“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovanın polis bölməsinə aparıldığı bildirilir.
Bu barədə Konfedereasiyanın İdarə Heyətinin üzvü Tural Fərzili məlumat yayıb.
Onun sözlərinə görə, Sara Rəhimova bu gün, fevralın 21-də Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət şöbəsinə pasport almaq üçün müraciət edib.
“Ona adında cinayət işi olduğu və ölkədən çıxışına qadağa (stop) qoyulduğu bildirilib. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb, hazırda bölməyə aparılır. Saraya deyilib ki, 2024-cü ildən adında cinayət işi var. Bu necə olur ki, Sara 2025-ci il aprelin 29-da polislər tərəfindən qaçırılaraq 14 saat dindirilib, sonra sərbəst buraxılıb? Saxta dövlət, saxta polis bu gün də bizi təəccübləndirmədi”, – Tural Fərzili bildirib.
Daxili İşlər Nazirliyindən məsələni dəqiqləşdirmək mümkün olmayıb.
Sara Rəhimova bundan öncə də bir neçə dəfə polis bölməsinə aparılaraq sonra sərbəst buraxılıb. Onun saxlanılma səbəbləri barədə açıqlama verilməsə də, ictimai fəaliyyəti ilə əlaqədar olduğu güman edilir.
Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü- Konfederasiyanın sədri Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi hesab edirlər.