Həbsxanada ölən İKT ekspertinin son səs yazısı: “Məni şərləyib həbs etdilər”

Foto: AbzasMedia

Bu ilin may ayının əvvəlində 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən İKT eksperti İlqar Əliyevin səs yazısı və məhkəmə sənədləri yayılıb.

Səsyazısını və məhkəmə sənədlərini AbzasMedia yayıb.

İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert kimi tanınan İlqar Əliyev 2023-cü ildə AbzasMedia-ya qarşı başladılan repressiya dalğası zamanı həbs edilmişdi. O, şərlənərək həbs olunduğunu, zorla videoya çəkilərək narkotik maddənin ona məxsus olduğunu etiraf etməyə məcbur edildiyini və məhkəmənin barəsində qanunsuz hökm çıxardığını deyib.

İlqar Əliyev səs yazısında da şərlənərək və zorla videoya çəkilərək narkotik ittihamını etiraf etməyə məcbur edilməsindən danışıb.

“13 dekabr 2023-cü il, polis şərinə, böhtanına, zorakılığına məruz qalaraq qanunsuz olaraq tutuldum. Nəsimi Rayon Polis İdarəsində mənim cibimə psixotrop maddə qoydular, sonra mən bildim. Bunun mənim olduğunu etiraf etməyim üçün təhdid etdilər, ailəmlə təhdid etdilər. Dedilər ki, qoyulan maddənin sənin olduğunu təkzib etsən, onda ailəni, həyat yoldaşını gətirəcəyik, ya evindən tapacağıq, hal şahidləri də qoyacağıq – yalançı hal şahidləri ki, bu, həqiqətən sənindir”, – İlqar Əliyev son səs yazısında bildirib.

“Sinəmə yumruq vurub maşına mindirdilər”

AbzasMedia-nın əldə etdiyi məhkəmə sənədlərində İlqar Əliyevin saxlanılarkən polisin fiziki zorakılığına məruz qaldığı qeyd olunur. O, məhkəmədəki ifadəsində bildirib ki, 2023-cü il dekabrın 13-də mülki geyimli iri cüssəli bir şəxs ona yaxınlaşaraq sinəsindən yumruqla vurub. Ardınca daha üç nəfər onu zorla avtomobilə mindirərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparıb.

İlqar Əliyevin sözlərinə görə, sinəsinə vuran həmin şəxs bu zaman cibinə qeyri-müəyyən bir şey qoyub. O, bunu çıxarmaq istəyəndə isə ona “Çıxarma, sənin üçün pis olar. Elə etmə ki, bunu ailə üzvlərinin cibindən çıxaraq” deyilib.

“Təxminən 2-3 saat sonra ondan cibinə qoyduqları bükümü çıxarmağı tələb olunub. İlqar Əliyev həmin bükümü çıxardıqda içərisindəki narkotik tərkibli maddə masanın üzərinə dağılıb, bu vaxt əməliyyatçılardan biri digərinin üzərinə qışqırıb, “niyə bunu pis bağlamısınız?” deyə soruşub. Yapışqan lentlə büküm yenidən bağlandıqdan sonra polis əməkdaşları onu İlqar Əliyevin gödəkcəsinin cibinə qoyub. Ona videoçəkilişdə içərisində həmin bükümü çıxarmadığı təqdirdə, hal şahidlərinin iştirakı ilə bunu edəcəkləri söylənilib. Videoçəkiliş 2 dəfə aparılıb”, – AbzasMedia-nın əldə etdiyi məhkəmə sənədində belə yazılıb.

“İfadələri özləri yazıb imzalatdırdılar”

Bunun ardından İlqar Əliyev Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Son səs yazısında o, burada da növbəti dəfə hüquqlarının pozulduğunu, müdafiə hüququna məhəl qoyulmadığını vurğulayıb.

“Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məni qanunsuz olaraq tutmuşdular. Onlar özləri ifadəni mənim adımdan tərtib etdilər. Təhrif olunmuş şəkildə bir-bir sənədləri köçürdülər, psixoloji şiddətlə oxumağıma imkan verməyib imzalatdırdılar. İfadəmi özüm yazmadım. Burada da fundamental hüquqlarım pozuldu. Belə ki, prosessual sənədlər olan şübhəli şəxsin, təqsirləndirilən şəxsin dindirilməsi protokollarını saxtakarlıqla tərtib etdilər, amma bu zaman onların öz tutduqları vəkil yanımda olmadı. Bunu daha sonra müstəntiq axtarışa gedən zaman avtomobilin “kapot”u üzərində imzalatdırdı. Tanışlarım olan vəkilləri mənim müdafiəmə buraxmadılar”, – deyə İlqar Əliyev səs yazısında bildirib.

Mərhum ekspert deyirdi ki, vəkillərinin yanına gələ bilməsi də ona asan başa gəlməyib. Çıxarılan iki məhkəmə qətnaməsinin ardından, yalnız iki ay sonra bu hüququnu təmin edə bilib.

“Çayıma zəhərli maddə qatdılar”

Məhkəmə sənədlərində qeyd olunur ki, İlqar Əliyev daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və oradakı müvəqqəti saxlama yerinə yerləşdirilib. Burada o, səhhətində problemlər yaradacaq növbəti böhtana məruz qalıb:

“Həmin gün İlqar Əliyevi mülki geyimdə olan polis əməkdaşı xidməti otaqlardan birinə aparıb əyləşdirib. Orada ona çay verilib. Otaqda 3-4 nəfər əməkdaş olub, həmin şəxslərlə söhbət etməyə başlayıb. Ona verilən çay stəkanında limon dilimi olub, digər stəkanlarda isə olmayıb. Qarşısına stəkanda qoyulan çayı yarıya qədər içib, daha sonra bir daha çay süzdükdə həmin çayı içməyib. İçdiyi çay spesifik dad və ətrə malik olub. Daha sonra müvəqqəti saxlama yerinə qaytarılıb. Orada baş gicəllənmələri olduğundan çarpayıya uzanıb, 7-8 dəfə üşütmə və istilənmə olub, hər bir saatdan bir ayaqyoluna getməyə başlayıb. Növbəti gün onu polis əməkdaşları Maştağa qəsəbəsində yerləşən ekspertizaya aparıb. Orada ondan götürülən nümunələrdə psixotrop maddə aşkarlandığı bildirilib”, – məhkəmə sənədində qeyd olunub.

Mərhum İKT mütəxəssisi həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) içdiyi çaya zəhərli maddə qatıldığını iddia edib. Onun sözlərinə görə, bununla onu psixotrop maddə istifadəçidi kimi həbs etmək üçün əsas yaratmağa çalışıblar.

“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məni aldadaraq həmin idarədə mənim çayıma zəhərli maddə qatdı. 4-5 gün vəziyyətim qeyri-stabil oldu, özümü yaxşı hiss etmədim. Burada məqsəd o idi ki, mənim qanımda zəhərli maddənin əlamətləri çıxsın. Mənim psixotrop maddə istifadəçisi kimi həbs olunmağım üçün əsaslar əldə etsinlər”.

“Jurnalistlərə keçdiyim təlimlərə görə sual verirdilər”

İlqar Əliyev AbzasMedia-nın direktoru və baş redaktorunun həbsindən cəmi bir neçə gün sonra saxlanılmışdı. Məhkəmə sənədlərində qeyd olunur ki, o, həbsinin səbəbini müstəqil media nümayəndələrinə keçdiyi təlimlərlə əlaqələndirib. Ona “AbzasMedia”, “Məclis.info”, “Kanal13” redaksiyalarının jurnalistlərinə verdiyi təlimlərlə bağlı suallar verilib.

