Azərbaycan Dəmir Yolları (ADY) Gürcüstana gedəcək sərnişin qatarlarının gedişhaqqı qiymətlərini açıqlayıb.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarında Bakıdan Tbilisiyə bir istiqamət üzrə biletin qiyməti minimum 81 AZN, gediş-gəliş bileti isə 162 AZN olacaq.
Digər stansiyalardan da qiymətlər yüksək müəyyən olunub: Tbilisiyə getmək Yevlaxdan 67 manat, Gəncədən 62 manat, Ağstafadan 57 manat, ən qısa sərhəd xətti (Böyük Kəsik – Qardabani) üçün isə minimum 51 manata başa gələcək.
Açıqlanan qiymətlərin plaskart (açıq vaqon) və ya kupeyə (qapalı vaqon) aid olması barədə məlumat verilməyib. SV (lüks vaqon) qiymətləri də gizli saxlanılıb.
Bakıdan çıxış hər gün saat 23:10 (Tbilisiyə çatış növbəti gün saat 08:41), Tbilisidən çıxış hər gün saat 21:00 (Bakıya çatış növbəti gün saat 06:24) olacaq. Gömrük yoxlanışı üçün Azərbaycan və Gürcüstan tərəfində 1 saat olmaqla, cəmi 2 saat vaxt ayrılıb.
İsveçrə frankı ilə hesablanır
Yeni tariflər pandemiyadan əvvəlki qiymətlərlə müqayisədə artımla diqqət çəkir. Pandemiya səbəbindən hərəkətin dayandırıldığı 2020-ci ilə qədər Bakı-Tbilisi qatarında gediş haqları plaskart –24.54 AZN, kupe –35.32 AZN, SV isə təxminən 58.43 AZN olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov APA-ya bildirib ki, Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri Gürcüstanla hesablaşma əsasında İsveçrə frankının manata məzənnəsinə görə müəyyənləşdirilir:
“Beynəlxalq istiqamətlər üzrə gediş haqqı bir neçə amil əsasında formalaşır. Ümumiyyətlə, beynəlxalq istiqamətlər üzrə gediş haqqı İsveçrə frankının yerli məzənnəyə nisbətinə əsasən formalaşdırılır və kurs fərqinə görə dəyişə bilir”.
Azər Fərəcov həmçinin bildirib ki, beynəlxalq daşıma xarakteri nəzərə alınmaqla, Gürcüstan tərəfinə aid tarif komponenti də yekun bilet qiymətinə təsir edir:
“Bu komponentdə təxminən 180 faiz artım baş verib. Bu da marşrut üzrə xarici xərc yükünü artırıb. Buna görə də Bakı–Tbilisi–Bakı marşrutunda tariflərin formalaşması yalnız ADY-nin daxili xərcləri ilə bağlı deyil. Burada həm Azərbaycan və Gürcüstan tərəfinin tarif komponentləri, həm də beynəlxalq hesablaşma mexanizmləri nəzərə alınır”.
Elan olunan tariflər sosial şəbəkələrdə də müzakirələrə yol açıb. Vətəndaşların qiymətlərin baha olmasından şikayətləniblər.
“Ən ucuz qiymət” mübahisəsi
Multimedia Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, ADY ən ucuz qiyməti (51 AZN) önə çıxarmaqla əslində manipulyasiya edir və sərnişinlərin reaksiyasını ölçmək üçün “kəşfiyyat aparır”. Osman Gündüz qeyd edib ki, əvvəllər plaskart biletləri 24-26 manat, ən bahalı SV yerləri isə cəmi 57-60 manat olub. O, ADY-nin daha əvvəl Bakı-Balakən reysində sınaqdan keçirdiyi qiymət modelinə əsaslanaraq, hazırda gizli saxlanılan kupe və SV biletlərinin müvafiq olaraq 120 və 230 manata çatacağını proqnozlaşdırıb. İctimai şərhçi dövlətdən subsidiya ala bilməyən qurumun bu xərcləri əhalinin çiyninə yüklədiyini bildirərək, hökumətin bu qiymət siyasətinə müdaxilə edib-etməyəcəyini sual altına qoyub.
Bu il mayın 25-i saat 00:00-dan etibarən dəmiryol nəqliyyatı vasitəsilə vətəndaşların, həmçinin vizasız gəlmə hüququ olan xaricilərin Azərbaycan ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək. Bununla bağlı bu gün, mayın 20-də Nazirlər Kabineti qərar qəbul edib.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda 2020-ci ilin martında xüsusi karantin rejimi elan edilib. Bu müddət bir neçə dəfə uzadılıb. Sonuncu dəfə isə karantin iyulun 1-dək artırılıb.
Azərbaycan və Gürcüstan bu il mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkətini bərpa etmək barədə razılığa gəliblər. Sözügedən qərar iki ölkə arasında imzalanmış ikitərəfli Koordinasiya Şurasının Protokolunda öz əksini tapıb.
COVID-19 pandemiyası və xüsusi karantin rejimi səbəbindən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin martında dayandırılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını 2023-cü il mayın 6-da elan etsə də, Azərbaycan karantin rejimini xeyli yumşaltmasına baxmayaraq, quru sərhədlərindəki məhdudiyyətləri hələ də saxlayır.
Ötən ilin mayında da Gürcüstan mətbuatında Bakı-Tbilisi qatarının fəaliyyətinin bərpa olunacağı barədə məlumatlar yayılsa da, bu reallaşmamışdı. O zaman ekspertlər prosesin dayandırılmasını Azərbaycan tərəfinin istəksizliyi ilə əlaqələndirirdilər. Analitiklər hesab edirlər ki, pandemiyanın bitməsindən üç il keçsə də, quru sərhədlərindəki məhdudiyyətlərin saxlanması iqtisadi maraqlardan qaynaqlanır. Onların fikrincə, bu qərarla həm ölkədən valyuta axınının qarşısını almaq, həm də daxili bazarda əlavə gəlir əldə etmək məqsədi güdülür.
Azərbaycan hökumətinin rəsmiləri isə son dövrlər bu qərarı daha çox təhlükəsizlik amilləri ilə əsaslandırırlar.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycana gəlmiş Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə mayın 18-də iki ölkə arasında elektrik enerjisi təchizatı və tranziti üzrə 20 illik saziş imzalanıb, həmçinin 2003-cü il qaz müqaviləsi daha 20 il uzadılıb. Gürcüstan İqtisadiyyat Nazirliyinin bəyanatına görə, Bakı-Supsa neft kəmərinin Gürcüstan ərazisindən keçən hissəsi ilə neft tranzitinin bərpasına dair saziş də imzalanıb. Sənəd Orta Asiyadan Avropaya neft daşınmasını nəzərdə tutur, lakin kəmərlə bağlı dəqiq zaman qrafiki açıqlanmayıb. Bundan başqa, ikitərəfli koordinasiya şurasının protokolu da imzalanıb. Həmin sənədə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolunun yeni hissəsi tam istismara veriləcək. Bakı–Tbilisi–Qars dəmiryol xətti 2017-ci ildə istifadəyə verilib.