Gərginlik kölgəsində yaxınlaşma görüntüsü: Rusiya–Azərbaycan qarşıdurmasında taym-aut?

Foto-kollaj: Meydan TV

Son günlərdə Bakı ilə Moskva arasında diqqətçəkən diplomatik aktivlik müşahidə olunur. Tərəflərin Aktauda baş vermiş AZAL-a məxsus təyyarə qəzası ilə bağlı kompensasiya ödənilməsi üçün razılığa gəlməsi, ardınca hər iki ölkənin hökumətlərarası komissiyasının birgə iclası və iqtisadi əməkdaşlıqla bağlı mesajların verilməsi iki ölkə arasında münasibətlərin normallaşdığı təəssüratını yaradır.

Rusiya–Azərbaycan münasibətlərində müşahidə olunan yumşalma ilk baxışda ziddiyyətli mənzərə yaradır. Bir tərəfdən, 2024-cü ilin dekabrında baş vermiş və 38 nəfərin ölümü ilə nəticələnən AZAL təyyarə qəzası iki ölkə arasında ciddi siyasi gərginlik doğurmuş, qarşılıqlı ittihamlar və sərt bəyanatlarla müşayiət olunmuşdu. Bakı rəsmi şəkildə Rusiyanı hadisəyə görə məsuliyyət daşımaqda ittiham edir, kompensasiya və günahkarların cəzalandırılmasını tələb edirdi. Bu fonda Rusiyada Azərbaycan diasporuna qarşı əməliyyatlar, Bakıda isə Rusiya vətəndaşlarının, o cümlədən “Sputnik Azərbaycan” əməkdaşlarının saxlanılması münasibətləri daha da kəskinləşdirmişdi. Bütün bunlar münasibətləri son 30 ilin ən gərgin mərhələsinə gətirib çıxarmışdı.

Aprelin 16-da Bakıda keçirilən Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının iclasında baş nazirin müavini Şahin Mustafayevin səsləndirdiyi rəqəmlər isə gərginliyin artıq geridə qaldığı təəssüratını gücləndirir. Baş nazirin müavini bildirmişdi ki, Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 10.7 milyard dolları ötür, ticarət dövriyyəsi isə 2025-ci ildə 4.9 milyard dollara çatıb. Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfəri zamanı səsləndirilən “əməkdaşlığın inkişafı” bəyanatları, həmçinin Azərbaycan rəsmilərinin “mehriban qonşuluq və strateji tərəfdaşlıq” ritorikasına qayıtması gərginliyin arxada qaldığı mesajını verir.

Foto: Azərtac

Bu iki paralel xətt,  yəni yaxın keçmişin gərginliyi və indiki normallaşma mesajları yeni bir sual ortaya çıxarır:

Bakı ilə Moskva arasında müşahidə olunan bu yaxınlaşma həqiqətən dərinləşən strateji əməkdaşlığın göstəricisidir, yoxsa tərəflərin regional və qlobal şərtlərdən doğan məcburi siyasi gedişidir? 

İlk baxışda iki ölkə arasındakı böhranın əsas səbəbi AZAL təyyarəsinin qəzası və bununla bağlı yaranan diplomatik qarşıdurma kimi görünür. Lakin məsələ təkcə bu hadisə ilə məhdudlaşmır. Təyyarə böhranı əslində tərəflər arasında artıq mövcud olan narazılıqları üzə çıxaran katalizator rolunu oynadı.

Son illərdə Qarabağdan sonra formalaşan yeni geosiyasi reallıq ( Avropa Birliyinin və daha sonra ABŞ-nin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında fəal iştirakı) Moskvanın Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərini zəiflədib. Bakı əvvəlki dövrlərlə müqayisədə Rusiya faktorunu uzaq tutmağa çalışır, Moskva isə bunu öz təsir dairəsinin daralması kimi qəbul edir.

Gərginlik fonunda baş verən hadisələr: qarşılıqlı təzyiq alətləri

Son bir ildə Bakı ilə Moskva arasında münasibətlərdə gərginlik təkcə diplomatik bəyanatlarla məhdudlaşmayıb. Tərəflər paralel şəkildə həm informasiya, həm hüquqi, həm də təhlükəsizlik müstəvisində bir-birinə qarşı təzyiq alətlərini işə salıblar.

