İctimai fəal Sara Rəhimova axtarışa verilib və ölkədən çıxışı məhdudlaşdırılıb

Sara Rəhimova – Foto: Portağal Media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü, ictimai fəal Sara Rəhimova axtarışa verilib, barəsində cinayət işi açılıb və ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə Meydan TV-yə Sara Rəhimova özü məlumat verib.

Rəhimova bu gün, fevralın 21-də 3 saylı ASAN xidmət mərkəzinə gedərək, xarici pasportunu götürmək istəyib. Lakin xidmətdə ona barəsində cinayət işi olduğu bildirilib. Daha sonra isə fəal 22-ci polis bölməsinə aparılıb.

“Orada məlum oldu ki, Səbail Rayon Polis İdarəsinə aid olan məsələdir. Daha sonra da Səbail Rayon Polis İdarəsindən polislər gəlib, məni öz idarələrinə apardılar. İdarədə dedilər ki, barəmdə 2024-cü ildə cinayət işi açılıb, axtarışa verilmişəm və ölkədən çıxışıma qadağa qoyulub”.

Sara Rəhimova bildirir ki, ona qarşı hansı ittihamın irəli sürülməsi barədə məlumat verilməyib:

“Dedilər ki, işimi aparan müstəntiq hazırda işdə yoxdur, mənimlə bazar ertəsi əlaqə saxlayacaq. Qeyd edim ki, indiyədək, Səbail Rayon Polis İdarəsinə çağırılmamışam, heç bir cinayət işi ilə nə şahid qismində, nə də təqsirləndirilən şəxs qismində sorğuya dəvət edilməmişəm. Ümumiyyətlə, barəmdə cinayət işi açılması ilə bağlı mənə məlumat verilməyib. Özüm də Bakıda yaşayıram və bir neçə dəfə ölkədən çıxıb, sonra da geri qayıtmışam. Mənə dedilər ki, sən axtarışdasan və barəndə araşdırma gedir. Bakıda hər yerdə kameralar var və mənim şəhərdə olduğum görünür, rahat şəkildə gəzirəm. Ehtimal edirəm ki, bu, mənim ictimai fəaliyyətimlə əlaqədardır”.

Sara Rəhimova bildirib ki, daha sonra sərbəst buraxılıb. 

Məsələyə Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Sara Rəhimova bundan öncə də bir neçə dəfə polis bölməsinə aparılaraq sonra sərbəst buraxılıb. Onun saxlanılma səbəbləri barədə açıqlama verilməsə də, ictimai fəaliyyəti ilə əlaqədar olduğu güman edilir.

Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü-  Konfederasiyanın sədri Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi hesab edirlər.

Ana səhifəXəbərlərİctimai fəal Sara Rəhimova axtarışa verilib və ölkədən çıxışı məhdudlaşdırılıb