Fatimə Mövlamlı aclığa başlayıb, Aynur Elgünəş görüşlərdən imtina edib

İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Fatimə Mövlamlı ailə üzvləri ilə açıq görüşə qadağa qoyulduğuna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bu barədə jurnalistin anası Vüsalə Mövlanova sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, qızının saxlandığı otaqdan bütün qida məhsulları çıxarılıb.

“Fatimə ailələrlə açıq görüşə qadağa qoyulduğuna görə bu gündən aclıq aksiyasına başlayıb. Otaqdan bütün qida məhsulları çıxarılıb. Tələbi açıq görüşün bərpa olunması və hüquqlarının təmin edilməsidir”, – Vüsalə Mövlanova yazıb.

O əlavə edib ki, qızının həyatına hər hansı təhlükə yaranarsa, buna görə həbsxana rəhbərliyi məsuliyyət daşıyacaq.

“Övladımın həyatının təhlükəsizliyinə görə birbaşa türmə rəisi Elnur İsmayılov və onun müavini Cavid Güləliyev məsuliyyət daşıyır”, – o bildirib.

Eyni iş üzrə həbsdə olan Meydan TV-nin baş redaktoru Aynur Elgünəş isə həbsxanada açıq görüşlərə qadağa qoyulduğuna etiraz olaraq şüşə arxası görüşlərə çıxmaqdan imtina edib.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasətFatimə Mövlamlı aclığa başlayıb, Aynur Elgünəş görüşlərdən imtina edib