“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, arqument.az saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından yazır.
Yazını olduğu kimi təqdim edirik:
“Həqiqətən, insan ziyan içindədir” – “Qurani-Kərim”in “Əsr” surəsindən götürülmüş bu ayə İlham Əzizin “Qəvvas” romanının epiqrafıdır. Məncə, bu ayə “Qəvvas”ın mahiyyətini tam ifadə edən ən mükəmməl ədəbi təhlil, əhatəli analizdir. Fərqi yoxdur burada məntiqi vurğu hansı sözün – “insan” və ya “ziyan” üzərində qoyulur, əsas odur ki, məzmun dəyişmir, məna itmir. Şübhəsiz ki, burada məntiqi vurğu “ziyan”ın üzərindədir və “ziyan”la “insan” antitezadır. Bu, ayədə də belədir, əsərdə də…
Əgər müqəddəs kitabdan götürülmüş “ziyan” sözünün semantikasına nəzər salsaq, epiqrafın əsərin süjetinə necə möhür vurduğunu aydın görərik. Maraqlıdır, burada möhür sonda deyil, əvvəldə vurulur və bütün düyünlər də bu açarın – ayənin altındakı mənada gizlənib: insan taleyinin mahiyyəti…
Təcridxanada bir İlhamın dustağı olub başqa bir İlhamın kitabını oxuyub ondan yazmağın zövqünü yaşayıram: Hegel sayağı dualizm…
Açığı, bu epiqrafı seçmək İlhamın ağlına haradan gəlib, bilmirəm, amma ayə bədii və məna yükü ilə yerinə oturub. Ya da mənə belə gəlir…
Yeri gəlmişkən, buna oxşar bir cümlə “Bibliya”da da qarşıma çıxmışdı: insan ziyana düşdükcə həqiqəti anlayır…
Əsərin fabulası əhvalat – romançılıq üzərində qurulub. Bu, Azərbaycan nəsr-romançılığı üçün ənənəvi və xarakterik xüsusiyyətdir. İndiyə qədər iddialı danışıb: “Mən yeni nəfəs, yeni üslub gətirəcəyəm və ya gətirmişəm”, – deyənlərin heç biri bu ənənədən kənara çıxa bilməyib. Bunun çoxlu səbəbləri var, əsas səbəblərindən biri yazıçıların fərdi dil-üslub xüsusiyyətlərinin zəngin olmaması ilə bağlıdır. Onu da nəzərə alaq ki, ədəbiyyat dil hadisəsidir, yəni əsər hansı dildə yazılırsa, həmin dilin də hadisəsi sayılır. Azərbaycan ədəbi dili isə poeziya üzərində formalaşdığından nəsr üçün imkanları o qədər də zəngin deyil. Bu da başqa bir səbəbdir. Bundan başqa, Azərbaycan nəsri talantdan və bədii təfəkkürdən çox “gör-götür” üzərində qurulub. Bunu təqlidçilik də saymaq olar.
Bütün bunlara rəğmən İlham sadə dillə rəvan sintaksis qurub, özünü ağıllı göstərib cümlələri mənasız metafora və ibarələrlə yükləməyib, daha çox mətn və onun mahiyyətini düşünüb. Bu üzdən də “Qəvvas”ı gün ərzində bir nəfəsə oxuyub bitirdim.
“Qəvvas” avtobioqrafik əsərdir, baş qəhrəmanı İlqar da elə İlhamın özüdür. Məncə, kimsə İlhamı onun özü kimi yaxşı tanıya, haqqında mükəmməl yaza bilməzdi.
Romanda hadisələrin düyünləndiyi yer-məkan “Çinar” kafesidir. Yəni süjetin bütün mahiyyəti “Çinar”dan Salyana qədər olan yol-məsafə qədərdir. Bir sözlə, obrazın mahiyyəti ilə taleyi arasındakı qarşıdurmada psixoloji məkan da hansısa nazirlik deyil, məhz “Çinar” kafesidir. Onun üçün həm özündən – şəhərdən qaçış, həm də Rusiyanın uzaq bir vilayətinə gedib oradan özünə qayıdış “Çinar” kafesindən başlayır. Yəni “Çinar” ziddiyyətli yolun başlanğıcıdır: baş qəhrəmanı öz təbiətindən qoparan və həqiqi kimliyinə qaytaran taksi dayanacağı…
Əsərdə hadisələr bizim üçün yaxın, yeni və gələcək nəsillər üçün uzaq 90-cı illərin əvvəllərində baş verir: bütün kataklizmlərin başlanğıcı olan təlatümlü illər…
“Mirbəşir!”, “Birləşin!” çağırışları, “Giyaməkə azadlıq!” şüarları da o dövrün siyasi dili, loqosudur. Maliyyə Nazirliyindəki anarxiya da həmin dövrdəki siyasi sistemin ümumiləşdirilmiş siyasi palitrasıdır. Arada düşünürəm: “Birləşin”i “Mirbəşir” kimi qavrayan bir cəmiyyətin, demokratiyanı anarxiya kimi anlayan bir xalqın indi sərt avtoritarizmdə, monarxiyaya doğru gedən bir ölkədə yaşaması təbiidir və bu qaranlıq tale onun öz seçimidir.
