Ermənistanın təxminən on il ərzində ölkəni idarə etmiş Respublika Partiyası qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. Partiyaya 2008-ci ildən 2018-ci ildə “Məxməri İnqilab” zamanı istefaya məcbur edilənədək Prezident, daha sonra isə Baş nazir olmuş Serj Sarkisyan rəhbərlik edir.
OC Media yazır ki, çərşənbə günü yayılan bəyanatda partiya bildirib ki, bu qərar “əhatəli təhlildən” sonra qəbul edilib.
Respublika Partiyasının siyasi mövqeləri, o cümlədən hansı partiya və ya namizədi dəstəkləyəcəyi ilə bağlı daha ətraflı məlumat 4 aprelə planlaşdırılan partiya konfransından sonra açıqlanacaq.
Mübahisəli fiqur olan Sarkisyan korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı cinayətlərdə ittiham olunub.
2025-ci ildə onun hakimiyyətdə olduğu dövrlə bağlı yeni ittihamlar irəli sürülüb. Respublika Partiyasının hakimiyyəti dövründə geniş yayılmış korrupsiya iddiaları onun devrilməsi ilə nəticələnən inqilabın əsas səbəblərindən biri olub.
Partiya 2021-ci ildə keçirilən növbədənkənar seçkilərin nəticəsi olaraq “Şərəfim var” fraksiyası tərkibində parlamentdə yeddi mandat qazanmışdı.
Ermənistanda bir çoxları tərəfindən həlledici hesab olunan parlament seçkilərinin 7 iyunda keçirilməsi planlaşdırılır.
Son sorğulara görə, hazırkı Baş nazir Nikol Paşinyan və onun Vətəndaş Müqaviləsi Partiyası hazırda əhəmiyyətli üstünlüyə malikdir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.