Son günlər sosial şəbəkələrdə Maştağa Psixiatriya Xəstəxanası ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlara görə, Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov saxlanıldığı Maştağadakı Respublika Psixiatriya Xəstəxanasından qaçıb.
İddia olunur ki, guya qaçış zamanı iki polis əməkdaşı öldürülüb, yaxınlıqdakı marketdə Əhmədovun iştirakı ilə insident baş verib və bir neçə nəfər xəsarət alıb.
Meydan TV-nin öz mənbələrinə istinadən əldə etdiyi ilkin məlumatlara görə, xəstəxanada bir neçə gün əvvəl pasiyentlərdən biri intihar edib. Bu hadisədən sonra digər pasiyentlər etiraz əlaməti olaraq qiyam qaldırıb və müəssisəni tərk etməyə cəhd göstəriblər. Lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb və qaçışın qarşısı alınıb.
Hadisədən sonra xəstəxana ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib, hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunaraq nəzarəti təmin ediblər. Sosial şəbəkələrdə yayılan video görüntülərdə də bu öz əksini tapıb.
Daxili İşlər Nazirliyi isə sosial şəbəkələrdə yayılan qaçış və zorakılıqla bağlı məlumatları təkzib edib. Qurumun açıqlamasında qeyd olunur ki, Sabunçu rayonu ərazisində yerləşən psixiatriya müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.
Bununla yanaşı, aprelin 30-da mediada yayılan xəbərlərdə Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında bir nəfərin meyitinin tapıldığı bildirilib. Məlumata görə, 38 yaşlı Yolçuyev Nahid Qoca oğlu müəssisədə ölü halda aşkarlanıb. Faktla bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparıldığı qeyd olunur.
Sosial şəbəkələrdə və bəzi pasiyent yaxınlarının açıqlamalarında isə müəssisədəki şəraitlə bağlı ciddi iddialar səsləndirilir. Bu iddialara görə, pasiyentlərə qarşı qeyri-insani rəftar edilir, döyülmə və işgəncə halları baş verir, həmçinin qeyri-qanuni ödənişlər və rüşvət hallarının geniş yayıldığı bildirilir.
Şikayətçilərdən biri vəziyyəti belə təsvir edir:
“Orada xəstələrlə vəhşi kimi davranırlar. Bir neçə ölüm hadisəsi də olub”.
Digəri isə yazır: “Qeyri-qanuni pullar tələb olunur, rüşvət adi hala çevrilib”.

Digər iddialarda isə qeyd olunur ki, bəzi hallarda ağır cinayətlər törətmiş şəxslər ailə üzvlərinin təsiri və maliyyə imkanları hesabına cəzaçəkmə müəssisəsi əvəzinə psixiatriya xəstəxanasına yerləşdirilirlər.
Məsələ ilə bağlı xəstəxananın rəsmi mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qalıb, müəssisə ilə əlaqə saxlamaq mümkün olmayıb.