Bakının Xətai rayonu, Aşıq Ələsgər küçəsi 2 ünvanında yerləşən binanın sakinləri 11 ildir ki, mənzillərinə çıxarış (“kupça”) ala bilmirlər. Sakinlərin sözlərinə görə, binanı fərdi sahibkar Zaur Abdullayev inşa edib və 2016-cı ildə həmin binada mənzil sahibi olan ailələr ora köçüb. Lakin köçdükdən sonra sahibkar tikintini yarımçıq qoyaraq öhdəliklərindən yayınıb, nəticədə insanlar binaya qaz və su xətlərini öz vəsaitləri hesabına çəkdirməyə, lifti özləri quraşdırmağa məcbur olublar.
Baxmayaraq ki, mənzillər notarial qaydada Elçin Əliyev adlı şəxsin adına rəsmiləşdirilmiş müqavilələrlə alınıb, Fövqəladə Hallar Nazirliyi (FHN) binanı istismara qəbul etmir. Buna səbəb sənədlərdə 9 mərtəbə nəzərdə tutulsa da, sonradan binanın 10 mərtəbə inşa edilməsidir. Məhz bu uyğunsuzluq sakinlərin mülkiyyət hüququnun tanınmasına mane olur.
“Öz evimizdə havada qalmışıq”
Sakinlər deyirlər ki, bu illər ərzində döymədikləri qapı qalmayıb. Onlar hər dəfə boş vədlərlə yola salınmaqdan yorulublar.
“Biz öz pulumuzla ev almışıq, amma dövlət bizi görməzdən gəlir. Lifti özümüz quraşdırmışıq, qazı-suyu öz vəsaitimizlə çəkdirmişik. Bəs dövlət qurumları hara baxır? 11 ildir bizi aldadırlar, işimizə baxacaqlarını desələr də, heç bir real addım atılmır. Hüquqi baxımdan mülkiyyətçi sayılmırıq, öz evimizdə havada qalmışıq”, – deyə sakinlər şikayətlənir.
Sakinlər bu vəziyyətdən necə çıxa bilərlər?
Bəs on bir ildir sənəd ala bilməyən sakinlər bu vəziyyətdən necə çıxa bilərlər? – sualını əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə cavablandırır. O, Meydan TV-yə deyir ki, vətəndaşların notariusda bağladıqları müqavilələr çox vaxt yanlış olaraq mülkiyyət sənədi kimi qəbul edilir. Reallıqda isə bu müqavilələr sadəcə tərəflər arasında pulun ödənildiyini və gələcəkdə mənzilin vətəndaşa veriləcəyinə dair öhdəliyi təsdiqləyir. Bina dövlət qəbulundan keçməyincə, yəni istismar aktı alınmayınca, həmin binadakı mənzillər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata salınmır. Nəticədə, vətəndaş faktiki olaraq o evdə yaşasa da, hüquqi baxımdan mülkiyyətçi hesab olunmur, mənzilə rəsmi qeydiyyata düşə bilmir və onu qanuni yolla sata və ya vərəsələrinə ötürə bilmir.
Ekspert deyir ki, bu kimi hallarda çıxış yolu ya binanın artıq tikilmiş hissəsinin sökülərək layihəyə uyğunlaşdırılması, ya da binanın yenidən layihələndirilməsidir. Bunun üçün bina məhkəmə yolu ilə texniki təhlükəsizlik ekspertizasından keçirilməlidir ki, bu da illərlə davam edən ağır hüquqi prosedurlar tələb edir:
“Sakinlər kollektiv şəkildə tikintini icra edən sahibkarı məhkəməyə verməlidirlər. Vətəndaşlar həm onlara dəyən ziyanın ödənilməsini tələb etməli, həm də məhkəmə yolu ilə tikinti hüquqlarını həmin adamdan alıb başqa bir şirkətə verməyə nail olmalıdırlar”.
Daha bir sual yaranır: dövlət binanı təhvil almamış vətəndaşlar niyə ora köçürülür?
Bakıda çoxmərtəbəli binaların kütləvi tikintisi 2000-ci illərin əvvəlindən başlayıb. O vaxtdan bəri paytaxtda yüzlərlə bina tikilsə də, onlardan 400-dən çoxu hələ də rəsmi qeydiyyata alınmayıb. Bu isə o deməkdir ki, həmin binalarda yaşayan minlərlə ailənin evinə hələ də “kupça” verilmir.
Kağız üzərində islahat, reallıqda özbaşınalıq: Qanunlar niyə işləmir?
Bəs bu xaotik vəziyyətin hüquqi tərəfi nəyi deyir və çıxış yolu haradadır?
Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə bildirir ki, məsələyə zəncirvari yanaşdıqda, əvvəlcə torpaq məsələsi, sonra onun statusu, daha sonra isə istismar problemi gəlir. Onun sözlərinə görə, Azərbaycanda kağız üzərində bəzi islahatlar aparılsa da, reallıqda qanunlar işləmir və vətəndaşlar rüşvət zəncirinin qurbanı olaraq qalırlar:
“Dövlət 2019-cu ildə sənədləşməni sadələşdirmək üçün fərman versə də, bu, problemi kökündən həll etmədi. Əvvəllər bina hazır olmadan vətəndaşdan açıq şəkildə rüşvət tələb olunurdu. Bu gün də vəziyyət oxşardır, insanlar öz pulları ilə aldıqları evə sənəd almaq üçün hələ də süni əngəllərlə üzləşirlər. Şəffaflıqdan danışılsa da, məmur özbaşınalığı və rüşvət istəyi hələ də qalır”.
Hüquqşünas vurğulayır ki, minlərlə insan dövlət tərəfindən “taleyin ixtiyarına” buraxılıb:
“Yaşayış üçün təhlükəli olan yüzlərlə bina hələ də hüquqi boşluqdadır. Qanunlar kağız üzərində qalıb, işlək bir mexanizm yoxdur. İnsanların hər addımda rüşvət verməyə imkanı çatmır. Nəticədə ailələr sənədsiz, qeydiyyatsız və təhlükəli binalarda yaşamağa məcbur olurlar. Qanuna görə, bina hazır olan kimi bir ay ərzində işığı, qazı və suyu rəsmən çəkilməlidir, amma bu qaydaya əməl edən yoxdur”.
Ruslan Əliyevin fikrincə, vətəndaşların bu vəziyyətdən çıxması üçün dövlət real addım atmalıdır:
“Ya binanı tikən iş adamının əmlakı əlindən alınmalı və bu işlər görülməli, ya da dövlət insanları təhlükəsiz yerlə təmin etməlidir. İndiki vəziyyətdə vətəndaş ev sahibi deyil, bu qanunsuz sistemin girovudur”.
Sorğular cavabsız, sahibkarlar isə susqundur
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da, qanunla nəzərdə tutulmuş müddət ərzində sorğularımız cavablandırılmayıb. Binanı inşa etdiyi iddia olunan Zaur Abdullayev və sənədləşdirmədə adı keçən Elçin Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı. Adı çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq.