“Avroviziya”dan hakimiyyətin qazandığı “imic” və itirilən milyonlar

Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində təmsil edən JIVA. Foto: Chatgpt

Artıq neçə ildir ki, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri yarışmanı uğursuz nəticələrlə başa vururlar. Bu il də JİVA “Just Go” mahnısı ilə hazırlanan səhnə şousu avropalı tamaşaçılarının ruhunu oxşaya bilmədi və müsabiqəni cəmi 2 xalla sonuncu pillədə yekunlaşdırdı.

Ümumiyyətlə, “Avroviziya” həvəskarları üçün bu yarış mahnı müsabiqəsi və ölkə mədəniyyətinin bir təqdimat forması sayılsa da, cəmiyyətin digər hissəsi onu siyasi ambisiyaların nümayiş etdirildiyi arena kimi qiymətləndirir. Xüsusilə, Ukrayna-Rusiya müharibəsindən sonra Rusiya və Belarusun uzaqlaşdırılması, İsrailin Qəzzadakı əməliyyatlarından sonra iştirakçılar arasında boykot çağırışlarının artması müsabiqənin kifayət qədər siyasiləşdiyini göstərir.

Bəs bu müsabiqə Azərbaycan üçün nə ehtiva edir?

Azərbaycan 2007-ci ildə müsabiqəyə üzv olsa da, ilk dəfə 2008-ci ildə təmsilçi göndərib. Azərbaycan hakimiyyəti tərəfindən “Avroviziya”ya həmişə daha çox bir siyasi imic layihəsi olaraq yanaşılıb. Böyük pullar, bahalı təqdimatlar, əcnəbi prodüserlər, ölkənin təbliğatına çevrilən çarxlar…

Yarışmaya o qədər böyük həvəslə hazırlaşılırdı ki, xərclərə demək olar ki limit qoyulmurdu. Hər il üzvlük haqqı ilə yanaşı, səhnə şousu, kostyumlar, xarici prodüser mərkəzləri və bəstələr üçün milyonlarla vəsait xərclənirdi.

Məsələn, mətbuatda yayılan məlumatlara görə, 2010-cu ildə Azərbaycan təmsilçisi Səfurə Əlizadənin promosu, iştirakı, xoreoqrafiyası və şousu üçün ümumilikdə 1 milyon 560 min manat xərclənmişdi. O dövrdə Azərbaycanın nümayəndə heyətinin rəhbəri olan Adil Kərimli (hazırkı Mədəniyyət naziri) mətbuata açıqlamasında bildirmişdi ki, bu məbləğ 2009-cu illə müqayisədə 30 faiz azdır.

Mahnı, bəstə, üzvlük haqqı və qonorarlar da nəzərə alınanda, bəzi illərdə mediada ümumi xərclərin 10 milyon manata çatdığına dair məlumatlar gedirdi.

Təəssüf ki, sonrakı illərdə hökumət bu xərcləri ciddi şəkildə gizlətməyə başlayıb. Hətta illik üzvlük haqqı barədə məlumatlar belə konfidensial saxlanılır. Avropa Yayım Birliyinin müəyyənləşdirdiyi maliyyə kodlarına əsasən, üzvlük haqları iştirakçıların sayı və ölkələrin  vəziyyətinə uyğun hesablanır. Minimum üzvlük haqqı 45 min İsveçrə frankından (təxminən 60 min dollar) başlayır. Azərbaycanın yer aldığı kod üzrə təmsil olunan ölkələr üçün isə bu məbləğ 100 min dollar civarindadır.

Xarici mediada 2022 və 2024-cü illərdə iştirak haqlarında artımın olduğu qeyd edilir. Buna səbəb Rusiya və Belarusun  müsabiqədən kənarlaşdırılmasıdır. Çünki Rusiya “Eurovision”un ən böyük maliyyə ödəyicilərindən biri olub.

2026-ci ildə isə beş ölkə İsrailin iştirakını boykot edərək, müsabiqəyə qatılmaqdan imtina etsə də, hələ ki bunun üzvlük haqlarına necə təsir etməsi barədə rəsmi açıqlama yoxdur. 

Azərbaycanın ödədiyi məbləğə gəlincə, bununla bağlı dövlət büdcəsində açıq məlumat yer almayıb. Meydan TV-yə danışan iqtisadçı bildirir ki, beynəlxalq tədbirlər üçün ayrılan vəsaitlər büdcədə ayrıca göstərilmir:

“Büdcədə beynəlxalq təşkilatlara üzvlük haqları və beynəlxalq tədbirlərin keçirilməsi üzrə xərcləri ümumi şəkildə qeyd olunur. Bəzən izahat hissəsində hansı tədbirlərin keçiriləcəyi göstərilir, amma hər biri üzrə ayrılan konkret vəsait açıqlanmır. Təəssüf ki, hökumət xərcləri tam şəffaf təqdim etmir”.

