Fərid İsmayılov: “Hikmət Hacıyevə silah yox, mikrofon uzatmışam”

Foto: Sosial media hesabından

“Toplum TV” işi üzrə həbs olunan jurnalist Fərid İsmayılov həbsxanadan yazır. Yazını olduğu kimi təqdim edirik:

İctimaiyyət üçün açıqlama

28 aydır cinayət törətməkdə ittiham edilirəm. Cinayət işi adlanan kağız yığınında mütəşəkkil dəstənin araşdırmaçı jurnalisti olduğum yazılır və araşdırdığım materialları istintaq orqanı sübut kimi qiymətləndirib. Bu fakt mənim niyə həbs olunduğumun sübutudur. Bildirirəm ki, heç vaxt nə cinayət törətmiş, nə də cinayətdə iştirak etmişəm. Amma jurnalist fəaliyyətim cinayət əməli hesab olunur. Dövlət qurumları belə təsdiq edir ki, yaşadığımız ölkədə jurnalistika cinayətdir.

Mən “Toplum TV”də Söyüdlü, Nabatkənd də daxil olmaqla, onlarla kənddə baş verənləri, parlamentdə yatan deputatları, zorakılığa məruz qalan vətəndaşların şikayətlərini, yuyulan dövlət büdcəsini izləyicilərə çatdırmışam.

COP29 tədbirində Azərbaycan hökumətinin rəsmilərindən insan haqları mövzusunda müsahibələr almışam, həmçinin Hikmət Hacıyevdən də müsahibə almışam. Bu da mənim həbsimə gətirib çıxardı. Hacıyevə silah yox, mikrofon uzatmışam, öldürməmişəm, sual vermişəm.

“Qanunsuz” suallar, reportaj, araşdırmalarıma görə 13 il müddətinə azadlıqdan məhrum edilməyim istənilir.

Misal olaraq, terrora açıq çağırış etsəydim, 5 il, təyyarə qaçırsaydım, 8 ilədək həbs cəzası ala bilərdim. Media eksperti Ələsgər Məmmədli hüquqi təlimlər yox, terrorçuluq məqsədilə təlim versəydi, onu 15 il deyil, 10 ilədək həbs cəzası gözləyərdi.

Toplum TV-də fəaliyyətimə görə qürur duyuram, təəssüflənəcəyim hər hansı bir səbəb görmürəm. Mən bu hökumətin imtahanından qəti qorxmuram.

Fərid İsmayılov

Ana səhifəXəbərlərFərid İsmayılov: “Hikmət Hacıyevə silah yox, mikrofon uzatmışam”