Narkotiklə ittiham olunan inanclı: “Müstəntiq dedi ki, sən böyüklərin biznesinə mane olursan”

İllüstrasiya: Meydan TV

Hazırda narkotik ittihamı ilə həbsdə olan dini inanclı məhbus İsmayıl Məmmədovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) görüş və zənglərinə məhdudiyyətlər qoyulur. 

Bu barədə İsmayılovun ailəsi Meydan TV-yə məlumat verib.

Həyat yoldaşı deyir ki, İsmayıl Məmmədovu martın 3-də axşam saatlarında 7-8 mülki geyimli polis zorla maşına mindirərək polis idarəsinə aparıb. Onun sözlərinə görə, saxlanılan zaman Məmmədova zorakılıq göstərilib və ona narkotik istifadəçisi olduğunu “etiraf etməyi” tələb ediblər. İsmayıl Məmmədov bu barədə vəkili ilə görüş zamanı danışıb.

“İsmayıl həmin gün oruc tutmuşdu, iki nəfər dostu ilə birlikdə oturduqları kafedən çıxanda 7-8 nəfər mülki geyimli yaxınlaşıb, əl-qolunu tutub maşına atıblar. Yoldaşım deyir ki, qabağına narkotik qoyublar, deyiblər ki, al bunu, cibinə qoy, sənindir. O da “mən qarşı çıxdığım, heç istifadə etmədiyim, görmədiyim bir şeyi necə yəni boynuma götürə bilərəm”, deyərək etiraz edib. Müstəntiq cavab verib ki, bizim üçün problem yoxdur, aparıb ya ailə üzvlərinin birinin maşınına ya da evə qoyarıq”, – deyə həyat yoldaşı bildirib.

“Sən böyüklərin biznesinə mane olursan”

Ailəsi deyir ki, İsmayıl Məmmədov narkotiklə bağlı ittihamını qəbul etməyib, bundan sonra müstəntiq ondan telefon şifrəsini istəyib. Şifrəni verməyə etiraz edən Məmmədova yenidən zorakılıq göstərilib:

“İsmayıl deyib ki, mən narkotik istifadə edənlərə həmişə kömək olmuşam, o işdən çəkindirmişəm, siz məni buna görə həbs eləyirsiniz? Müstəntiq də deyib ki, sən böyüklərin biznesinə, ticarətinə mane olursan, elə buna görə də şərləyib həbs eləyirik”.

Məmmədov külli miqdarda narkotik vasitələrin istifadəsi maddəsi ilə ittiham olunur. Məhbus ailəsi ilə danışıq zamanı bildirib ki, polis idarəsində gördüyü zorakılıqdan huşunu itirib. Bundan sonra telefonun şifrəsini verməyə məcbur qalıb. Ona stəkanda su içirildiyini və bu hadisədən sonra qanında narkotik çıxdığını deyir.

“Dedi ki, döyüləndən sonra huşunu itirib. Ayılmadığını görəndən sonra onu başqa bir otağa aparıblar. Bir müddətdən sonra  özünə gəlib. Su ya da çay idi – yadında deyil. Veriblər ki, bunu içsin. Səhəri gün aparıblar ekspertə ki, bəs sənin qanından narkotik çıxıb. Yəni verdikləri suya və yaxud da başqa bir şeyə nəsə qatmışdılar”, – deyə yoldaşı bildirib.

Ailə deyir ki, bütün bu zorakılıqlardan sonra Məmmədova zəng və görüş qadağası da qoyulub. Penitensiar Xidmətə şikayət edən ailəyə bildirilib ki, qadağa müstəntiq tərəfindən qoyulub. Sonradan vəkil qadağanı götürüldüyünü, BİT-in müəssisə rəhbərliyi tərəfindən iddia qaldırılaraq yenidən qadağa qoyulduğunu bildirib. Ailə Ombudsmana şikayət edəndən sonra 10 dəqiqləlik telefon zənginin bərpa olunduğunu deyir:

“14 martda Ombudsman Aparatının dörd nəfər əməkdaşı Kürdəxanıya getdi və orada təxminən 10 dəqiqə zəng şəraiti yaratdılar. Vəkil bizə bildirir ki, qadağa müstəntiq tərəfindən qoyulub, müstəntiq isə deyir ki, belə bir qadağa tətbiq etməyib. Daha sonra vəkil dedi ki, müstəntiq qadağanı götürüb, lakin bu dəfə müəssisə rəisi daxildən müraciət edərək məhbusa zəng və görüş qadağası qoyulmasını tələb edib. Müəssisə rəisi də bunu qəbul etmir, müstəntiqin üzərinə atır”.

Həyat yoldaşının sözlərinə görə, müəssisədən qadağanın 15-20 gün davam edəcəyi deyilib. Amma artıq bir aydan çoxdur ki, Məmmədov ailəsi ilə telefonla danışa bilmir.

İnanclı fəalların həbsi əsasən 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra intensivləşib. 

Beynəlxalq təşkilatların hesabatına əsasən, hazırda Azərbaycanda 340 nəfər siyasi məhbus var. Onlardan 192 nəfərin dini inanclı şəxslər olduğu bildirilir. 

Ana səhifəSosialNarkotiklə ittiham olunan inanclı: “Müstəntiq dedi ki, sən böyüklərin biznesinə mane olursan”