Gürcüstanda Bolnisi sakinləri etiraz edir: Darvaz dərəsində gizli mədən işləri aparılır

Foto: Meydan TV

Gürcüstanın Bolnisi bələdiyyəsində yaşayan etnik azərbaycanlılar bir aydan çoxdur davam edən naməlum qazıntı işlərinə qarşı çıxır. Yerli əhali bu fəaliyyətlərin yeni mədən layihəsinin başlanğıcı ola biləcəyindən ehtiyat edir və artıq dövlət qurumlarına kollektiv müraciət ünvanlayıb.

Mayın 10-da Darvaz kəndində keçirilən toplantıda 6 ətraf kəndin sakinləri bir araya gələrək vəziyyəti müzakirə ediblər. İclasda bildirilib ki, dağın zirvəsində aparılan işlər barədə nə yerli özünüidarəetmə orqanları, nə müvafiq nazirliklər, nə də dövlət agentlikləri tərəfindən əvvəlcədən hər hansı məlumat verilməyib.

Sakinlər iddia edirlər ki, bu prosesdə qanunvericiliyin tələbləri və ictimai iştirak mexanizmləri pozulub. Onların sözlərinə görə, beynəlxalq “Orhus” (Aarhus) Konvensiyasının – ətraf mühitlə bağlı qərarların qəbulunda ictimaiyyətin iştirakını təmin edən qaydaları da nəzərə alınmayıb. Rəsmi dövlət resurslarında və açıq platformalarda Darvaz dərəsi və ətraf kəndlərlə bağlı hər hansı lisenziya və ya icazə sənədlərinin tapılmaması da narahatlığı artırır.

Meydan TV-nin bir il əvvəl yayımladığı materialda da qeyd olunur ki, Bolnisi bölgəsində illərdir davam edən mədən fəaliyyəti ciddi ekoloji fəsadlara yol açıb və bəzi hallarda bu vəziyyət “ekosid” – genişmiqyaslı ekoloji məhvetmə ilə müqayisə edilə bilir.

Yerli sakinlər də oxşar narahatlıqları dilə gətirirlər. Onların sözlərinə görə, Kvemo Kartli regionu artıq Gürcüstan üzrə onkoloji xəstəliklərin geniş yayıldığı ərazilərdən birinə çevrilib. Bundan əlavə, təxminən 16 il əvvəl Almaniya fondlarının apardığı araşdırmalar nəticəsində Bolnisidə yetişdirilən 15 növ tərəvəzdə ağır metalların aşkar edildiyi bildirilir. Sakinlər hesab edir ki, bu faktlar bölgədə mədən fəaliyyətinin sağlamlığa təsirini göstərir.

Darvaz dərəsində keçirilən iclasın yekunu olaraq sakinlər kollektiv ərizə hazırlayıb və təxminən 500-ə yaxın imza toplayıblar. Ərizədə Darvaz dərəsində aparılan qanunsuz işlərin dərhal dayandırılması, meşələrin qırılmasına son qoyulması və əgər hər hansı lisenziya verilibsə, onun ləğv edilməsi tələb olunur. Həmçinin sənəddə qeyd olunur ki, gələcəkdə bu ərazidə heç bir şirkətə mədən və ya geoloji tədqiqat fəaliyyəti üçün icazə verilməməlidir.

Foto: Meydan TV

Müraciət Gürcüstanın 13 dövlət qurumuna, o cümlədən prezidentə, baş nazirə, parlament sədrinə, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə və digər müvafiq qurumlara ünvanlanıb.

Hazırda Darvaz dərəsində aparılan işlərin kim tərəfindən və hansı məqsədlə həyata keçirildiyi ilə bağlı rəsmi açıqlama yoxdur. Yerli əhali isə şəffaflıq və ictimai iştirak hüquqlarının təmin olunmasını tələb edir.

Ana səhifəXəbərlərGürcüstanda Bolnisi sakinləri etiraz edir: Darvaz dərəsində gizli mədən işləri aparılır