Onlar hazırda həbsdə olan bütün jurnalistlərin dərhal azad edilməsinə çağırış ediblər
Beynəlxalq qeyri-hökumət təşkilatları – “Sərhədsiz Reportyorlar” (“Reporters Sans Frontières”, RSF), Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Komitə (“Committee to Protect Journalists”, CPJ) bəyanat yayaraq fevralın 5-də həbs olunmuş Şahnaz (Hüseynova) Bəylərqızı, Şəmşad Ağayev (Ağa) və hazırda həbsdə olan digər 21 jurnalistin dərhal azad edilməsinə çağırış edib.
“Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkənin kiçik və çətin vəziyyətdə olan müstəqil media ictimaiyyətini susdurmaq və daha da məhdudlaşdırmaq niyyətindədir. Hökumət görünməmiş media təzyiqlərini dərhal dayandırmalı, Şəmşad Ağanı və bütün digər haqsız yerə həbs edilmiş jurnalistlərlə azad etməlidir” , – CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid deyib.
Qurum Azərbaycanda son 15 ayda 21 jurnalistin saxlandığını bildirir. Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer alıb.
“Şəmşad Ağa və Şahnaz Bəylərqızı həbs ediliblər. RSF bu iki jurnalistin, eləcə də hazırda ölkədə həbsdə olan digər 21 jurnalistin dərhal azad edilməsinə çağırır”, – “Sərhədsiz Reportyorlar”ın bəyanatında bildirilir.
Fevralın 5-də “Meydan TV işi” ilə bağlı daha bir jurnalist Şəmşad Ağayev (Ağa) saxlanılıb.

Vəkili Şəhla Hümbətova bildirib ki, Şəmşad Ağayev “MeydanTV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.
Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş, Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov 2024-cü il dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.
Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı da saxlanıb. Jurnalistin “Toplum TV işi” ilə bağlı saxlandığı bildirilirdi.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə “ToplumTV”-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.
2025-ci ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.
“Toplum TV işi” üzrə həbs olunanlar əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,… ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların dediyinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.