Vəkilin sözlərinə görə, müsavatçı ölkəyə prezident seçkilərində səs vermək üçün gəlib
Müsavat Partiyasının üzvü, uzun müddət Almaniyada mühacirətdə olmuş və 2024-cü il fevralın əvvəlində Azərbaycana qayıdarkən Bakıda hava limanında saxlanılaraq həbs edilən Mehdi Xəlilova (Xəlilbəyli) noyabrın 6-da hökm oxunub.
Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyilə çıxarılan hökmə əsasən, Mehdi Xəlilbəyliyə 2 il sınaq müddəti təyin edilməklə, 3 il şərti cəza verilib. Ona qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 220 (kütləvi iğtişaşlarda iştirak etmə), 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.
Mehdi Xəlilbəyli 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərilə əlaqədar etirazlarla əlaqədar ittiham edilərək, axtarışa verilmişdi.
Onunla bağlı cinayət işi üzrə 13 nəfər zərərçəkmiş qismində tanınıb, biri də həmin dövrdə “Lider” telekanalının müxbiri olmuş Sahil Kərimlidir.
Noyabrın 6-da məhkəmədə prokuror Mehdi Xəlilbəyliyə 3 il sınaq müddəti təyin olunmaqla, 4 il şərti cəza verilməsini istəyib.
Daha sonra vəkili müdafiə çıxışında onun dövlətə və dövlətçiliyə sadiq olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, Mehdi Xəlilbəyli prezident seçkilərində səs vermək istəyirdi, bu səbəbdən də məhz həmin ərəfədə – seçki öncəsi Azərbaycana gəlmişdi.
Vəkilin çıxışından sonra Mehdi Xəlilbəyli özü də son sözünü deyib. O bildirib ki, ittihamda göstərilən cinayətlərin heç birini törətməyib və məhkəmədə də heç kim onunla bağlı mənfi fikir səsləndirməyib. Müsavat fəalı əlavə edib ki, əgər cinayət törətsəydi, verilən istənilən cəzanı çəkməyə hazır idi.
Onun son sözündən bir neçə dəqiqə sonra hökm elan edilib.
Mehdi Xəlilbəyli Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) də üzvüdür. Bir neçə il əvvəl onun adı mühacir alverində hallandığına görə 2019-cu ildə Almaniyada qanunsuz miqrasıya ittihamı ilə həbs olunmuşdu. Lakin 2020-ci ilin yanvarında azadlığa buraxılmışdı.
2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkisindən sonra Müsavat Partiyasının üzvləri başda olmaqla, bir çox siyasətçi həbs olunmuşdu. Onların arasında Arif Hacılı, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Pənah Hüseyn, Rauf Arifoğlu və digərləri vardı.
Həbs olunanların bir hissəsi sonradan əfv sərəncamı ilə azadlığa çıxdı, bəziləri haqqında cinayət işinə amnistiya aktı tətbiq olunmaqla xitam verildi.