İsrailin Qəzzaya hava hücumu: 3 jurnalist həlak olub

Qəzza. Foto: Reuters

İsrailin bu gün Qəzzanın mərkəzinə endirdiyi hava zərbəsi nəticəsində üç fələstinli jurnalist həlak olub.

İlkin məlumata görə, jurnalistlər Misirin Qəzzada humanitar yardım fəaliyyətlərini əlaqələndirən Misir Komitəsinə məxsus avtomobildə olublar. Onlar fələstinli məcburi köçkünlərin yerləşdiyi çadır düşərgələrində material hazırlamaq üçün tapşırıq yerinə yetirirmişlər.

Misirin təhlükəsizlik xidmətindəki mənbə avtomobilin Komitəyə aid olduğunu təsdiqləsə də, hadisə ilə bağlı əlavə məlumat verməyib. İsrail ordusu isə baş verənlərə dair rəsmi açıqlama yaymayıb.

Bu gün Qəzzanın digər bölgələrində də ölüm hallarına rast gəlinib. Deyr əl-Bəlahın şərqində İsrail tanklarının atəşi nəticəsində 10 yaşlı oğlan uşağı daxil olmaqla üç nəfər ölüb. Xan Yunisin şərqində baş verən iki ayrı atışmada isə 13 yaşlı oğlan və bir qadın həyatını itirib. Sahil zolağının müxtəlif ərazilərində qeydə alınan digər insidentlərdə daha üç fələstinli həlak olub.

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 21-i üzrə ölənlərin sayı azı 11 nəfərə çatıb. 

2023-cü il oktyabrın 7-də ABŞ və Qərb ölkələrinin terror təşkilatı saydığı HƏMAS İsrailin cənubuna hücum edib; bu hücum nəticəsində təxminən 1 200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldüyü bildirilir, girovların bir çoxu isə azad edilib. Qəzzada davam edən hərbi əməliyyatlar bölgədə humanitar böhranı daha da dərinləşdirib. 

Tərəflər arasında ötən ilin oktyabrında atəşkəs razılaşması əldə olunsa da buna əməl olunmur. İsrail və HƏMAS razılaşmanın pozulmasına görə bir-birini ittiham edir. 

Atəşkəs qüvvəyə mindikdən sonra baş verən toqquşmalarda 460-dan çox fələstinli və üç israilli əsgərin öldüyü bildirilir.

Ana səhifəXəbərlərİsrailin Qəzzaya hava hücumu: 3 jurnalist həlak olub