İlqar Əliyev son səs yazısında saxlanıldığı gündən etibarən 8 ay ərzində ailəsi və övladları ilə nə görüşə, nə də telefonla danışa bildiyini qeyd edib. Onun sözlərinə görə, bu müddətdə ailəsi ağır sarsıntılara məruz qalıb. O deyirdi ki, elektron cihazları aylarla yoxlanılsa da, heç bir qanunsuz əməli aşkarlanmayıb. İstintaq müddətində hüquqları ardıcıl şəkildə pozulub. İfadəsində Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən təzyiqlərə məruz qaldığını bildirsə də, hakimin buna məhəl qoymadığını deyib.

İlqar Əliyev həbs olunan zaman ailəsi məsələni ictimailəşdirmək istəməyib. O, 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İlqar Əliyev əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Məhkəmə sonradan belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq məqsədilə əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma maddəsinə tövsif edilib.

O, qanunsuz həbsindən Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya da məktublar yazdığını, amma yazdıqlarına heç bir cavab verilmədiyini deyirdi.

Bu ilin martında Ali Məhkəmə İlqar Əliyevin şikayətini qismən təmin edərək həbs müddətini 4 ildən 3 ilə endirmişdi.

“500-dən çox tələbəm var”

4 azyaşlı uşaq atası olan İlqar Əliyev informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və İT idarəçiliyi sahəsində uzunillik təcrübəyə malik mütəxəssis olub. Müxtəlif dövlət və özəl qurumlarda – Azərbaycan Mərkəzi Bankı, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şuşa şəhər Dövlət Qoruğu İdarəsində rəhbər vəzifələrdə çalışıb.

Həbsinə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin Baş İnformasiya Direktoru vəzifəsini icra edib. İlqar Əliyev CISA, CISM, CGEIT, CRISC və digər beynəlxalq peşəkar sertifikatlara malik olub.

“Mənim 500-dən çox tələbəm var, beynəlxalq təlimçiyəm. Çoxlu şirkətlərdə uğurlu fəaliyyətim var. 20-yə yaxın beynəlxalq sertifikatım var. Amma heç vaxt ağlıma gəlməzdi ki, mütəxəssisləri belə yalançı, saxta ittihamlarla həbs etsinlər. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq. İnşallah ki, hər şey üzə çıxacaq, mən yenə mübarizə aparacağam”.

Ölüm xəbəri və rəsmi açıqlama

Onun ölümü ilə bağlı xəbəri ilk dəfə Multimedia Mərkəzinin direktoru Osman Gündüz sosial şəbəkədə yaymışdı.

Hökumətyönlü mediada yayılan xəbərlərdə İlqar Əliyevin xəstəlik səbəbindən öldüyü qeyd olunub. Ədliyyə Nazirliyindən verilən ilkin açıqlamada ölümün səbəbi kimi kəskin ürək-damar çatışmazlığı göstərilib. Amma yaxınları deyir ki, onun həbsxanada səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda müstəqil mediaya, vətəndaş cəmiyyəti fəallarına və araşdırmaçı jurnalistlərə qarşı yeni və genişmiqyaslı repressiya dalğası başlayıb. Beynəlxalq insan haqları təşkilatları və yerli fəallar bunu son illərin ən sərt təzyiq kampaniyalarından biri kimi qiymətləndiriblər.

Bu dalğa çərçivəsində AbzasMedia, Toplum TV, Meclis.info və Meydan TV-nin əməkdaşları qaçaqmalçılıq və digər ciddi maliyyə ittihamları ilə həbs ediliblər.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda AbzasMedia-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum ediliblər; jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il; layihə koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 9-da Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

2026-cı il aprelin 3-də Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini rədd edib və əvvəlki qərarı dəyişmədən saxlayıb. Hazırda digər həbsdə olan jurnalistlərin məhkəmələri davam edir. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi motivli olduğunu, peşəkar fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Hökumət isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib edilmədiyini və ya təzyiqə məruz qalmadığını, həmin şəxslərin törətdikləri əməllərə görə həbs olunduqlarını iddia edir.

Yerli hüquq müdafiə təşkilatlarının hesabatlarına görə, hazırda ölkədə 328 siyasi məhbus var.

Ana səhifəSiyasətHəbsxanada ölən İKT ekspertinin son səs yazısı: “Məni şərləyib həbs etdilər”