2025-ci ilin yanvarında Bakıda fəaliyyət göstərən “Rus Evi” kimi tanınan “Rossotrudniçestvo” nümayəndəliyi ətrafında yaranan qalmaqal bu xəttin ilk açıq epizodlarından biri oldu. Hakimiyyətyönlü mediada qurum “kəşfiyyat fəaliyyəti” ilə əlaqələndirildikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi təşkilatın hüquqi qeydiyyatının olmadığını əsas gətirərək onun fəaliyyətini faktiki dayandırdı. Ardınca “Rossotrudniçestvo” nümayəndəliyi rəsmi şəkildə fəaliyyətini dayandırdığını açıqladı. Moskva bu addımı “səhv” adlandırdı və məsələni siyasi dialoq vasitəsilə həll etməyə çalışacağını bildirdi. Qarşılıqlı olaraq səfirlərin XİN-lərə çağırılaraq nota verilməsi isə hadisənin sırf hüquqi yox, açıq diplomatik qarşıdurma xarakteri daşıdığını göstərdi.

Eyni dövrdə informasiya müstəvisində qarşıdurma daha da sərtləşdi. 2025-ci ilin fevralında Azərbaycanın Xarici İşlər Nazirliyi “Sputnik Azərbaycan”ın akkreditasiyasını ləğv etdi. İyunun 30-da isə Daxili İşlər Nazirliyi agentliyin Bakı ofisində əməliyyat keçirərək 7 nəfəri saxladı, onlardan ikisi — baş redaktor İqor Kartavıx və Yevgeni Belousov həbs edildi. Rəsmi versiyada səbəb “qanunsuz maliyyələşmə və akkreditasiyasız fəaliyyət” kimi göstərilsə də, hökumətyönlü mediada saxlanılan şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqəli olduğu iddiaları səsləndirildi. Moskva isə bu addımı açıq şəkildə siyasi məsələ kimi qiymətləndirərək saxlanılanların azad olunmasını tələb etdi. Daha sonra həmin şəxslər azadlığa buraxıldı və Rusiyaya geri döndü. 

Bu hadisələrin fonunda Rusiyada azərbaycanlılara qarşı zorakılıq epizodları da artdı. 2025-ci ilin iyununda Yekaterinburqda keçirilən polis əməliyyatı zamanı iki azərbaycanlının öldürülməsi Bakı tərəfindən “nümayişkaranə qətl” kimi qiymətləndirildi və Azərbaycan Baş Prokurorluğu cinayət işi açdı. Hadisə ilə bağlı rəsmi Bakının sərt reaksiyası iki ölkə arasında gərginliyi daha da artırdı. Bu ilin aprelin 13-də  azərbaycanlı diaspor nümayəndələri Şahin Şıxlinskiyə ümumilikdə 24 il, oğlu Mutvalı Şıxlinskiyə isə 8 il həbs cəzası verilməsi Rusiyada diaspor üzvlərinə ağır cəzaların tətbiq olunduğunu göstərir. 

Daxili siyasi müstəvidə isə “Rusiya faktoru”nun təhlükəsizlik məsələsi kimi təqdim edilməsi diqqət çəkir. 2025-ci ilin oktyabrında uzun illər hakimiyyətin əsas fiqurlarından biri olmuş Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd kimi ağır ittihamlarla cinayət işi açılması bu baxımdan simvolik addım idi. Mediaya və siyasi diskursa paralel şəkildə onun “Rusiyanın Azərbaycandakı təsir şəbəkəsinin nümayəndəsi” kimi təqdim olunması bu işi təkcə hüquqi yox, həm də siyasi mesaj kimi önə çıxardı.

Ramiz Mehdiyev, Mənbə: https://science.gov.az/

Eyni iş çərçivəsində ölkənin əsas aparıcı müxalifət partiyası hesab olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiya funksionerlərinin həbsləri isə “Rusiya ilə əlaqə” ittihamının daha geniş siyasi kontekstdə istifadə olunduğunu göstərdi. Bu isə daxili müxalifətə qarşı təzyiq aləti ilə xarici siyasi xəttin kəsişdiyi nöqtə kimi qiymətləndirilə bilər.

Məhz bu kontekstdə Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı təzyiqlər, Bakıda rusiyapərəst strukturların fəaliyyətinin məhdudlaşdırılması və ölkə daxilində “Rusiya ilə əlaqələr” ittihamı ilə aparılan həbslər münasibətlərdə qarşılıqlı güc nümayişinin elementləri kimi ortaya çıxır.

Bu baxımdan gərginlik təkcə diplomatik insident deyil, iki ölkə arasında dəyişən güc balansının və təsir uğrunda mübarizənin nəticəsi kimi başa düşülməlidir.

Rusiyanın Azərbaycana təsir alətləri: sərt gücdən yumşaq təsirə

Rusiyanın ən mühüm təsir alətlərindən biri iqtisadi sahədir. Rusiya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Son rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür, Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar isə 10 milyard dollardan artıqdır. Bu, Moskvanın iqtisadi rıçaqlar vasitəsilə Bakı ilə münasibətlərdə təsir imkanlarını qoruduğunu göstərir.

