Hazırda narkotik ittihamı ilə həbsdə olan dini inanclı məhbus İsmayıl Məmmədovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) görüş və zənglərinə məhdudiyyətlər qoyulur.
Bu barədə Məmmədovun ailəsi Meydan TV-yə məlumat verib.
Məhbusun həyat yoldaşının sözlərinə görə, İsmayıl Məmmədov martın 3-də axşam saatlarında 7-8 nəfər mülki geyimli şəxs tərəfindən zorla maşına mindirilərək polis idarəsinə aparılıb. O bildirib ki, saxlanılma zamanı Məmmədova zorakılıq göstərilib və ondan narkotik istifadəçisi olduğunu “etiraf etməsi” tələb olunub. Məmmədov bu barədə vəkili ilə görüşü zamanı danışıb.
“İsmayıl həmin gün oruc tutmuşdu. O, iki nəfər dostu ilə birlikdə oturduqları kafedən çıxarkən 7-8 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, əl-qolundan tutaraq maşına mindiriblər. Yoldaşım deyir ki, onun qarşısına narkotik qoyub “bunu götür, cibinə qoy, sənindir’”, deyiblər. O isə etiraz edərək bildirib ki, istifadə etmədiyi və heç vaxt görmədiyi bir şeyi necə üzərinə götürə bilər. Müstəntiq isə cavab verib ki, bizim üçün problem deyil, istəsək onu ailə üzvlərindən birinin maşınına və ya evlərinə yerləşdirə bilərik”, – deyə həyat yoldaşı bildirib.
Ailənin sözlərinə görə, İsmayıl Məmmədov ona qarşı irəli sürülən narkotik ittihamını qəbul etmədikdən sonra müstəntiq ondan telefonunun şifrəsini tələb edib. Şifrəni verməkdən imtina etdikdə isə ona yenidən zorakılıq göstərilib.
“İsmayıl deyib ki, o, narkotik istifadə edənlərə hər zaman kömək edib, onları bu vərdişdən çəkindirməyə çalışıb. Buna görə həbs olunmasına etiraz edib. Müstəntiq isə bildirib ki, “sən böyüklərin biznesinə mane olursan, buna görə səni şərləyib həbs edirik’”, – deyə həyat yoldaşı əlavə edib.
Məmmədov külli miqdarda narkotik vasitələrin istifadəsi maddəsi ilə ittiham olunur. O, ailəsi ilə danışığı zamanı bildirib ki, polis idarəsində məruz qaldığı zorakılıq nəticəsində huşunu itirib. Daha sonra telefonunun şifrəsini verməyə məcbur qalıb. Onun sözlərinə görə, huşu özünə qayıtdıqdan sonra ona içmək üçün su və ya çay verilib və növbəti gün qanında narkotik maddə aşkar edildiyi bildirilib.
“Dedi ki, döyüləndən sonra huşunu itirib. Özünə gəlmədiyini görən əməkdaşlar onu başqa otağa aparıblar. Bir müddətdən sonra ayılıb. Ona su, yoxsa çay olduğunu xatırlamadığı bir içki veriblər ki, içsin. Səhəri gün isə ekspertizaya apararaq qanında narkotik maddə aşkar olunduğunu bildiriblər. Yəni ehtimal edir ki, içdiyi mayeyə nəsə qatılmış ola bilər”, – deyə həyat yoldaşı bildirib.
Ailəsinin sözlərinə görə, bütün bu hadisələrdən sonra Məmmədova telefon zəngləri və görüşlərlə bağlı qadağa da tətbiq olunub. Penitensiar Xidmətə edilən müraciətə cavab olaraq bildirilib ki, məhdudiyyət müstəntiq tərəfindən qoyulub. Lakin sonradan vəkilin sözlərinə görə, müstəntiq qadağanı götürdüyünü desə də, bu dəfə təcridxananın rəhbərliyi tərəfindən yenidən məhdudiyyət tətbiq edildiyi iddia olunur.
Ailə Ombudsmana müraciət etdikdən sonra qısa müddətli zəng imkanı yaradıldığını bildirir.
“Martın 14-də Ombudsman Aparatının dörd əməkdaşı Kürdəxanıya gedərək təxminən 10 dəqiqəlik telefon danışığı imkanı yaratdı. Vəkil əvvəl bildirdi ki, qadağa müstəntiq tərəfindən qoyulub, müstəntiq isə bunu inkar etdi. Daha sonra vəkil dedi ki, müstəntiq qadağanı götürüb, lakin müəssisə rəhbərliyi daxili müraciətlə yenidən məhdudiyyət qoyulmasını istəyib. Müəssisə rəhbərliyi isə bunu qəbul etmir və məsuliyyəti müstəntiqin üzərinə qoyur”, – deyə həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, təcridxana tərəfindən qadağanın 15-20 gün davam edəcəyi bildirilsə də, artıq bir aydan çoxdur ki, Məmmədov ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir.
İnanclı fəalların həbsləri xüsusilə 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən hücumdan sonra intensivləşib.
Beynəlxalq təşkilatların hesabatlarına əsasən, hazırda Azərbaycanda 340 nəfər siyasi məhbus var. Onlardan 192 nəfərinin dini inanclı şəxslərdir.