Starmer getdi, Bernham baş nazirliyə ən yaxın namizəd sayılır

Foto: Shutterstock\repic

Mançesterin sabiq meri Endi Bernamın Böyük Britaniyanın növbəti Baş naziri olacağı ehtimalı gündəmdədir. Hazırkı Baş nazir Kir Starmerin istefa qərarından sonra Leyboristlər Partiyasında liderlik uğrunda əsas favorit kimi məhz Bernamın adı çəkilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün vəzifəsindən getdiyini açıqlayıb. O bildirib ki, Leyboristlər Partiyası yeni sədr seçənədək hökumətə rəhbərlik etməyə davam edəcək.

Məlumata görə, istefanın əsas səbəbi partiya daxilində və hökumət kabinetində Starmerə qarşı artan narazılıq olub. Baş nazir özü də etiraf edib ki, partiya üzvləri onun növbəti seçkilərdə lider kimi qalmasını dəstəkləmədiklərini nümayiş etdiriblər. Onun sözlərinə görə, bu mövqeni nəzərə alaraq istefa vermək qərarına gəlib.

Starmer bildirib ki, iyulun 9-da Leyboristlər Partiyasında yeni liderin seçilməsi üçün kampaniya başlayacaq, iyulun 16-dək isə namizədlərin siyahısı dəqiqləşəcək. Siyasi müşahidəçilər hesab edirlər ki, partiyanın ən populyar simalarından olan Endi Bernam liderlik yarışında əsas namizəd olacaq. Əgər ona rəqib çıxmasa, Starmer səlahiyyətlərini artıq iyul ayında Bernama təhvil verə bilər. Rəqabətli seçki keçiriləcəyi halda isə yeni Baş nazirin sentyabra qədər müəyyənləşməsi gözlənilir.

Leyboristlər Partiyası Starmerin rəhbərliyi altında iki il əvvəl keçirilən seçkilərdə böyük qələbə qazanmışdı. Amma iqtisadi problemlər, qeyri-qanuni miqrasiya ilə bağlı gərginlik və ağır cinayətlərdə ittiham olunan Ceffri Epşteynin yaxın dostu Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ətrafındakı qalmaqal partiyanın populyarlığını kəskin şəkildə aşağı salıb.

Ana səhifəDünyaStarmer getdi, Bernham baş nazirliyə ən yaxın namizəd sayılır