Bununla yanaşı, miqrasiya faktoru Rusiyanın əlində mühüm sosial-iqtisadi təsir vasitəsidir. On minlərlə azərbaycanlı Rusiyada çalışır və ailələrini oradan göndərilən vəsaitlə təmin edir. Bu asılılıq potensial olaraq Moskvanın qeyri-rəsmi təzyiq mexanizmi kimi çıxış edə bilər. Yekaterinburq hadisələri fonunda diaspor üzvlərinə qarşı sərt davranışların artması bu alətin necə istifadə oluna biləcəyini açıq şəkildə göstərdi.

Humanitar və mədəni təsir də az əhəmiyyətli deyil. Azərbaycanda rusdilli təhsil sektoru geniş olaraq qalır, rus dili hələ də şəhər mühitində və elita daxilində aktiv istifadə olunur. Bu isə Rusiyaya uzunmüddətli “yumşaq güc” təsiri verir. 

Yaxınlaşmanın səbəbləri: geosiyasi və regional kontekst

Bakı ilə Moskva arasında müşahidə olunan son normallaşma yalnız ikitərəfli münasibətlərin daxili dinamikası ilə izah olunmur. Bu proses daha geniş — regional və qlobal geosiyasi dəyişikliklərin təsiri altında formalaşır.

İlk növbədə, Cənubi Qafqazda son illərdə yaranmış yeni güc balansı diqqət çəkir. Qarabağ münaqişəsinin bitməsi Moskvanın ənənəvi təsir imkanlarını məhdudlaşdırıb. Rusiya əvvəlki kimi regionun əsas təhlükəsizlik təminatçısı rolunu tam şəkildə icra edə bilmir və bu, onun Bakı ilə münasibətlərdə daha ehtiyatlı davranmasına səbəb olur.

Eyni zamanda, Ermənistan faktorunun transformasiyası da bu balansı dəyişir. Yerevanın tədricən Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya istiqamətində addımlar atması Moskvanın regiondakı dayaqlarını zəiflədir. Bu şəraitdə Azərbaycan Rusiya üçün daha önəmli tərəfdaşa çevrilir — ən azı regional təsirini qorumaq baxımından.

Qlobal səviyyədə isə Rusiyanın Ukrayna müharibəsi fonunda artan təcridi mühüm rol oynayır. Qərblə qarşıdurma şəraitində Moskva üçün yaxın regionlarda sabit və praqmatik münasibətlər saxlamaq prioritetə çevrilib. Bu, xüsusilə nəqliyyat, logistika və alternativ iqtisadi əlaqələr baxımından əhəmiyyətlidir. Azərbaycan isə bu kontekstdə həm coğrafi, həm də siyasi baxımdan vacib tranzit və tərəfdaş ölkə kimi çıxış edir.

Digər tərəfdən, Azərbaycan da balans siyasətini davam etdirməyə çalışır. Bakı bir tərəfdən Qərb institutları və Türkiyə ilə əməkdaşlığı genişləndirir, digər tərəfdən isə Rusiya ilə münasibətləri kəskin qarşıdurma həddinə çatdırmaqdan çəkinir. Bu, xüsusilə təhlükəsizlik və iqtisadi sabitlik baxımından risklərin idarə olunması strategiyası kimi görünür.

Nəqliyyat dəhlizləri və regional layihələr də tərəfləri əməkdaşlığa məcbur edən amillər sırasındadır. Şimal–Cənub nəqliyyat marşrutu kimi təşəbbüslər həm Rusiya, həm də Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlıq qarşılıqlı maraqların üst-üstə düşdüyü nadir istiqamətlərdən biridir.

Beləliklə, mövcud yaxınlaşma daha çox tərəflərin dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq cəhdi kimi görünür. Bu isə onu göstərir ki, münasibətlərdəki yumşalma dərin strateji transformasiyadan çox, xarici təzyiqlər və regional zərurətlər nəticəsində formalaşan praqmatik uzlaşmadır.

Moskvanın son addımları daha çox zərurətdən irəli gəlir

Meydan TV-yə danışan siyasi şərhçi Elxan Şahinoğlu da bildirir ki, Ukrayna müharibəsi fonunda Rusiyanın manevr imkanlarının daralması Bakı ilə münasibətləri normallaşdırmağı zəruri edir:

Elxan Şahinoğlu foto Meydan TV
Elxan Şahinoğlu. Foto: Meydan TV

“Görünür, Rusiya hakimiyyəti artıq belə bir qənaətə gəlir ki, Ukraynaya qarşı apardığı müharibə səbəbindən sanksiyalarla üzləşən və dünya bazarlarına çıxışı məhdudlaşan Rusiya üçün Azərbaycan kimi Cənubi Qafqazın əsas dövlətini itirmək məqsədəuyğun deyil. Münasibətlərin gərginləşməsi Rusiyanın maraqlarına cavab vermir”.

