Qori Şəhər Məhkəməsi şəhərdə iki kişinin döyülməsi ilə bağlı ittiham olunan altı polis əməkdaşının hamısının barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçib. Eyni zamanda, hücuma məruz qalan şəxslərdən biri barəsində polis əməkdaşına qarşı zorakılıq ittihamı üzrə istintaq davam edir.
OC Media yazır ki, polis əməkdaşları hadisədən bir gün sonra, mayın 28-də saxlanılıblar. Hadisənin görüntüləri Gürcüstanda sosial şəbəkələrdə geniş yayılaraq polis zorakılığına qarşı böyük ictimai qəzəb doğurmuşdu. Hakim Germane Dadeşkeliani cümə günü altı nəfərin hamısının məhkəməyəqədər həbsdə saxlanılması barədə qərarını elan edib.
Həbs qətimkan tədbiri ilə yanaşı, məhkəmə prokurorların polis əməkdaşlarının vəzifələrindən uzaqlaşdırılması barədə vəsatətini də təmin edib. Təqsirli bilinəcəkləri halda, onları beş ildən səkkiz ilədək həbs cəzası gözləyir.
Hücumun görüntüləri hadisə günü, mayın 27-də yerli Qartli.ge nəşri tərəfindən yayımlanıb. Sonradan zərərçəkənlərin Papuna Lotsulaşvili və Laşa Abisonaşvili olduğu məlum olub. Hadisədən sonra Lotsulaşvili xəstəxanaya aparılıb və onun öz istəyi ilə evə buraxıldığı bildirilmişdi. Lakin cümə günü vəziyyəti pisləşdikdən sonra o, yenidən xəstəxanaya yerləşdirilməli olub.
İctimai qəzəbin fonunda daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze “zorakılığın bütün formalarını” pisləyib. Bununla belə, o iddia edib ki, hücuma məruz qalan kişilərdən biri – ehtimal ki, Lotsulaşvili – polis əməkdaşlarının şəxsiyyətini müəyyənləşdirmək tələbinə tabe olmayıb və bir polisi daşla vuraraq xəsarət yetirib. Nəticədə həmin polis əməkdaşı tibb müəssisəsinə aparılmalı olub.
Hadisədən bir neçə saat sonra Lotsulaşvili polis əməkdaşına hücum etməkdə şübhəli bilinərək qısa müddətə saxlanılıb. Daha sonra azadlığa buraxılsa da, istintaq davam etdirilib. Təqsirli bilinərsə, onu ev dustaqlığı və ya cərimədən tutmuş altı ilədək həbs cəzasına qədər cəza gözləyə bilər.
Lotsulaşvilini təmsil edən vəkillərdən biri Revaz Revaşişvili Daraxvelidzenin versiyasını “uydurma” adlandırıb. Daraxvelidzenin hücuma məruz qaldığını iddia etdiyi polis əməkdaşı ittiham olunan və saxlanılan polislər arasında deyil.
Hadisəni pisləyənlər arasında vətəndaş cəmiyyəti nümayəndələri, din xadimləri və müxalifət siyasətçiləri də olub. Hadisə hakimiyyət nümayəndələri, o cümlədən Baş nazir İrakli Kobaxidze tərəfindən də tənqid edilib.
Bununla belə, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələri dövlətin reaksiyasına da diqqət çəkiblər. Onlardan bəziləri iddia ediblər ki, polis zorakılığı bu gün sistemli problem deyil, əksinə, hazırda müxalifətdə olan keçmiş hakim Vahid Milli Hərəkat dövrünə xas idi.
“Bütün polis əməkdaşlarına müraciət etmək istəyirəm və ehtiyatlı olmağa çağırıram. Sizin düşmənləriniz və pusqularınız var, onların fikrincə, sizə zərər vurulmalıdır. Dünən baş verənlər onları sevindirdi”, – “Gürcü Arzusu”nun tanınmış deputatı və keçmiş kabinet naziri Tea Tsulukiani mayın 28-də hadisəni şərh edərkən bildirib.
Hadisə ilə bağlı müzakirələr zamanı bir çoxları jurnalistlər tərəfindən çəkilən görüntülərin əhəmiyyətini vurğulayıb. Müxalif “Girçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidze qeyd edib ki, saxlanılmalar “zorakılıq aktı videoya çəkildiyi üçün” baş verib.
“Bu ölkədə polis insanlarla hər gün, bütün ölkə ərazisində bu cür davranır”, – o əlavə edib və 2024-cü ilin noyabr-dekabr aylarında hökumət əleyhinə etirazlar zamanı nümayişçilərə qarşı ağır polis zorakılığını xatırladıb.
Şənbə günü Papuna Lotsulaşvilinin qardaşı Giqla Lotsulaşvili Facebook-da qardaşının adından paylaşım edib və onun sosial şəbəkələrə çıxışı olmadığı üçün bunu özü edə bilmədiyini bildirib. Paylaşıma görə, Lotsulaşvili dəstəyə görə minnətdarlığını ifadə edib, lakin onun adından səsləndirildiyini dediyi “müxtəlif siyasi bəyanatları” rədd edib.
“Xahiş edirəm, heç kim mənim adımdan danışmasın. Qoy bu hadisə gələcək üçün nümunə olsun ki, belə davranan heç kim cəzasız qalmayacaq”, – o əlavə edib.
Paylaşımdan bir saat keçməmiş Lotsulaşvilinin vəkillərindən biri, hökumətə tənqidi mövqeyi ilə tanınan Laşa Tkeşeladze artıq zərərçəkəni təmsil etmədiyini və onun maraqlarını başqa bir vəkilin müdafiə edəcəyini bildirib. Tkeşeladze bunun Lotsulaşvilinin qardaşının bəyanatı ilə əlaqəli olub-olmadığını açıqlamayıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.