Bu yarışın əsas maliyyə yükünə sahib olan İctimai Televiziyaya (İTV) gəlincə, iqtisadçı deyir ki, televiziyanın büdcəsində beynəlxalq mahnı müsabiqəsi üçün çəkilən xərclər təqdim olunmur:

“Dövlət büdcəsindən İTV-yə və AzTV-yə böyük subsidiya ayrılır. Amma həmin subsidiyanın hansı istiqamətlərə xərcləndiyi məlum deyil. Çox güman ki, iştirak xərcləri də həmin subsidiyalar hesabına qarşılanır. İTV də şəffaf qurum deyil. Əslində, ildə bir dəfə hesabat açıqlamalıdır, lakin bunu heç vaxt etməyib”.

Hələ 2010-cu ildə Adil Kərimli Azərbaycanın “Avroviziya” xərclərinin dövlət büdcəsi ilə yanaşı, SOCAR tərəfindən də maliyyələşdirildiyini açıqlamışdı. O bildirmişdi ki, layihənin üç sponsoru var və əsas sponsor SOCAR-dır.

Ən bahalı “Avroviziya” və polis gücünə dağıdılan mülklər

Bu müsabiqə üçün ən böyük xərclərdən biri 2012-ci ildə çəkilib. Azərbaycanın həmin il ev sahibliyi etdiyi yarışmaya birbaşa, eləcə də dolayı yolla çəkdiyi  xərclərin həcmi 800 milyon -1 milyard dollar civarinda idi.

Təkcə müsabiqənin keçirildiyi Baku Crystal Hall-un tikintisinə 350 milyon dollar xərclənmişdi. Bundan əlavə, birbaşa xərclərin içində 110 milyon manatı müsabiqə və əlaqədar tədbirlərin təşkili,  27,5 milyon manatı beynəlxalq tədbirlər üçün tələb olunan nəqliyyat vasitələrinin alınması üçün yer almışdı.

Baku Crystal Hall/ Foto: Arne Müseler

Tədbirin hazırlığı o qədər təmtəraqlı və bahalı olmuşdu ki, Azərbaycanın büdcəsi digər ev sahibi ölkələrlə müqayisədə xeyli yüksək hesab edilirdi. O vaxt xarici media Azərbaycanı Rusiyadan sonra ən çox xərc çəkən ölkələr sırasında göstərirdi. İndiyədək də ölkəmiz ən çox xərc çəkən ölkələrin ilk beşliyindədir.

Baku Crystal Hall-un tikintisi və Bayraq Meydanı ətrafında infrastruktur layihələrinin həyata keçirilməsi zamanı çox sayda insanların mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına rast gəlindi. Sakinlərin evləri məcburi şəkildə söküldü, insanlar polis gücü ilə köçürüldü. Kompensasiya ödənişləri ilə bağlı ciddi problemlər yaşandı.

2011-2012-ci illərdə Azərbaycanın “Avroviziya”ya ev sahibliyi dövründə bir qrup hüquq müdafiəçisi ölkədə insan hüquqlarının vəziyyətinə diqqət çəkmək üçün müxtəlif kampaniyalara start verdilər. Onlardan biri də “Demokratiya naminə musiqi” (“Sing for Democracy”) kampaniyası idi. Hətta İsveç təmsilçisi Loreen də bu kampaniya ilə yaxından tanış olmaq üçün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisinə gələrək, hüquq müdafiəçiləri və media ilə görüş keçirmişdi.

Sonrakı illərdə həmin hüquq müdafiəçilərinə, eləcə də bu mövzunu işıqlandıran mediaya qarşı siyasi təzyiqlər başlandı. Hökumətin milyonlarla vəsait xərcləyərək formalaşdırmağa çalışdığı imicinə “kölgə” salan şəxslərə qarşı ciddi təqiblər və cəzalar tətbiq olundu. Media və vətəndaş cəmiyyəti ilə bağlı qanunvericilik daha da sərtləşdirildi.

Tədbir dövründə xarici jurnalistlər qarşısında fəal çıxış edən İnsan Hüquqları və Sülh İnstitutunun rəhbəri Leyla və Arif Yunuslar, eləcə də “Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov həbs edildi. RATİ rəhbəri Emin Hüseynov isə həbs təhlükəsi ilə üzləşdi. Bundan başqa, xarici maliyyəli medianın Azərbaycandakı fəaliyyəti də ciddi şəkildə məhdudlaşdırıldı.

Azərbaycanın rüşvət qalmaqalları, müsabiqənin kəsilən büdcəsi

Lakin zaman keçdikcə Azərbaycan hökumətinin “Avroviziya”dakı imici daha ciddi zərbə aldı. Azərbaycanın adı səsvermələrlə bağlı sövdələşmə qalmaqallarında hallanmağa başladı. Hətta vəziyyət o həddə çatdı ki, Avropa Yayım Birliyi  ölkəmizin mümkün sövdələşmələrinin qarşısını almaq üçün bir dəfə müsabiqə qaydalarını dəyişməli, ikinci dəfə isə səsvermə hüququnu ləğv etməli oldu.

2013-cü ildə Litva mediasında yayılan videolarda Azərbaycan tərəfindən xüsusi şəxslər vasitəsilə kütləvi SMS səsvermələrinin təşkil edilməsi və münsiflərlə sövdələşmələr aparılması iddia olunurdu. Rəsmi Bakı ittihamları rədd etsə də, “Eurovision” təşkilatçıları şəffaflığı artırmaq üçün qaydaları dəyişməyə məcbur oldular.

