Son günlərin müzakirə olunan mövzularından biri də “Məhsəti” qısametrajlı filminin Azərbaycanda nümayişinə (yayım vəsiqəsi) qadağa qoyulmasıdır. Kino Agentliyinin Bədii Şurası filmin ölkədə yayımını “məqsədəuyğun” saymayıb, buna görə də film Bakı Beynəlxalq Film Festivalının proqramından çıxarılıb. Festival təşkilatçıları buna səssiz qalıb, Mədəniyyət Nazirliyi isə qərarı filmin “milli-mənəvi dəyərlərə zidd” olması ilə əsaslandırıb.
“Filmin bəzi fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdən kənar mənalandırma cəhdləri müşahidə olunur. Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular hesab olunub. Konseptual uyğunsuzluqlar nəzərə alınaraq filmə lisenziya verilməməsi qərarı alınıb”, – Nazirliyin açıqlamasında deyilir.
Filmin prodüserləri isə bildirirlər ki, “Məhsəti” on ikinci əsrdə yaşamış şair Məhsəti Gəncəvinin həyatına çağdaş yanaşmadır. Filmdə Məhsəti Gəncəvini teatr tamaşasında canlandırmağa çalışan Mina adlı gənc aktrisanın həyatı göstərilir: o, dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə seksual münasibət yaşayır.
XII əsrdə yaşamış şair Məhsəti Gəncəvinin rübailərində qadın və kişi arasındakı duyğular, eşq, romantik istəklər, cinsi arzu açıq və ya incə bədii dildə təsvir olunur. Onun həmçinin rübailərində qadınların hüquqları, cəmiyyətdəki rolu və azad seçimlər etməsi də yer alır.
Rejissor: “Yaradıcılıq azadlığı məhdudlaşdırılır”
Filmin müəllifi və rejissoru Suad Qara “Məhsəti”yə yayım lisenziyasının verilməməsini yaradıcılıq azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir:
“Məhsəti güclü, qabaqcıl və azad ruhlu bir şəxsiyyət olub. O, sevgi, şərab, hislər və azadlıq haqqında cəsarətlə və gözəl şəkildə yazan bir sənətkar idi. Qadınların səsini boğmaq istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Məhsətinin yaradıcılığı min ildən artıqdır ki, yaşayır. İyirmi birinci əsrdə qadınları yalnız ənənəvi gender rollarına məhkum etmək yerinə, onlara daha yaxşı imkanlar təqdim edə bilirik. “Məhsəti”ni öz ölkəsində göstərmək üçün daha uyğun zaman və məkan tapacağıq”.
Mina obrazını canladıran aktrisa Fərqanə Abdulla “Məhsəti”nin öz ölkəsində qadağan edilməsini qadınlara qarşı olan stereotiplər və patriarxal yanaşmalarla əlaqələdirir:

“Təəssüf ki, dünya elə Məhsəti Gəncəvinin dövründən, hətta daha öncədən bu günə kimi qadın düşmənçiliyindən əziyyət çəkir. Patriarxiyanın qadınlara biçdiyi cəmi iki rol var: birincisi, bakirə qalıb, bir kişiylə evlənib uşaq doğan qadın – müqəddəs ailə ocağının qoruyucusu, ikincisi, bu xətti davam etdirə bilməyib, bədənini satan qadın – kişilərin arzu və şəhvətlərinin qurbanı. Bir də bu rollara sığa bilməyən, özünü axtarmaq, tapmaq və yenidən yaratmaq istəyən qadınlar var. Məhsəti Gəncəvi də onlardan biriydi. Onlar sadəcə rəqs etmək, əylənmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər. Hər hansısa orta statistik kişinin etdiyi kimi. Amma bunu qadınlar etdiyi üçün “əxlaqsız” damğası vurmaq ikiüzlülükdür”.
Kinorejissor: “Əgər sənət interpretasiya üçün icazə alınmalı bir sahəyə çevrilirsə, o artıq sənət deyil”
Kinorejissor Teymur Daimi hesab edir ki, klassikləri “steril” və qapalı şəkildə qorumağa çalışmaq, onları yalnız rəsmi icazə ilə interpretasiya etməyə cəhd etmək mədəniyyətin canlılığını öldürür:
“Klassikləri kim interpretasiya edə bilər? Yalnız dövlət tərəfindən təsdiqlənmiş qurumlar? Yalnız “etibarlı” düşüncəyə malik adamlar? Yalnız heç bir halda “kanon”dan kənara çıxmayacağına təminat verənlər? Əgər sənət interpretasiya üçün icazə alınmalı bir sahəyə çevrilirsə, o artıq sənət deyil, dərslik illüstrasiyasıdır. Məhsətinin, Nizaminin, Füzulinin və ya başqa bir dahi şəxsiyyətin obrazını “rəsmi nəzarət” altında qorumaq istəyənlər bir şeyi unudurlar: canlı mədəniyyət sərhədlərə tabe olmur. Klassika – yeknəsəq, tərpənməz mərmər heykəl deyil, hər kəsin öz baxışı ilə daxil ola biləcəyi çoxqatlı bir məna məkanıdır”.
Filmin rejissoru Suad Qara keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. Əbülfəs Qarayev Heydər Əliyevin dövründən, 1994-cü ildən müxtəlif strukturlarda nazir vəzifəsində çalışıb. 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri, 2018–2020-ci illərdə isə mədəniyyət naziri olub.

