“Hicaba azadlıq”: övladlarının məktəbə buraxılmamasına etiraz edən analar həbsdən danışırlar

Hicablı məhbus – İllüstrasiya: Chatgpt

“Qızım cərrah olmaq istəyirdi, məktəbdə də əlaçı idi. Hicab qadağasından sonra təhsillə bağlı ümidləri alt-üst olub”, – Nübar Həsənova.

Meydan TV-nin həbsdə olan jurnalistləri Aytac Tapdıq və Xəyalə Ağayeva baş örtüyü ilə məktəbə buraxılmayan qızlarına görə etiraz etdikdən sonra saxlanılan üç ana ilə müsahibə hazırlayıblar. Nübar Həsənova, Nərgizxanım Məmmədova və Çinarə Dərgahova jurnalistlərə övladlarının yaşadıqlarından, saxlanılma şəraitindən və qızlarının təhsil hüququ ilə bağlı narahatlıqlarından danışıblar. Jurnalistlərin həbsdən redaksiyaya göndərdikləri yazını təqdim edirik.

Həbs edilən valideyn Nübar Həsənovanın 15 yaşlı qızı oktyabrın 12-də başı örtülü olduğu üçün Binə qəsəbəsində yerləşən 148 nömrəli məktəbə buraxılmayıb. Bu qərar şagirdlər və onların ailələri arasında ciddi narahatlıq yaradıb.

Ertəsi gün digər şagirdlər də hicablı yoldaşlarına dəstək olmaq üçün məktəbin qarşısına toplaşaraq etiraz ediblər. Şagirdlər və valideynlər “Hicaba azadlıq” şüarını səsləndirib, dərsə girməkdən imtina edərək qərara etirazlarını bildiriblər. Bundan sonra saxlanılmalar və təqiblər başlayıb.

“Deyirlər ki, qərar dövlətdəndir, ona riayət etməlisiniz. Lakin bu adamlara başa salmaq çox çətindir ki, qərar və qanun fərqli anlayışlardır. Kimsə yuxusunda gördüyü bir şeyi “qərardır” deyə qəbul etdirə bilməz. Konstitusiyaya görə, hər kəsin din, əqidə və vicdan azadlığı var, ümumi orta təhsil isə icbaridir. Qərar dövlətdəndirsə, biz də dövlətin vətəndaşlarıyıq. Bütün qanunlar və səlahiyyətli şəxslər xalqa xidmət etməlidir. Bəs bu uşaqların yaşadığı psixoloji travmanı heç kəs nəzərə almır?” – Nübar Həsənova.

Nübar Həsənova etirazın ertəsi günü qızını məktəbə aparıb sinif otağına daxil edib, onun dərsə davam etməsinə icazə verilməsini tələb edib. Qızını sinifdən çıxarmasınlar deyə məktəbin dəhlizində gözləyərkən mülki geyimli polislər tərəfindən saxlanıldığını bildirir:

“Beş nəfər mülki geyimli şəxs sanki terrorçu idim, haranısa partlatmışdım – elə üstümə hücum etdilər. Qollarımı burub, ağzımı tutaraq qara maşına itələdilər. Əvvəlcə məni Binə qəsəbəsindəki 3 nömrəli polis bölməsinə, sonra Xəzər Rayon Polis İdarəsinə apardılar. Bölmədə mənimlə çox pis rəftar edirdilər. Hətta çantamdan 45 manat pulumu da oğurladılar. Həqiqətən də, ölkənin hüquq-mühafizə orqanları gülünc vəziyyətdədir. Bizi cinayət törədənlərdən, oğurluq edənlərdən qorumalı olan polis özü cinayət törədir, oğurluq edir”.

Elə həmin gün 148 nömrəli məktəbin həyətində başqa bir valideyn – Nərgizxanım Məmmədova da saxlanılıb:

“Oktyabrın 13-də telefonumla canlı yayım açıb hicablı uşaqları sinif otağına qədər apardım. Qızımı sinfə aparanda əlindən tutmuşdum, uşaq qorxusundan əlimi sıxırdı. Çünki müəllim, mühafizə əməkdaşları və direktor qarşımızı kəsib bizi içəri buraxmırdılar. Bir dərsdən sonra qızımı sinifdən çıxarıb başqa otağa – “psixoloji otağa” aparıblar. Orada psixoloqlar uşaqlara baş örtüklərini açmalı olduqlarını deyiblər. Ertəsi gün qızımı sinif otağına aparıb qapıdan çıxan kimi beş-altı nəfər mülki geyimli şəxs məni zorla sürüyərək maşına apardı”, – Nərgizxanım Məmmədova.

Qızı 3-cü sinifdə oxuyan Nərgizxanım Məmmədova polislərin ona hədə-qorxu gəldiyini və zorakılıqla təhdid etdiyini də bildirir.

Hər iki valideyn gecə saat 23:00-00:00 radələrində Xəzər Rayon Məhkəməsinə çıxarılıb. Onların barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə həbs qətimkan tədbiri seçildiyi bildirilir.