“The Independent” həmin vaxt yazırdı:

“Bu ilki müsabiqədə Azərbaycanın iştirakını dəstəkləyənlərin səsləri satın almaqda ittiham edilməsindən sonra Eurovision Mahnı Müsabiqəsi rüşvətxorluğa qarşı mübarizə məqsədilə yeni qaydalar tətbiq edib. Gələn ildən etibarən hər bir ölkənin münsiflər heyətinin üzvlərinin adları müsabiqədən əvvəl açıqlanacaq”.

Digər qalmaqal isə 2022-ci ildə Azərbaycan Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marino ilə birlikdə jüri səslərində qarşılıqlı yüksək bal verməklə bağlı yaşandı. Avropa Yayım Birliyi həmin ölkələrin jüri səslərinin sövdələşməsi şübhəsi ilə ləğv etdi, hətta ölkələrin canlı səsvermə elanlarında Azərbaycanın aparıcısının təqdimatı yarımçıq kəsildi.

 2023-cü ildən etibarən büdcə xərclərində qənaət rejiminə keçid, maliyyə problemləri və işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının prioritetə çevrilməsi “Avroviziya” büdcəsinə də ciddi təsir göstərib. Eyni zamanda hökumət “imic” strategiyasını dəyişərək, daha çox siyasi məqsədli və  iri masştablı beynəlxalq tədbirlərin ev sahibliyinə üstünlük verməyə başlayıb.

Çünki artıq “Avroviziya”nın özü də əvvəlki imicini itirib, hətta Azərbaycanın müsabiqəni tərk etməsi ilə bağlı fikirlər səslənməyə başlanılıb.

Bu baxımdan 2023-cü ildən “Avroviziya” büdcəsinin kəskin şəkildə azalması və sponsorların geri çəkilməsi təsadüfi görünmür. Maliyyə azaldıqca, xarici prodüser mərkəzlərini yerli komandalar əvəz etməyə başlayıb. Azərbaycan nümayəndə heyətində peşəkar komanda üzvləri arasında ayrılıqlar yaşanıb. Son illərin təmsilçiləri nəinki finala çıxa bilməyib, hətta yarışmanı son sıralarda tamamlayıblar.

“Avroviziya” mahnı müsabiqəsində ilk qrup rəhbərliyində yer alan və 2008-ci ildə “Day After Day” mahnısının söz müəlliflərindən biri olan şair və prodüser Zəhra Bədəlbəyli hələ mart ayında bu haqda sosial mediada sərt tənqid yazmışdı:

“Komanda çox vacibdir. Peşəkar komanda və ona rəhbərlik edən peşəkar insan olmayanda nəticə əldə etmək çətin olur. İstedadlı ifaçı ümumi işin təxminən 10 faizidir. Yaxşı mahnı 30 faiz, səhnə quruluşu isə təxminən 20 faiz rol oynayır. Qalan 50 faiz isə hazırlıq prosesindən, konseptual yanaşmadan və detallara diqqətdən asılıdır”.

“Xalqımız çox istedadlıdır. Bu ifaçıları niyə belə vəziyyətə salırıq? Niyə onlar bu qədər neqativ reaksiyalarla qarşılaşmalıdır? Niyə biz bu müsabiqənin adını çəkərkən peşmanlıq hissi keçirməliyik? Sadəcə təəssüf… O qədər zəhmətin nəticəsi bu olmamalı idi”, – deyə o, vurğulamışdı.

“Avroviziya”nın İTV üzrə şərhçisi Murad Arif isə ona cavab olaraq əvvəlki böyük maliyyə ayrılan illərində yerli kadrların yetişdirilməməsi ilə bağlı ittiham səsləndirib.

Murad Arif  Z.Bədəlbəyliyə cavab verib: 

“Bir zamanlar Avroviziya ölkəyə maraqlı idi, Gənclər və İdman naziri böyük büdcə ayırırdı, siz də öz ölkəmizdə yerli kadrlar hazırlamaq əvəzinə, pulu basırdınız isveçli, ukraynalı, yunan mütəxəssislərə… Allahın suyunu daşıyan, tər silənlər də əcnəbilər idi. Gözlərimin şahidiyəm.

18 il əcnəbi mahnılarla ölkə təmsil etdiniz. İndi büdcə qurtarıb, 6-7 ildir diletantlarla çalışılır. Bu da pisdir, hə. Amma xahiş edirəm, indiki Avroviziya problemlərinin kökünü elə 2009-2023 aralığındakı “uğurlu- evropeyski” mahnıları seçənlərdə axtarın. Mən o vaxtdan susmuram, amma siz bal kimi gedib, ölkəmizə yad musiqilərlə bayraq qaldırmısınız… Heç nə unudulmur. Bu da ki, sizin yaratmadığınız yerli bazanın nəticəsidir”.

Ana səhifəXəbərlər“Avroviziya”dan hakimiyyətin qazandığı “imic” və itirilən milyonlar