Əsərin qısa annotasiyasında qeyd olunur: “Romanın mərkəzində öz təbiətindən uzaq düşmüş bir insanın qayıdışı dayanır: yad məkanların sərt sınaqlarından keçərək o, nəhayət, özünə və kökünə dönməyə məcbur olur. Bu qayıdış, sadəcə, fiziki deyil, həm də mənəvi bir hesabatdır – keçmişin kökləri ilə üzləşmə və daxili təmizlənmə cəhdidir”.
Burada bir incə məqam diqqətdən qaçırılmamalıdır ki, qəhrəmanı öz təbiətindən və mahiyyətindən ayıran yad məkanların sərt sınaqları və uzaqlığı deyil, öz vətəninin – yaxının insan təbiətinə zidd olan uzaqlığı, biganəliyidir. Bu da, təbii ki, insan mərkəziyyətçiliyinin, fərdin kimliyinin, hüquqlarının kollektiv maraqlara, yalançı vətənpərvərlik şüarçılığına qurban verildiyi ölkə və cəmiyyətlər üçün xarakterikdir…
Həbsimdən bir neçə gün öncə “Facebook”da Xaqani Hasın bir şeirini paylaşmışdım:
– Bilirsəniz niyə pis qoxu gəlir şəhərimizdən,
çünki bir tikə çörək xatirinə
min tikə pox yeyir müasir insan…
Bunu romanda təsvir olunan bir neçə məqama, eləcə də nazirlikdə stolun üstünə düzülən “yemək bankaları”nın yaratdığı xoşagəlməz qoxudan və bu gün tez-tez işlənən “balama bir tikə çörək aparıram” üfunətinə qədər hər cür idbarlığa aid etmək olar. O dövrkü anarxiya və özbaşınalıqdan bu günün korrupsiyasına, avtoritarizminə qədər hər bir detal ölkənin və cəmiyyətin feodal – despotik mozaikasıdır.
Bu analogiyanı təsadüfən aparmadım. Çünki əsərdə təkcə insanın tamah məqsədilə öz mahiyyətindən, təbiətindən uzaq düşməsi vurğulanmır, həm də sistem və mühitin onu bu yola təhrik etdiyi önə çəkilir. Əqlisəlim oxucu bu incə məqamı, şübhəsiz ki, diqqətdən qaçırmaz. Amma təəssüf ki, yazıçının daxili senzurası keçmişlə bu günün müqayisəsini aparmağa, keçmişdən gələcəyə açıq mesajlar verməyə imkan verməyib. Yəni mən bu mesajları görmədim.
Romanın adına – “Qəvvas”a gəlincə, motivə uyğun, mahiyyətə mütənasibdir.
Qəvvas bir qurtum nəfəs alaraq dəryanın dibinə baş vurub sədəfi tapmalıdır və ya tapır. Burada əsərin adı kimi simvolizə edilmiş “Qəvvas” – baş qəhrəman, insan da öz içinə, mənəvi aləminə enməli, orada keçmişinə, kökünə aid saflığı tapıb üzə çıxarmalı, arzulamadığı və aid olmadığı kriminal aləmdən, yad bir dünyadan öz həqiqi mahiyyətinə qayıtmalıdır və qayıdır da. Onun üçün qayıdış da maddi məkan olaraq yeni “Çinar” kafesindən başlamalıdır və başlayır da…
– Bir sözlə, “Qəvvas” katarsisdir. Dostum Aristotel də belə analogiya aparardı. Ona görə də tövsiyə edirəm ki, “Qəvvas”ı oxuyun.
Yeri gəlmişkən, İraqdakı – uzaqdakı ruhun çağırışı da belədir:
“Olmayan qəvvası – bəhri-mərifət arif degil…”
Yazan: Şəmşad Ağa
Məkan: Zalımın zindanı
Zaman: 07.06.2026