Serbiyada oktyabrın 25-də keçirilən növbədənkənar parlament seçkilərində tələbə etiraz hərəkatının dəstəklədiyi “Studentska lista – Studenti pobeđuju” (“Tələbə Siyahısı – Tələbələr qalib gəlir”) qalib gəlib.
Serbiyanın uzun illər hakimiyyətində əsas siyasi fiqur olan Aleksandar Vuçiç seçki gecəsi tərəfdarları qarşısında çıxış edərək məğlubiyyətini qəbul edib.
Vuçiç bildirib ki, yekun nəticələr hələ açıqlanmasa da, onların hesablamalarına görə “Tələbə Siyahısı” parlamentdə 135-140 mandat, onun rəhbərlik etdiyi siyahı isə təxminən 105 mandat əldə edəcək. Serbiya parlamentində ümumilikdə 250 yer var.
İlkin hesablamalara görə, tələbələrin dəstəklədiyi siyahı təxminən 2,2 milyon, Vuçiçin siyahısı isə 1,72 milyon səs toplayıb. “Euronews Serbia” bu göstəriciləri müvafiq olaraq təxminən 52 və 32,3 faiz kimi təqdim edir.
Nəticələr təsdiqlənərsə, “Tələbə Siyahısı” hökuməti təkbaşına formalaşdırmaq üçün lazım olan parlament çoxluğuna sahib olacaq.
Seçkilər Serbiyada təxminən iki ildir davam edən genişmiqyaslı tələbə etirazlarının fonunda keçirilib. Etirazlar 2024-cü ilin noyabrında Novi Sad dəmir yolu stansiyasında beton örtüyün uçması nəticəsində 16 nəfərin ölməsindən sonra başlayıb. Etirazçılar faciənin korrupsiya, dövlət idarəçiliyində məsuliyyətsizlik və şəffaflığın olmaması ilə əlaqəli olduğunu bildirirdilər.
Tələbə hərəkatı sonradan ölkə boyunca genişlənərək növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Vuçiç sentyabrda seçkilərin oktyabrın 25-də keçirilməsinə qərar verib. Serbiya Respublika Seçki Komissiyası “Tələbə Siyahısı”nı seçkilərdə iştirak edən rəsmi siyahılardan biri kimi qeydə alıb.
Seçkinin nəticəsi Serbiyada uzun müddətdir davam edən siyasi düzənin dəyişməsi kimi qiymətləndirilir. Vuçiçin Serbiya Tərəqqipərvər Partiyası – SNS 2012-ci ildən ölkə siyasətində dominant mövqedə olub. Vuçiç 2014-cü ildə baş nazir, 2017-ci ildə isə prezident olmuşdu.
Yekun nəticələr təsdiqlənərsə və yeni hökumət formalaşdırılarsa, seçki SNS-in təxminən 14 illik siyasi dominantlığına son qoyacaq.