Fermer südünü sata bilmir, idxaldan asılılıq isə kəskin artır

Foto: shine.graphics\shutterstock

Bir neçə gündür ki, sosial mediada Füzulidən olan fermer Emin Həsənlinin istehsal etdiyi südün ucuz qiymətə alınmasına etiraz etdiyi video yayılır. Kiçik təsərrüfata sahib olan E.Həsənliyə südün 3 litrini 45 qəpiyə almağı təklif edirlər. Bu isə bir litr üçün 15 qəpik deməkdir.

O qeyd edir ki, məhsulunu bu qiymətə satmaqla çəkdiyi xərcləri ödəyə bilmir. Fermer 3 litr süd üçün ən azı 1 manat ödənilməsini tələb edir.

Hələ bu ilin may ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov süd tələbatının 100 faizinin yerli istehsal hesabına ödənilməsini qarşıda duran əsas çağırışlardan biri hesab edirdi. Nazir bildirirdi ki, ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 faiz artırılması nəzərdə tutulub.

Lakin müşavirənin üzərindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, ölkədə süd istehsalında ötən illə müqayisədə heç bir artıma nail olunmayıb.

Əksinə, idxal kəskin artıb. Bu ilin yanvar-iyul aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə süd idxalı çəkidə 40,9 faiz, dəyər ifadəsində isə 63,3 faiz artıb. Ötən ilin yanvar-iyul aylarında 9,3 min ton süd və qaymaq idxal edilmişdisə, bu ilin eyni dövründə bu göstərici 13,1 min tona çatıb.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında deyir ki, Azərbaycan hər il 250 milyon dollar, təqribən 425 milyon manat dəyərində süd və süd məhsulları idxal edir:

“Bu idxal da monopoliyadadır. Müəyyən məmurlar bu işlə məşğul olurlar. Onlar üçün problem deyil – inək sağmırlar, məhsulu qablaşdırmırlar, onun daşınması ilə məşğul olmurlar. Bunun hamısını həyata keçirənlər var. 250 milyon dollar dövriyyədən ən azı 50 milyon dolları məmura qazanc gətirir. İndi 50 milyon dollar qazanc əldə edən məmurun marağında olarmı ki, kimsə kənddə süd gətirib satsın?”

Ekspert deyir ki, hər il süd idxalı artır. Vaxtilə ölkəyə gətirilən cins heyvanlar isə lazım olan nəticəni verə bilməyib.

Azərbaycan kəndliləri istehsal etdikləri südü bazara çıxarıb sərfəli qiymətə sata bilmədikləri halda, idxala tələbat nədən yaranır?

Vahid Məhərrəmov deyir ki, burada əsas problemlərdən biri bir sıra xırda təsərrüfatların emal müəssisələrindən çox uzaqda yerləşməsidir. Bu zaman emalla məşğul olan sahibkarlara uzaq məsafələrdə yerləşən kəndlərdən süd yığmaq sərf etmir:

“Bu səbəbdən kəndlərdə kiçik təsərrüfatlar istehsal etdikləri məhsulu sata bilmirlər, alıcı yoxdur. Ona görə də narazılıq edirlər. Amma bu narazılıqlar hökumətə çatmır. Onların bazar iqtisadiyyatından anlayışları yoxdur”.

Ekspert təklif edir ki, xırda istehsalçıların ziyana məruz qalmaması, məhsullarını emal edib rahat sata bilmələri üçün fermerlər arasında kooperasiya yaradılmalıdır:

“Onlar istehsalı bir yerdə edə bilərlər. Əgər məhsullarının yaxşı qiymətə satılmasını, qablaşdırılıb marketlərə çıxarılmasını istəyirlərsə, bunun üçün müasir avadanlıqlar almalıdırlar. Yəni bu işlə ciddi məşğul olmalıdırlar. Buna da vəsait lazımdır. Hökumətin əsas borcu isə ucuz, faizsiz kredit resurslarına əlçatanlığı təmin etməkdir. Fermerlər isə istehsal etdikləri məhsulun emalını və bazara çıxarılmasını özləri təşkil etməyi bacarmalıdırlar. Emal edilmiş məhsulu bazara çıxarmaq çox asandır. Çünki xarab olmur. Müəyyən temperaturda olan yük maşınlarında daşıyıb Bakı və iri şəhərlərdə marketlərə təqdim etmək olar. Yaxud da onlar istehsal etdikləri məhsulu ev şəraitində emal edib qatıq, pendir, xama və kənd kərə yağı şəklində bazara çıxara bilərlər. Belə olan halda süd xarab olmayacaq”.

Mütəxəssis əlavə edir ki, litri 15 qəpiyə alınan süd marketlərdə iki manata satılır. Onun sözlərinə görə, südün marketlərdə daha baha qiymətə satılmasının əsas səbəblərindən biri yaxşı qablaşdırmadır:

“Məhsul qablaşdırılanda onun üzərində istehsalçı və saxlanma müddəti haqqında məlumat olur. Yaxud da hələ də primitiv qaydada kola butulkalarına dolduraraq Bakı və digər iri şəhərlərdə satanlar var. Amma şikayət edən fermer istəyir ki, hökumət ondan südü alsın. Amma o elə başa düşməsin ki, hökumət südü ondan 16 qəpiyə alacaq. Əksinə, 14-13 qəpiyə alacaq. Ona görə ki, arada vasitəçi olur. Burada da qiyməti diktə etmək mümkün deyil. Südün yağlılığını aşağı göstərəcəklər. Bu hal indi geniş yayılıb. Sahibkarlar məmurları asanlıqla ələ ala bilirlər və istədiklərinə nail olurlar. Məhkəmədə də çox şeyi asanlıqla həll etmək olur”.

Ekspert deyir ki, kiçik fermerlərin işini Kənd Təsərrüfatı Nazirliyi təşkil etməlidir:

“Kəndlərdə xırda süd istehsalçılarının məhsullarının birgə emalını və satışını təşkil etməlidir. Kənddə elə adamlar olmalıdır ki, onlar məhsulları kənddən yığsınlar və bazara çıxarsınlar”.

Ana səhifəSosialFermer südünü sata bilmir, idxaldan asılılıq isə kəskin artır