Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Toplum TV-nin həbsdə olan əməkdaşı Fərid İsmayılova qarşı ölüm təhdidlərindən narahatlığını bildirib.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Jurnalist Fərid İsmayılov 2024-cü ilin martın 6-da polisin Toplum TV-nin ofisinə basqını zamanı saxlanılan çoxsaylı jurnalistlər arasında olsa da, iki gün sonra azadlığa buraxılmışdı. O, bu il yanvarın 17-də həbs olunub.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
Bu barədə təşkilatın Avropa və Asiya üzrə bölməsinin “X” səhifəsində yazılıb.
Jurnalistləri Müdafiə Komitəsi açıqlamasında Azərbaycan hakimiyyətindən Fərid İsmayılovun təhlükəsizliyini təmin etmək və o da daxil olmaqla “haqsız yerə həbs olunmuş” 25-dən çox jurnalisti azad etməyi tələb edib.
Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən məhkəmə prosesində çıxış edən jurnalist Fərid İsmayılov saxlanıldığı Bakı İstintaq Təcridxanasında qonşu kameradakı məhkumun onu öldürməklə hədələdiyini bildirimişdi.
Jurnalistin yaxınları da bunu Meydan TV-yə təsdiqləyiblər. Onların sözlərinə görə, Fərid İsmayılov məhkumlardan biri tərəfindən təhdid olunur:
“Fərid yan kamerasındakı məhkumun onu öldürməklə hədələdiyini deyir. Fəridi sentyabrın 23-ü penitensiarın işçiləri tibb məntəqəsinə aparanda digər məhkum ona stəkan atıb. Penitensiarın işçiləri Fəridin önünə keçib və stəkanın dəyməsinin qarşısını alıblar. Fərid nə qədər desə də hadisə aktlaşdırılmayıb. Sonra o vəkili ilə görüşüb, ona stəkan atan məhkumun otağını dəyişdirmək üçün müraciət edib. Amma müraciətə baxan olmayıb”, – deyə yaxınları bildirib.
Yaxınları həmçinin bildirir ki, bir gün sonra yenidən oxşar hadisə təkrarlanıb. Bu dəfə isə məhkum ona isti su atmağa cəhd edib. Nəzarətçilərin müdaxiləsi ilə hadisənin qarşısı alınıb. Yenə də məsələ kökündən həll olunmayıb.
Sentyarın 25-i həmin məhkum Fərid İsmayılova zərər verə bilmədiyi üçün aqressivləşib və öz bədəninə kəsici alətlə zərər vurub. Bunları edərkən, Fərid İsmayılova zərər verəcəyini deyib və onu təhqir edib.
Fərid İsmayılov məhkəmədə deyib ki, məsələ həll olunmadıqca bunun qəsdən olduğunu və təxribat üçün şərait yaradıldığını düşünür.