Bir neçə gün əvvəl aparıcı Aytən Səfərova sosial şəbəkə hesabında vətəndaşın ona müraciət edərək “avaralıqla məşğul olma” maddəsi ilə cərimələndiyini bildirdiyi paylaşım edib.
Paylaşımda qeyd olunur ki, həmin şəxs sexlərin birində qeyri-rəsmi işləməsinə baxmayaraq, polis tərəfindən 20 manat cərimə olunub.
Aparıcı “bu günü də gördük”, “dedik ki, yəqin dələduzlardı bu mesajı yazan” sözləri ilə başladığı, ölkədə xeyli sayda gəncin işsiz qaldığını, işləməyən adamın cəriməni ödəmək üçün 20 manatı da tapa bilməyəcəyini dilə gətirdiyi videonu bir müddət sonra sosial mədia hesablarından silib.
Bu hadisə Azərbaycanda “avaralıqla məşğul olma” maddəsinin hansı hallarda tətbiq oluna biləcəyi, bu anlayışın qanunvericilikdə necə izah edildiyi və qeyri-rəsmi işləyən şəxslərin bu maddə ilə cərimələnməsinin nə dərəcədə hüquqi olduğu ilə bağlı suallar doğurub.
“Avaralıq” maddəsinin mahiyyəti, kimlərə şamil olunduğu və bu maddənin tətbiqində mümkün sui-istifadə halları ilə bağlı suallara cavab tapmağa çalışdıq.
“Avaralıq” maddəsi nədir və kimlərə şamil olunur?
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsi “avaralıqla məşğul olma” hallarını tənzimləyir. Maddənin 523.1-ci bəndinə əsasən, avaralıqla məşğul olan şəxslərə əvvəlcə xəbərdarlıq edilir, bu kifayət etmədikdə isə 10 günədək inzibati həbs tətbiq olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün 20–25 manat cərimə nəzərdə tutulur.
523.2-ci bənddə isə yetkinlik yaşına çatmayanların avaralığa cəlb edilməsi halları göstərilir və bu, 50–90 manat cərimə və ya 5–15 gün inzibati həbslə cəzalandırıla bilər.
“Sadəcə işləməmək avaralıq sayılmır”
Hüquqşünas Fariz Namazlı deyir ki, qanunvericilikdə “avaralıq” anlayışı sadəcə işsiz olmaqla eyniləşdirilmir. Onun sözlərinə görə, bu maddə daha çox yaşayış yeri və dolanışıq vasitəsi olmayan, gündəlik həyatını dilənçilik və ya oğurluq yolu ilə keçirən şəxslərə şamil olunur.

Hüquqşünas qeyd edir ki, evdar qadınlar, pensiyaçı şəxslər və ya işləməsə belə başqalarına mane olmayan insanlar avara hesab edilə bilməz. Onun sözlərinə görə, qeyri-rəsmi işləyən şəxsin avaralıq maddəsi ilə cərimələnməsi qanunsuzdur.
Namazlı, həmçinin bildirir ki, azyaşlı uşaqların dilənçiliyə cəlb edilməsi ilə bağlı hüquqi normalar mövcud olsa da, Bakının bəzi ərazilərində illərdir bu hallara göz yumulur və faktiki olaraq heç bir sistemli tədbir görülmür.
“Bu maddədən sui-istifadə edilir”
İşçi Masasının İdarə Heyətinin üzvü Sara Rəhimova bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində avaralıqla məşğul olan şəxs dedikdə yaşayış yeri və dolanışıq vəsaiti olmayan, dilənçilik və ya oğurluqla dolanan insanlar nəzərdə tutulur. Bu baxımdan yalnız işsiz olmaq həmin statusa düşmək üçün əsas sayıla bilməz.

Onun sözlərinə görə, rəsmi işləməyən və ya öz iradəsindən asılı olmayaraq iş tapa bilməyən şəxslərin avara kimi qiymətləndirilməsi sui-istifadə halıdır. Rəhimova qeyd edir ki, ölkədə minlərlə insan işəgötürənlərin vergi öhdəliklərindən yayınması və yüksək vergi yükü səbəbindən qeyri-rəsmi işləməyə məcbur qalır.
Fəal vurğulayır ki, əmək müqaviləsi olmadan işlədilən işçi yox, işəgötürən məsuliyyət daşıyır. Bu səbəbdən işləmədiyinə görə cərimələnən şəxsin cəzalandırılması qanunun tələblərinə ziddir.
O həmçinin bildirib ki, Dövlət Məşğulluq Agentliyindən iş axtaran şəxslərə çox vaxt gec cavab verilir, ixtisaslarına uyğun olmayan işlər təklif olunur və ya ümumiyyətlə heç bir iş təklif edilməyərək formal variantlar irəli sürülür. Bəzi hallarda isə şəxsin ailə üzvlərinin əmlakının olması əsas gətirilərək onun işsiz kimi qeydiyyata alınmasından imtina edilir.
“Sovet dövründə insanlar işləyir və dolana bilirdi“
Sara Rəhimova deyir ki, avaralıqla bağlı maddə sovet dövründə də var idi. Amma əsas fərq burasındadır ki, insalar iş yerləri ilə təmin olunurdu. Hazırki dövrdə isə vətəndaşlar iş tapa bilmir və buna görə cərimələnmələri siyasi problemdir.
“Sovet hakimiyyəti dövründə avaralıq cinayət və ya inzibati məsuliyyət daşıyırdı. İşləməyən şəxslər milis orqanları tərəfindən saxlanılaraq məcburi şəkildə işlədilə, sürgün edilə və ya həbs oluna bilərdi. Nəticədə faktiki iş yeri olmayan, lakin kağız üzərində işləyən insanlar mövcud idi və bu səbəbdən süni şəkildə ştatlar yaradılırdı. Lakin dövlət minimum dolanmağa imkan verən işlərlə təmin edirdi. Sovet dövründə insanlar işləyir və dolana bilirdi. İndiki dövrdə isə insanlar işləmək üçün çox səy göstərir, lakin iş tapa bilmirlər. İşlə təmin etməyən dövlətin işsizliyə görə insanları cərimələməsi hüquqi deyil, siyasi və inzibati problemdir”, – deyə Sara Rəhimova bildirib.