Bu gün, aprelin 24-də Binəqədi Rayon Məhkəməsində Qurbanəli Yusibovun Samirə Qasımlıya qarşı qaldırdığı ittiham üzrə məhkəmənin baxış iclası keçirilib.
Prosesə hakim Zamiq Bağırov sədrlik edib.
Samirə Qasımlı məhkəmədə şifahi vəsatət qaldıraraq işə Yasamal Rayon Məhkəməsində baxılmasını tələb edib.
“Mən Yasamal rayonunda yaşayıram və mənim ittiham olunduğum “cinayət” də elə bu rayonda, yaşadığım ərazidə baş verib. Çünki mən hakimə də dedim ki, bəli, mən yaşadığım evdən bu paylaşımları etmişəm. Ona görə biz bu barədə şifahi vəsatət qaldırdıq, amma gələn iclasda, prosesdə isə onu yazılı şəkildə verəcəyik”, – deyə Samirə Qasımlı Meydan TV-yə bildirib.
Bundan sonra məhkəmə prosesi baxılmadan qalıb.
Növbəti məhkəmə mayın 1-nə təyin edilib.
Hazırda həbsdə olan Siyasi Menecment İnstitutunun rəhbəri, siyasətçi Azər Qasımlı barəsində şikayət etmiş Qurbanəli Yusibov bu dəfə onun həyat yoldaşı Samirə Qasımlı haqqında xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.
Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkilləri bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var.
Siyasətçiyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.