Son günlər Ukraynada müharibə iki paralel müstəvidə gedir — cəbhə xəttində Rusiya Donetsk vilayətində təzyiqi artırır, siyasətin pərdəarxasında isə Donald Tramp administrasiyası Kiyev və Moskvaya gizli danışıqlarda təqdim olunan yenilənmiş sülh planını irəli sürür.
Bu proseslər paralel baş versə də, bir-biri ilə sıx əlaqəlidir: döyüş meydanındakı gərginliyin artması Ukrayna üzərində təzyiqi gücləndirir, ABŞ-ın sülh təşəbbüsləri isə Kiyevin müttəfiqləri arasında gedərək artan mübahisələrə və narahatlığa səbəb olur.
Cəbhə: Mirnoqrad istiqamətində və Seversk yaxınlığında nə baş verir
Mirnoqrad ətrafındakı döyüşlər
Donetsk vilayətində Rusiya ordusu Mirnoqrad istiqamətində fəallaşıb — bu şəhər Pokrovsk istiqamətində müdafiənin əsas dayaqlarından biri sayılır. Ukrayna Desant-Hücum Qoşunlarının məlumatına görə, Rusiya qoşunlarının hərəkətləri Mirnoqradla Pokrovsk arasındakı quru əlaqəni kəsmək cəhdi kimi qiymətləndirilir ki, bu da şəhərin qismən mühasirəsinin başlanğıcı ola bilər.
Rusiya kiçik hücum qruplarından istifadə edir, hərəkəti dronlarla tənzimləyir. Ukrayna isə xüsusilə şəhərin cənub istiqamətində qüvvələri artırır — Rusiya bu zonada canlı qüvvə toplamaga çalışır.
Seversk: uzun fasilədən sonra ilk dəyişikliklər
DeepState analitikləri bildirirlər ki, Seversk istiqamətində Rusiya qoşunlarının müəyyən irəliləyişi müşahidə olunur. Onların məlumatına görə, uzun müddətdir dəyişməyən bu cəbhə xəttində ilk dəfə struktur dəyişiklikləri qeydə alınır: Rusiya qüvvələri şəhərin cənub hissəsinə daxil olub və mexanikləşdirilmiş kolonlar, moto-hücum qrupları ilə təzyiqi artırır.
Ekspertlər qeyd edirlər ki, qonşu bölmələrdən məlumatların qeyri-dəqiqliyi vəziyyətin qiymətləndirilməsini çətinləşdirir və əlavə risklər yaradır.
Rusiyanın zərbələri
Donbasdakı irəliləyiş fonunda Rusiya noyabrın 25-nə keçən gecə Kiyevə və vilayətə kütləvi raket və dron hücumu təşkil edib. Nəticədə altı nəfər həlak olub, onlarla insan yaralanıb. Zərbələr çoxmərtəbəli binalara, logistika mərkəzlərinə və dəmir yolu infrastrukturuna dəyib.
Eyni zamanda Ukrayna dronlarının Rusiya ərazisinə hücumları nəticəsində Taganroqda və Krasnodar vilayətində itkilər qeydə alınıb.
Diplomatiya: Trampın planı gündəmə çıxır
Əbu-Dabidə gizli danışıqlar
Donbasdakı ağır döyüşlərlə paralel olaraq Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında gizli görüşlər keçirilir. Bu prosesdə gözlənilmədən ABŞ-ın quru qoşunları naziri, vitse-prezident C.D. Vensin yaxın müttəfiqi Deniel Driskoll əsas fiqura çevrilib — Tramp ona bu planı irəli sürməyə tapşırıb.
Amerika və Avropa mediasının məlumatına görə:
- ABŞ-ın ilkin planı 28 bənddən ibarət idi və ordunun məhdudlaşdırılması, ərazi güzəştləri kimi Rusiyaya sərfəli müddəalar ehtiva edirdi;
- Cenevrədəki danışıqlardan sonra sənəd 19 bəndə endirilib;
- ən mübahisəli tələbələr — Ukraynanın NATO-ya daxil olmasının qadağan olunması və ərazi güzəştləri — ayrıca müzakirəyə buraxılıb və bunu birbaşa Tramp və Zelenski müzakirə etməlidir;
- Avropa ölkələrinin əks-təklifi Ukrayna ordusunun sayının 800 minlə məhdudlaşdırılmasını nəzərdə tutur.
“Financial Times” yazır ki, Ukrayna planın əksər hissəsinə razılıq verib, lakin ərazi məsələləri kimi “qırmızı xətlər”in yalnız Trampla Zelenskinin şəxsi görüşündə müzakirə edilməsini istəyir.
ABŞ və müttəfiqlər arasında dissonans
Trampın ilkin planı həm Avropada, həm də Kiyevdə ciddi narazılıq yaradıb:
- sənədin mətbuata sızması diplomatik qalmaqala səbəb olub;
- plan Kiyevdə “maksimalist” və “qəbuledilməz” kimi qiymətləndirilib;
- Avropa diplomatları Driskollun üslubunu “kobud” və “narahatlıq doğuran” adlandırıblar.
Rusiya isə Dmitri Peskovun sözlərinə görə “yalnız ilkin, onlar üçün ən sərfəli olan planı” qənaətbəxş hesab edir.
Tramp niyə tələsir?
The “New York Times”-ın məlumatına görə, prosesin sürətlənməsi bir neçə amillə bağlıdır:
- Tramp ikinci müddətinin ilk aylarında müharibəni dayandıra bilmədiyi üçün narazıdır;
- sürətli nəticənin olmaması onu qıcıqlandırır;
- o, sazişin mümkün qədər tez — ideal halda Şükranlıq Gününə qədər — imzalanmasını istəyir.
Buna görə Driskoll və xüsusi nümayəndə Uitkoff həm Kiyevdə, həm də Əbu-Dabidə paralel danışıqlara cəlb edilib.
Növbəti mərhələ necə görünür?
Hərbi dinamika
Mirnoqrad və Seversk istiqamətində müşahidə olunan irəliləyişlər hələlik lokal xarakterli olsa da, Pokrovsk müdafiəsinə əlavə təzyiq yaradır və bu, gələcək siyasi danışıqlarda Rusiyanın mövqelərini gücləndirə bilər.
Şəhərlərə ardıcıl gecə hücumları isə Moskvanın Ukraynanın müqavimət imkanlarını zəiflətməyə və müharibənin qiymətini artırmağa çalışdığını göstərir.
Diplomatik dinamika
ABŞ-la Ukrayna sülh planının əsas hissəsi üzrə razılığa yaxın görünür, lakin ərazi məsələləri hələ də açıq qalır. Kreml yalnız ilkin, özünə daha sərfəli variantı danışıqlar üçün əsas sayır, Vaşinqton isə sənədi xeyli yumşaldıb.
ABŞ-ın eyni zamanda həm Kiyev, həm də Moskva ilə birbaşa danışması müharibə ətrafında yeni diplomatik reallıq formalaşdırır və prosesə fərqli dinamika gətirir.