2020-ci il mayın 8-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib və nazirliyin müavini ilə digər rəhbər şəxsləri korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərinin aşılması ittihamları ilə saxlayıb. Rəsmi açıqlamalara görə, bu həbslər Qarayevin vəzifəsindən azad edilməsinin əsas səbəbi olub. Kino sənayesinə yaxın insanlar hesab edirlər ki, Suad Qaranın filminin nümayişinə icazə verilməməsi də məhz bu vəziyyətlə bağlıdır. Qeyd olunur ki, Qarayevin nazirliyi dövründə Kino Agentliyi Suad Qaranın filminin nümayişinə mane olmazdı.
Bədii Şura: keyfiyyətə nəzarət, yoxsa senzura?
Bədii Şuranın fəaliyyəti, tərkibi və meyarları barədə Kino Agentliyindən və Mədəniyyət Nazirliyindən məlumat almaq mümkün olmayıb. İnternet resurslarına görə, Şura Kino Agentliyinin tərkibində 2025-ci ilin fevralında yaradılıb. Üzvləri arasında kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov, bəstəkar Vüqar Camalzadə, “Media FM” radiosunun təsisçisi və baş direktoru Rüstəm Əliyev, ssenarist Səbinə Hüseynli, kinorejissor Yavər Rzayev, yazıçı İlqar Fəhmi var.
Şura üzvlərindən Əbdül Mahmudov filmə baxmadığı halda, rejissoru Məhsəti Gəncəvini erotik səhnələrlə təqdim etməkdə qınayıb:
“Əbülfəs müəllimin qızı həmin filmi öz şəxsi vəsaiti hesabına çəkib. Onun nə Kino Agentliyinə, nə də Kinostudiyaya heç bir aidiyyəti yoxdur. Özünü rejissor adlandıran birinin Azərbaycanın nəhəng tarixi şəxsiyyətinə erotik təsvirlər çəkməsi, təkcə peşəkarlıq yoxluğu deyil, həm də səviyyəsinin göstəricisidir”.
“Məhsəti” müstəqil film olduğu üçün bir neçə beynəlxalq festivalda iştirak edib.
Bəs qanun nə deyir?
Nazirlər Kabinetinin 2006-cı ildə qəbul etdiyi “Filmlərin Yayımı və Nümayişi Qaydaları”na əsasən, müəllifin öz filminə yayım icazəsi alması üçün sadəcə, pornoqrafik, dini, milli, irqi düşmənçiliyə yönələn kadrların olmaması barədə məlumat verməsi kifayətdir. Qanuna əsasən, aidiyyəti qurum filmə yalnız yaş kateqoriyası təyin edə bilər, məzmununa görə senzura tətbiq edə bilməz.
Yeri gəlmişkən, Mədəniyyət Nazirliyi 2023-cü ildə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının proqramından üç yerli filmi çıxarmışdı. Səbəb kimi filmlərin “ölkənin xarici siyasətinə ziyan vurması” göstərilmişdi. Filmlər yerli istehsalat idi. Onların ortaq xüsusiyyəti isə hər üçündə də sosial problemlemlərin əks olunması idi. “Dog Doc” – küçə heyvanlarının öldürülməsindən, “Eşit evdən səsləri”, – qadın haqlarından, “Hasarların arxasında” filmi isə Buzovnada dənizin hasarlanmasından bəhs edirdi.
2024-cü ildə bir qrup kino işçisi bəyanat yayaraq, bildirmişdilər ki, Mədəniyyət Nazirliyi yayım vərəqəsini sözügedən qərara istinadən tələb etsə də, bunu qanunazidd formada icra edir. Bildirilirdi ki, Nazirliyin belə qanundankənar fəaliyyətləri kino işçilərinin yaradıcı azadlığını əlindən alır.

Mədəniyyət sahəsi üzrə ekspert Fikrin Bektaşi Meydan TV-yə deyir ki, Şuranın tərkibi, səlahiyyətləri və öhdəlikləri ictimaiyyətə açıq olmalıdır:
“Qanunla Bədii Şuranın layihələrə senzura tətbiq etmək hüququ yoxdur. Şura yalnız resenziya verə və ssenari, süjet xətti və digər bədii elementlərlə bağlı təkliflər irəli sürə bilər. Konstitusiyanın 51-ci maddəsinə əsasən, hər kəsin yaradıcılıq azadlığı var və dövlət ədəbi-bədii, elmi-texniki və digər yaradıcılıq fəaliyyətlərinin sərbəst həyata keçirilməsini təmin edir”.
“Maneə tanımayan sevgi hekayəsi”
Milli-mənəvi dəyərlərdən söz düşmüşkən, keçən il Nazirlik və Kino Agentliyinin dəstəyi ilə Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş film ekranlaşdırıldı. Filmdə Tağıyev 76 yaşında 16 yaşlı Sona ilə evlənir. Bu münasibət filmin süjetində romantik və sentimental çalarlarla göstərilir, posterində isə “Maneə tanımayan sevgi hekayəsi” şüarı yer alır. Film dövlət dəstəyi ilə çəkilib və 98-ci Akademiya Mükafatına “Beynəlxalq ən yaxşı film” kateqoriyasında təqdim olunub.

Bir tərəfdə “Məhsəti” filminin “milli-mənəvi dəyərlərə zidd” olduğu iddiası ilə qadağan edilməsi, digər tərəfdə isə yetkinlik yaşına çatmamış bir qızla əlaqə romantik çalarlarla təqdim olunan “Tağıyev” filminin dəstəklənməsi, Kino Agentliyi və Nazirliyin qiymətləndirmə meyarlarının şəffaflığı barədə suallar doğurur.
Kinoşünas Aygün Aslanlı isə deyir ki, istənilən senzura ifadə azadlığının məhdudlaşdırılmasıdır və bu, yolverilməzdir:
“Yeganə senzor tamaşaçılar və peşəkar film tənqidçiləri ola bilər. Onların fikri əsasdır. Dövlət və ya rəsmi qurumların “namus” və ya milli-mənəvi dəyərlər bəhanəsi ilə filmi senzura etməsi düzgün deyil”.