Rusiyaya qarşı yeni sanksiyalar: Siyahıda Azərbaycan bankı da var

Foto: ChatGPT

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul edib və bu paketdə ilk dəfə olaraq üçüncü ölkələrdəki, o cümlədən də Azərbaycandakı maliyyə qurumları birbaşa hədəfə alınıb.

Aİ maliyyə əməliyyatlarına qoyulan qadağanı genişləndirərək Qırğızıstan, Laos və Azərbaycanda yerləşən dörd banka da şamil edib. Brüssel iddia edir ki, bu banklar Rusiyaya sanksiyalardan yayınmağa kömək edir və ya Rusiyanın maliyyə mesajlaşma sisteminə qoşulub.

Aİ-nin sənədində birbaşa adı çəkilməsə də ona işarə edildiyi bilinən “Yelo Bank” artıq bununla bağlı rəsmi açıqlama da yayıb. Açıqlamadan da aydın olur ki, bankın sanksiya siyahısına düşməsinə səbəb onun SWIFT-in analoqu olan Rusiya maliyyə mesajlaşma sisteminə (SPFS) qoşulması olub.

“Bankımız bu sistemə çox öncədən qoşulmuş olsa da, hazırda əməkdaşlığı rəsmi şəkildə dayandırıb və bu platforma üzərindən heç bir əməliyyat həyata keçirmir”, – bankın açıqlamasında deyilir.

SPFS — SWIFT-ə alternativ olan Rusiya maliyyə mesajlaşma sistemidir. O, 2014-cü ildən sonra tətbiq olunan ilk sanksiyalardan sonra yaradılıb ki, banklar Qərb maliyyə infrastrukturundan asılı olmadan ödənişlər həyata keçirə bilsin və Rusiyanın SWIFT-dən ayrılması halında alternativ mövcud olsun.

“Yelo Bank”ın bu gün dərc olunan açıqlamasında həm də “məsələnin yenidən nəzərdən keçirilməsi və ləğv edilməsi məqsədilə artıq aidiyyəti qurumlar və hüquqi instansiyalarla rəsmi işlərə” başlanıldığı deyilir.

Sanksiyalar paketinə daha nələr daxildir

Ümumilikdə yeni paket Aİ-nin Ukraynanın suverenliyinə dəstəyinin dəyişməz qaldığını bir daha təsdiqləyir. Məhdudiyyətlər Rusiyaya təzyiqi artırmaq, onu Kiyev üçün məqbul şərtlərlə danışıqlara sövq etmək və eyni zamanda sanksiyalardan yayınma kanallarını bağlamaq məqsədi daşıyır.

Paketin əsas hissələrindən biri enerji sahəsinə yönəlib. Rusiyanın enerji sektorunda fəaliyyət göstərən 36 obyekt — neftin kəşfiyyatı, hasilatı, emalı və daşınması ilə məşğul olan qurumlar — sanksiya siyahısına daxil edilib. Aİ həmçinin “kölgə donanması”na qarşı tədbirləri genişləndirib: siyahıya yeni şirkətlər, bir sığortaçı və 46 gəmi əlavə olunub. Beləliklə, sanksiya tətbiq olunan gəmilərin ümumi sayı 632-yə çatıb. Bu gəmilərin Aİ limanlarına daxil olması və xidmətlərdən istifadə etməsi qadağan edilib. Bundan əlavə, tanker satışına, LNG gəmilərinin texniki xidmətinə və terminallardan istifadəyə yeni məhdudiyyətlər tətbiq olunub.

Maliyyə sektorunda Aİ Rusiyaya qarşı təzyiqi gücləndirərək daha 20 bankı sanksiya siyahısına əlavə edib. Beləliklə, məhdudiyyətlərə məruz qalan rus banklarının ümumi sayı 70-ə çatıb. Eyni zamanda, sanksiyalardan yayınmaq üçün istifadə olunan kriptoxidmətlərə və mərkəzləşdirilməmiş platformalara qarşı tam qadağa tətbiq edilib. RUBx adlı rubl əsaslı stabilkoin və hazırlanmaqda olan rəqəmsal rubl da məhdudiyyətlərə daxil edilib. Bundan başqa, Rusiyadan beynəlxalq ödənişlərin sanksiyalardan yayınaraq həyata keçirilməsinə kömək edən vasitəçilərlə əməliyyatlar da qadağan olunub.

Ticarət sahəsində qəbul edilən tədbirlər Rusiyanın hərbi-sənaye kompleksini zəiflətməyə yönəlib. Aİ silah istehsalında istifadə oluna biləcək komponentlər də daxil olmaqla bir sıra məhsul və texnologiyaların ixracını qadağan edib, həmçinin metalların, kimyəvi maddələrin və digər resursların idxalına məhdudiyyətlər qoyub. Kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi də məhdudlaşdırılıb.

Sanksiyalar müdafiə sektorunu da əhatə edir. Siyahıya hərbi məhsulların, o cümlədən dronların istehsalında iştirak edən 58 şirkət və onlarla əlaqəli şəxslər daxil edilib. Həmçinin Çin, BƏƏ, Qazaxıstan, Özbəkistan və Belarus kimi ölkələrdə yerləşən tədarükçülər də sanksiyalara məruz qalıb.

Aİ ilk dəfə olaraq sanksiyalardan yayınmaya qarşı xüsusi mexanizmi aktivləşdirib. Bu mexanizm Rusiyaya dron və raket istehsalında istifadə olunan avadanlıqların təkrar ixracının qarşısını almayan Qırğızıstana qarşı tətbiq olunub. Ümumilikdə, Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 60 təşkilat siyahıya əlavə edilib.

Paket çərçivəsində fərdi sanksiyalar da genişləndirilib. Daha 120 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq olunub. Bunlara oliqarxlar, təbliğatçılar və Ukraynadan uşaqların Rusiyaya köçürülməsində iştirak edən şəxslər daxildir.

Ayrıca, Aİ şirkətlərinin qorunmasına yönəlmiş tədbirlər də qəbul edilib. Avropa şirkətləri artıq zərərin ödənilməsini tələb etmək və xarici məhkəmələrdə sui-istifadə hallarına qarşı müdafiə olunmaq imkanı əldə edir. Həmçinin Rusiyada Avropa şirkətlərinin müsadirə edilmiş aktivlərindən faydalanan qurumlara qarşı da məhdudiyyətlər tətbiq olunur.

Bundan əlavə, Aİ Rusiya təbliğatına qarşı mübarizəni gücləndirərək “güzgü” saytların bloklanmasını nəzərdə tutur və Rusiyadan elmi-tədqiqat layihələrinin maliyyələşdirilməsini qadağan edir.

Bu tədbirlərin bir hissəsi Belarusa qarşı tətbiq olunan sanksiya rejiminə də şamil edilib və ticarət, maliyyə və xidmət sahələrini əhatə edir.

Ana səhifəXəbərlərRusiyaya qarşı yeni sanksiyalar: Siyahıda Azərbaycan bankı da var