“Hökm oxunanda kövrəldim. Həbs olunduğum üçün yox, üzümə durub söz atmaları mənə təsir etdi. Hakimə dedim ki, bu yaşıma qədər heç bir qanun pozuntusu etməmişəm. Siz şeytana qulluq edənlərsiniz”, – Nərgizxanım Məmmədova.

Həbs edilən valideynlərin hər biri etiraz zamanı video çəkib sosial şəbəkələrdə paylaşıb. Qızı Xocahəsən qəsəbəsindəki 103 nömrəli məktəbin 4-cü sinfində oxuyan Çinarə Dərgahova da onlardan biridir.

Çinarə Dərgahova deyir ki, qızını sinifdən çıxarmayacaqlarını söyləyərək onu aldadıblar və çəkdiyi videoları sildiriblər.

“Direktor Səma müəllim bizə tapşırdı ki, heç bir video çəkilməsin və paylaşılmasın. Mən videoları silib evə getdim. Evə çatandan 15 dəqiqə sonra mənə zəng gəldi ki, qızımın hicabla dərsdə oturmasına icazə verməyiblər. Onu da deyim ki, müəllimlərin də heç biri dəyişmiş formada deyildi.

Məktəbin həyətində keçirilən etirazdan sonra həbs olundum. Mən 4-cü sinifdə oxuyan hicablı qızıma görə mübarizə aparırdım. Mən İranın adamı deyiləm”, – Çinarə Dərgahova.

Hökumət etirazların İrandan idarə olunduğunu, etirazçıların iğtişaş yaradaraq qanunu pozduqlarını iddia edir. Həbs olunan valideynlər isə “Hicaba azadlıq” tələbi ilə keçirilən aksiyaların dinc şəkildə baş tutduğunu və heç bir zorakılığa yol vermədiklərini bildirirlər.

“Bu məlumatlar şər və böhtandır. Sizə əminliklə deyə bilərəm ki, bu təxribat xarakterli hərəkətlər – haranısa yandırmaq, iğtişaş yaratmaq, kiməsə hücum etmək – süni şəkildə təşkil olunur və xüsusi təyin edilmiş adamlar vasitəsilə həyata keçirilir.

Oktyabrın 13-də bir şeyi öz gözlərimlə gördüm. Məktəbin hər tərəfi mülki geyimlilərlə dolu idi. Biz valideynlər təhsil idarəsindən olduğunu güman etdiyimiz qalstuklu şəxsə yaxınlaşdıq ki, vəziyyətin səbəbini izah etsin.

Daha sonra şagirdlər həmin şəxsin belində silah olduğunu görüblər. Bir neçə nəfərdən bunu dəqiqləşdirdim. Sual yaranır: bu silahlı şəxsin uşaqların arasında, məktəbdə nə işi var idi?

Əlbəttə, ilk qarşıdurma anında atəş açıb bütün baş verənləri dindarların və İranın ayağına yazmaq üçün.

İndiyə qədər radikal molla adlandırdıqları İranmı hicabı qadağan etdi?

Xalqla dövləti qarşı-qarşıya qoyub vətəndaş qırğını yaradan, hər şeyi, ölkəni bir-birinə qatan kimlərdir?” – Nübar Həsənova.

Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsində heç kəsin təhsil hüququndan məhrum edilə bilməyəcəyi bildirilir. Həmin maddəyə görə, dövlət təhsil və tədris sahəsində öz funksiyalarını həyata keçirərkən valideynlərin dini və fəlsəfi baxışlarına hörmət etməlidir.

Qızlarının təhsil hüququ uğrunda mübarizə aparan valideynlər övladlarının gələcəyindən narahatdırlar. Onların sözlərinə görə, hicab məhdudiyyəti anaları övladlarından ayrı salıb: analar həbsxana kameralarında, qızları isə evdə qalıblar.

Alman dili müəllimi olan 34 yaşlı Nübar Həsənova deyir ki, qızı bu il kimya fənni üzrə hazırladığı layihə ilə məktəbdə birinci yeri tutub. Onun fikrincə, qızını təhsildən məhrum etmək övladının taleyi ilə oynamaq deməkdir.

“Qızım özü də çox narahatdır. Gələcəyi ilə bağlı qurduğu bütün planlar alt-üst olub. Öz vətənində yad kimi yaşayır. “Biz dünyəvi ölkədə yaşayırıq”, – deyirlər. Dünyəvilik pozğunluq, əxlaqsızlıq demək deyil. Dünyəvilik tolerantlıq, dözümlülük, müxtəlifliyə hörmət və demokratiya deməkdir. Soyunmaq müasirlik olsaydı, Azıx mağarasındakılar bizdən daha müasir sayılardı”, – Nübar Həsənova.

Aytac Tapdıq, Xəyalə Ağayeva

Ana səhifə ▸ Xəbərlər ▸ “Hicaba azadlıq”: övladlarının məktəbə buraxılmamasına etiraz edən analar həbsdən danışırlar