Rus-erməni maqnatı Samvel Karapetyanın “Güclü Ermənistan Partiyalar Alyansı”nın yüksək vəzifəli üzvlərindən biri – Artur Avanesyan həbs edilib. Alyansın namizədlər siyahısına daxil edilməyən Avanesyan, partiyanın təhlükəsizlik siyasətinin planlaşdırılmasına cavabdeh olan qrupun rəhbəri kimi təqdim olunur.
OC Media yazır ki, media məlumatlarından sonra Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bazar ertəsi günü həbsi təsdiqləyib, lakin bu mərhələdə əlavə təfərrüat verməyəcəyini bildirib.
Ermənistanın İctimai Televiziyasının məlumatına görə, Avanesyan “seçki rüşvəti verməkdə şübhəli bilinərək” həbs edilib.
Dövlətə məxsus Armenpress agentliyinin yazdığına görə, Avanesyan Ermənistan Silahlı Qüvvələrinin istefada olan polkovnikidir və müharibə veteranıdır. Hetq saytı isə onun daha əvvəl “Dağlıq Qarabağ ordusu”nda xüsusi təyinatlı bölmənin komandiri kimi xidmət etdiyini bildirib.
Həbsdən sonra Karapetyanın qardaşı oğlu Narek Karapetyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə “dinc istintaq” arzulayıb.
“Azərbaycanlıların arzularını həyata keçirənləri ermənilərin arzularını həyata keçirənlərlə əvəz etməliyik”, – deyə Karapetyan yazıb.
Bundan əlavə, eyni gün Ermənistanın İstintaq Komitəsi aprelin 11-də keçirilmiş “Güclü Ermənistan” mitinqində iştirak üçün maddi təşviq göstərilməsi iddiaları ilə bağlı bir ailənin dörd üzvü barəsində istintaqa başladığını elan edib.
Hakimiyyət orqanları yalnız şəxslərin baş hərflərini açıqlayıb, lakin ailənin mitinqdə iştirak üçün “azyaşlılar da daxil olmaqla bir qrup şəxsə” 10.000 dram (27 ABŞ dolları) vəd etdiyini iddia edib. Maliyyə təşviqlərindən əlavə, ailənin Şirak vilayətinin Pokr Mantaş kəndindən Yerevana nəqliyyat təşkil etdiyi və kəndə qayıtdıqdan sonra vəd olunan məbləği ödədiyi bildirilir.
Ailə üzvlərindən biri ölkədən çıxış qadağası ilə ev dustaqlığına alınıb, digər iki nəfər ölkədən çıxış qadağası ilə inzibati nəzarətə götürülüb, azyaşlı isə tərbiyəvi nəzarət altına verilib.
Bu hallar Karapetyanın tərəfdarları ilə bağlı aparılan bir neçə istintaqın sonuncularıdır və hakimiyyət orqanları bunların seçki rüşvəti və ya partiya mitinqlərində iştiraka sövq etmə ilə əlaqəli olduğunu bildirir.
İctimai rəy sorğuları göstərir ki, Karapetyanın alyansı 7 iyun tarixində keçirilməsi planlaşdırılan parlament seçkilərində Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının əsas rəqibi olacaq.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.