Yeni siyasi məhbus siyahısı açıqlanıb: 392 nəfər

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

“Azərbaycan Siyasi Məhbuslara Azadlıq” Birliyi siyasi məhbusların yeni siyahısını açıqlayıb. Siyahıya 392 nəfərin adı daxil edilib.

Bu, birliyin 2025-ci il iyunun 10-da paylaşdığı siyahı ilə müqayisədə 17 nəfər çoxdur. Birliyin bundan əvvəl təqdim etdiyi siyahıda 375 nəfərin adı var idi. 

Yeni siyasi məhbus siyahısını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.

Siyahı 12 qrupa bölünüb:

  • jurnalistlər və blogerlər – 31 nəfər
  • hüquq müdafiəçiləri – 7 nəfər
  • müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri – 39 nəfər
  • milli azlıqların fəalları – 5 nəfər 
  • müharibə əleyhinə fəallar – 2 nəfər
  • “Söyüdlü kəndinin işi” üzrə – 2 nəfər
  • Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər – 5 nəfər
  • “İmişli işi” üzrə həbs olunanlar – 19 nəfər
  • Dindarlar – 249 nəfər
  • “Tərtər işi” üzrə – 8 nəfər 
  • “Gəncə işi” üzrə – 13 nəfər
  • ömürlük həbs cəzası alanlar – 12 nəfər

Müəlliflər bildiriblər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olduğunu birmənalı şəkildə rədd edir, heç kimin fərqli düşüncəsinə, siyasi mövqeyinə görə həbs olunmadığını, onların konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirlər.

Ana səhifəSiyasətYeni siyasi məhbus siyahısı açıqlanıb: 392 nəfər