Onun sözlərinə görə, bu kontekstdə AZAL təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həllinə getmək Moskvanın praqmatik addımı kimi qiymətləndirilə bilər. Şahinoğlu həmçinin qeyd edir ki, Rusiyanın regionda artan maraqları, xüsusilə nəqliyyat layihələri ilə bağlı planları da Bakı ilə münasibətləri sabitləşdirmək ehtiyacını artırır:

“Ola bilsin ki, Rusiya nəqliyyat yollarının tikintisi və istifadəsində də daha fəal rol almaq istəyir”.

Bununla yanaşı, o vurğulayır ki, normallaşma hələ tam deyil və qarşılıqlı problemlər qalmaqdadır:

“Bu, o demək deyil ki, siyasi müstəvidə bütün məsələlər tam həll olunub. Rusiyada azərbaycanlılara qarşı təzyiqlər hələ də davam edir, həbsdə olan soydaşlarımız var, hətta günahsız insanların öldürülməsi halları da baş verib”.

Foto: Nahid Cəfərovun şəxsi “Facebook” səhifəsi

Keçmiş diplomat Nahid Cəfərov isə münasibətlərin dinamikasını yalnız Moskva–Bakı xətti ilə deyil, daha geniş güc balansı prizmasından izah edir. Onun fikrincə, gərginliyin artmasında Azərbaycanın alternativ xarici siyasət istiqamətlərinə yönəlməsi mühüm rol oynayıb:

“Münasibətlərin kəskinləşməsinin əsas səbəblərindən biri, məncə, Azərbaycan–ABŞ münasibətlərinin inkişafı, Trampın regiona maraq göstərməsi və müəyyən layihələrin gündəmə gəlməsi idi”.

Cəfərov hesab edir ki, sonradan beynəlxalq vəziyyətdə baş verən dəyişikliklər Bakının hesablamalarına da təsir edib:

“ABŞ–İran qarşıdurması fonunda ABŞ-nin Avropaya, o cümlədən Ukraynaya dəstəyinin azalması Rusiyaya əlavə imkanlar yaratdı və onun bu müharibədə qalib gəlmə ehtimalını müəyyən qədər artırdı. Bu da İlham Əliyevin hesablamalarına təsir edə bilər: yəni münasibətləri indidən normallaşdırmaq”.

Onun fikrincə, bu normallaşma həm də ehtiyatlanma xarakteri daşıya bilər ki, “gələcəkdə Rusiya müharibədən qalib çıxarsa, Azərbaycan növbəti hədəfə çevrilməsin”.

Strateji dönüş, yoxsa taktiki balans?

Ekspert daxildə baş verən proseslərlə Rusiya amilinin birbaşa əlaqələndirilməsinə ehtiyatla yanaşır. Nahid Cəfərov hesab edir ki, siyasi həbslər daha çox daxili və Qərblə münasibətlər kontekstində izah olunmalıdır:

“Düşünmürəm ki, bu həbslərin kökündə Rusiya–Azərbaycan münasibətlərinin gərginliyi dayanır. Əsas səbəb Avropanın Azərbaycana olan ehtiyacının artmasıdır”.

Onun fikrincə, bu şəraitdə hakimiyyət daxildə nəzarəti gücləndirməyə çalışır:

“İlham Əliyev bunu fürsətə çevirməyə çalışır və daxildə bütün narazı qüvvələri, azad mətbuatı və ümumilikdə bütün müstəqil səsləri məhdudlaşdırmağa çalışır”.

Ekspert də bildirir ki, Bakı–Moskva münasibətlərindəki dinamika ilə ölkədaxili proseslər arasında əlaqə mövcud olsa da, bu əlaqə birbaşa xarakter daşımır.

Bir sözlə, Bakı ilə Moskva arasında münasibətlər nə tam qarşıdurma, nə də sabit strateji əməkdaşlıq mərhələsindədir. Daha real mənzərə “idarə olunan rəqabət” modelinə uyğundur.

Son normallaşma addımları fundamental ziddiyyətlərin aradan qalxmasından çox, tərəflərin riskləri idarə etmək cəhdini əks etdirir. Əməkdaşlıq və qarşıdurma elementləri paralel şəkildə mövcuddur: iqtisadi əlaqələr davam edir, eyni zamanda siyasi və təhlükəsizlik sahəsində qarşılıqlı şübhə qalır.

Bu baxımdan, mövcud yaxınlaşmanı uzunmüddətli strateji dönüş kimi qiymətləndirmək çətindir. Daha çox bu, tərəflərin artan risklər fonunda seçdiyi taktiki uzlaşmadır, yəni  növbəti gərginlik mərhələsinə qədər uzanan fasilə.

Ana səhifəAnalitikaGərginlik kölgəsində yaxınlaşma görüntüsü: Rusiya–Azərbaycan qarşıdurmasında taym-aut?