzir. Buna əsəbiləşən “Gözəl prezident” proqramı ləğv edir, TV-nin 30 əməkdaşını işdən qovur. Oxşar hadisə bizdə də baş verib, hakimiyyətin nəzarətində olan ANS-in bir suala görə bağlanması hər kəsə məlumdur, müstəqil medianın isə hansı isterikanın nəticəsində məhv edildiyi hələ ki, ictimaiyyətə aydın deyil. Aydın olan odur ki, diktaturalar müstəqil medianın məhv edildiyi şəraitdə qurulur.
Bu tip ölkələrdə “islahatlar” da heç bir iqtisadi əsasa söykənmir, yalnız diktatorun şəxsi istək və maraqlarına xidmət edir.
Burada yalnız bir məqsəd var: pula, büdcəyə qənaət.
Erika yazır ki, Türkmənistanda tam təqaüd almaq üçün adam gərək 38 il iş təcrübəsini sübut edə bilsin, həm də məhkəmənin, ədalətin olmadığı bir ölkədə. Bununla bağlı qanun qəbul edilir, nəticədə 100 000 insanın təqaüdü kəsilir, 200 000 nəfərin isə təqaüdü azaldılır. Bu sizə Sahil Babayevin “pensiya islahatı” dövründə 100 000-dən çox insanın eyni aqibətlə üzləşdiyini xatırlatmırmı? Bəs “Gözəl prezidentimizin” “onlara bu vəzifəyə mən təyin etmişəm, tapşırıqları da mən verirəm” sözləri necə?..
“Ümummilli lider” Türkmənbaşının təhsil sahəsindəki “islahatlar”ı və pula qənaəti nəticəsində 10 000 müəllim işdən qovuldu. Bəs bu necə, sizə Azərbaycanda “Müəllimlərin sertifikasiyası”nı xatırladırmı? Soruşan oldumu, bu savadsız dediyiniz müəllimləri kim işə götürmüşdü, Mozambik hakimiyyətimi?
2006-ci ildə qərar qəbul edildi ki, bütün əyalət xəstəxanaları bağlansın. Nəticədə 100 000 səhiyyə işçisi işdən qovuldu. Bu mənə Azərbaycanda rayonlarda tibb müəssisələrinin, mədəniyyət ocaqlarının, klubların bağlanmasını xatırladır. Belə bir yanaşma sərgiləyən hakimiyyət yalançı urbanizasiyanın qarşısını alıb insanları şəhərdən kəndə necə təşviq edə bilər? Hələ bu azmış kimi yolun, izin olmadığı rayon və kəndlərdə orta məktəbləri də birləşdirirlər.
Bu arada, Arxadağ at həvaskarıdır. Bütün at yarışlarının da qalibi özüdür. Bu yarışlarda kimsə onu irəli keçsə, hansı aqibətlə üzləşəcəyi bəllidir. Onun Azərbaycana son səfəri zamanı bəlli oldu ki, bizim “Gözəl prezidentimiz” də at həvəskarıdır. Hələ Arxadağın yanında qaşqa atı öpməsi də uzun müddət mavi ekranların gündəmi oldu.
Yeri gəlmişkən, 2012-ci ildə dövlət mediası (zatən, orada müstəqil media yoxdur) elan etdi ki, Türkmənistan ən yüksək xoşbəxtlik erasına qədəm qoyub. Bu tip reytinqlər ələbaxan təşkilatlar və hökumətyönümlü medialar vasitəsilə ölkəmizdə də tez-tez keçirilir…
Bəs siz necə, həqiqətən də, özünüzü xoşbəxt sayırsınızmı, əziz azərbaycanlılar?
P.S. Bu yazını bitirəndə TV-lərimiz belə bir xəbər yaydılar ki, Türkmənistan prezidenti, yəni Arxadağın varisi Azərbaycana rəsmi səfərə gəlib.
P.P.S. Bu kitaba görə həmkarım Erika Fatlanda təşəkkür edirəm.
Şəmşad Ağa
Bakı İstintaq Təcridxanası
22.06.2026