Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Elmin Rüstəmovun sədrlik etdiyi məhkəmə prosesində Zamin Zəkiyə hökm oxunub.
Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Zamin Zəkiyə Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə böyük məbləğdə əmlakın leqallaşdırılması kimi bir neçə maddəsi üzrə ittihamlar irəli sürülüb.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb
“QHT işi” çərçivəsində həbslər 2025-ci ilin martında başlayıb. O zaman hüquq müdafiəçisi Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.
Apreldə isə daha üç nəfər – Asəf Əhmədov, Zamin Zəki və Əhməd Məmmədzadə – eyni qərarla həbs edilib.
İstintaq zamanı bir sıra fəal şəxslərə isə həbs əvəzinə alternativ qətimkan tədbirləri seçilib. Bunlar arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və başqaları var.
Habelə, ölkədən kənarda yaşayan Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında həbsli axtarış qərarı verilib.