Azərbaycan-Ermənistan arasında normallaşma: Paşinyan Əliyevi alqışlayır, Yerevanda görüş keçirilir

Ermənistan-Azərbaycan. Foto: Michele Ursi/shutterstock

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın ərazisindən Ermənistana malların tranzitinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışladığını bildirib.

“Armenpress”in məlumatına görə, Nikol Paşinyan bu bəyanatı Tbilisidə keçirilən V “İpək Yolu” forumu çərçivəsində verib.

“Bu çox vacib bəyanatdır və Azərbaycan prezidentinin bu addımını qiymətləndirmək və bu bəyanatı alqışlamaq istəyirəm. Bir neçə ay öncə inanılmaz görünən hadisə baş verir, Qazaxıstandan taxıl Azərbaycandan və Gürcüstandan keçməklə Ermənistana idxal olur”.

Prezident İlham Əliyev oktyabrın 21-də bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. İlk tranzit yükü olan Qazaxıstan buğdası partiyası Ermənistana çatdırılacaq.

Nikol Paşinyan vurğulayıb ki, siyasi baxımdan onlar Naxçıvandan Azərbaycanın əsas hissəsinə və əks istiqamətdə Ermənistandan keçməklə tranziti təmin etməyə hazırdır, amma texniki səbəblərdən bu, mümkün deyil, çünki infrastruktur yoxdur.

“Bugündən Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və əksinə yük maşınlarının tranzitini təmin etməyə hazırıq”, – Paşinyan əlavə edib.

Azərbaycan-Ermənistan arasında normallaşma prosesi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə Bakıda Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı məlumatlar var.  Nazir Vaşinqtonda sülh sazişinin paraflanması və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətin əhəmiyyətini vurğulayıb:

“8 avqustdan sonra bu prosesin müsbət nəticələrini müşahidə edirik. Prezidentin Vaşinqtonda qeyd etdiyi kimi, bizim üçün sülh artıq reallığa çevrilib. Yaşanan hadisələr bunu bir daha təsdiqləyir. Minsk Qrupunun isə 1 dekabr tarixinədək tamamilə ləğv olunacağı gözlənilir.”

Nazir həmçinin qeyd edib ki, Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Yerevanda görüşür

Yeri gəlmişkən, oktyabrın 21-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı Yerevana eniş edib.

Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında paylaşıb.

Məlumata görə, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün Yerevana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.

“Armenpress” agentliyi oktyabrın 21-də yazmışdı ki, Ermənistan və Azərbaycandan vətəndaş cəmiyyəti təmsilçiləri oktyabrın 21-22-də Yerevanda ikitərəfli dəyirmi masa müzakirəsi keçirəcəklər. Agentlik Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin mətbuat xidmətinə istinadən bildirirdi ki, müzakirələr zamanı 8 avqustda Vaşinqtonda keçirilmiş görüşün nəticəsində formalaşan gündəlik, iki cəmiyyət arasında qarşılıqlı etimadın gücləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın mümkün inkişaf yolları, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Ana səhifəSiyasətAzərbaycan-Ermənistan arasında normallaşma: Paşinyan Əliyevi alqışlayır, Yerevanda görüş keçirilir