Azərbaycanın Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın bu ölkədədki təhsil məsələləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Nazirliyin açıqlamasında İran nazirinin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlamanın təəccüb və təəssüf doğurduğu bildirilib.
“Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır”, – ETN-nin açıqlamasında deyilir.
Nazirlik İran rəsmilərinə başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə, öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib.
Açıqlamada bildirib ki, İranın siyasəti nəticəsində bu ölkədə Azərbaycan dilində dərs keçilən məktəb yoxdur, universitetlərdə də bu dildə tədris aparılmır.
Nazirliyin məlumatına görə, İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılardır və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar.
“İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər”, – məlumatda qeyd olunur.
İran naziri nə deyib?
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf oktyabrın 22-də yaydığı videomüraciətdə Azərbaycandakı hicablı qızları İranda təhsil almağa çağırıb və onlar üçün ölkəsinin qapılarının hər zaman açıq olduğunu bildirib.
“İranın Elm, Tədqiqat və Texnologiya naziri olaraq, İran universitetlərinin qapılarının Azərbaycandan olan qızlar üçün açıq olduğunu elan edirəm. Biz təhsil hüquqlarından istifadə etmək üçün İslam hicablarından imtina etməyə məcbur olan müqəddəs peyğəmbərin mömin qızlarına yaxşı qonaqpərvərlik göstərə bilərik”, – Hüseyn Simayi-Sərraf deyib.
Məktəblərdə geyim qaydaları ətrafında mübahisə
Azərbaycan Nazirlər Kabineti sentyabrın 21-də dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı qərar qəbul edib. Qaydalar məktəblərdə vahid geyim formasının tətbiqini nəzərdə tutur. Bununla belə, sənəddə “təhsilin dünyəvilik prinsipinə uyğun olmayan” geyim elementlərinin konkret olaraq nələrdən ibarət olduğu ayrıca göstərilmir.
Qərardan sonra bəzi məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmadığı barədə valideynlərin şikayətləri yayılıb. Məsələ ictimai müzakirələrə səbəb olub, bir sıra məktəblərdə valideynlər və şagirdlər etiraz edib, dərslərdə iştirakdan imtina halları barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyi oktyabrın 12-də məktəblərdə geyim qaydalarının tətbiqinə mane olmaqda və ictimai asayişi pozmaqda şübhəli bilinən 37 nəfərin saxlanıldığını açıqlayıb. Nazirlik faktla bağlı cinayət işi açıldığını bildirib.
Azərbaycan-İran münasibətləri
Azərbaycanla İran arasında münasibətlər 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra gərginləşib. Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəhbəri öldürülüb. Sonrakı mərhələdə tərəflər münasibətləri normallaşdırmağa çalışıb, birgə hərbi təlimlər də keçiriblər.
Bununla belə, regionda baş verən hadisələr iki ölkə arasında yeni gərginliklərə səbəb olub. 2026-cı ilin martında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda Naxçıvana dronların düşməsi Bakı ilə Tehran arasında münasibətləri yenidən gərginləşdirib. Prezident İlham Əliyev hadisəni “terror aktı” adlandıraraq İran tərəfdən rəsmi üzr tələb edib. Tehran isə qonşu ölkələri hədəf almadığını bildirib və hadisənin araşdırılacağını açıqlayıb.
Gərginlik fonunda dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Daha sonra Azərbaycan İrana humanitar yardım göndərib.