İranda etirazlara dəstəyin cəzası: aktyorlar, idmançılar və ictimai şəxslər hədəfə alınır

İran etirazları – Foto: ChatGpt

İranda kütləvi etirazlar zamanı həlak olanların sayı 4519-a çatıb.

Bu barədə HRANA insan haqları qrupu məlumat yayıb.

Qurum bildirir ki, 9 mindən çox ölüm araşdırılır. Etirazlarda ən azı 5,811 nəfər ağır xəsarət alıb, həbs edilənlərin sayı isə 26,314 nəfərə yüksəlib.

Qurum vurğulayır ki, bu rəqəmlər rabitənin kəsilməsi, təhlükəsizlik xidmətlərinin ailələr üzərində təzyiqi və məlumatın məhdudluğu səbəbindən yalnız hadisələrin əsl miqyasının bir hissəsini göstərir.

Qeyd olunur ki, etirazların mediada işıqlandırılmasına nəzarət məqsədilə Tehran Prokurorluğu bir neçə media qurumuna qarşı cinayət işi açıb. Media qurumlarının adları açıqlanmır. Bildirilir ki, bu,“Hammihan” qəzetinin fəaliyyətinin dayandırılmasından bir gün sonra baş verib. Qəzetin baş redaktoru bildirib ki, qadağa etirazlar zamanı “tibbi sirrin pozulması barədə məlumatlar yayımladığı” üçün tətbiq olunub. Prokurorluğun açıqlamasına görə, “yalan məlumat yaymaq” ittihamı ilə yeni işlər açılıb.

HRANA ölkədə media və internetə eyni vaxtda nəzarəti, informasiya axınını bloklama və etirazlar barədə məlumatın yayılmasının qarşısını alma cəhdi kimi qiymətləndirir.

“Ölkənin müxtəlif şəhərlərindən gələn məlumatlar göstərir ki, vəziyyət hələ də gərgindir. Polis, təhlükəsizlik qüvvələri, “Bəsic” bölmələri və mülki geyimli agentlər ictimai yerlərdə və şəhər giriş-çıxışlarında geniş şəkildə mövcuddur. Yol yoxlamaları və patrulların sayı artıb. Qaranlıq düşdükdən sonra vəziyyət daha da gərginləşir”, – qurumun məlumatında deyilir.

Bəzi vilayətlərdə kütləvi həbs əməliyyatları hələ də davam edir. HRANA-nın məlumatına görə, Qəzvin, Fars, Razavi Xorasan, İlam, Semnan və Kirman vilayətlərində azı onlarla vətəndaş saxlanılıb. Təhlükəsizlik qüvvələri həbs olunanları “etiraz liderləri” adlandırıb və ya ciddi cinayətlərdə ittiham edib. Həbslərin rəsmi açıqlamaları həm xəbərdarlıq, həm də sosial təzyiq vasitəsi kimi istifadə olunur.

Tehran Prokurorluğu həmçinin 15 nəfər idmançı və aktyor, İran Kino Evinin bəyanatına imza atmış şəxslər və 60 müəssisəyə qarşı məhkəmə işləri açıb. Bəzi şəxslərin əmlakı müsadirə olunub. Bildirilir ki, bu tədbirlər etirazlara dəstək verən məşhurlar üzərində sosial və iqtisadi təzyiq yaratmaq məqsədi daşıyır.

Ana səhifəDünyaİranda etirazlara dəstəyin cəzası: aktyorlar, idmançılar və ictimai şəxslər hədəfə alınır