Jurnalistin vəkilləri sığınacaqla bağlı imtinadan məhkəməyə şikayət edəcəklər

Foto: Əfqan Sadıqovun şəxsi arxivindən

Hüquq müdafiəçiləri Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili ilə də görüş tələb edirlər

Əfqan Sadıqovun vəkilləri Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin azərbaycanlı jurnalistin Gürcüstanda beynəlxalq müdafiədən məhrum edilməsi barədə qərarından məhkəməyə şikayət edəcəklər.

Hüquq müdafiəçiləri Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili ilə də görüş tələb edirlər.

Bu barədə “Sosial Ədalət” təşkilatının hüquqşünası Keti Çutlaşvili jurnalistlərə bildirib.

Əfqan Sadıqov bir neçə ay əvvəl Gürcüstan polisi tərəfindən həbs edilib, onun həbsinə səbəb ekstradisiyadır, çünki Azərbaycan hakimiyyəti Sadıqovun onlara təhvil verilməsini tələb edir. Əfqan Sadıqov azərbaycanlı jurnalist və redaktordur, əvvəlki illərdə müxtəlif vaxtlarda Azərbaycanda 2 dəfə cinayət, 3 dəfə inzibati maddələrlə həbs edilib. Bir çox beynəlxalq təşkilatlar onun işlərinin siyasiləşdirildiyini və uydurma olduğunu yazıblar”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Əfqan Sadıqov həbs olunduqdan sonra da jurnalist fəaliyyətini dayandırmayıb:

Azərbaycan hökuməti tərəfindən korrupsiya, zorakılıq və müxtəlif hüquq pozuntularını ifşa etməyə davam edib. Hökumət onun yenidən cəzalandırılmasında, həbs edilməsində maraqlı olub və Sadıqovun ekstradisiyasını tələb edib. Azərbaycanda ikinci dəfə həbsdə olan Əfqan Sadıqov 242 gün aclıq aksiyası keçirib, nəticədə səhhəti kəskin şəkildə pisləşib, ağır xəstəliklər yaranıb, 95 kq-dan 40 kq-a qədər arıqlayıb, əlil arabası ilə hərəkət edib. Gürcüstana gələndə məqsəd məhz tibbi və psixososial reabilitasiya idi”.

Hüquqşünas deyib ki, Əfqan Sadıqov beynəlxalq mühafizə üçün Gürcüstan Miqrasiya İdarəsinə müraciət edib:

“Sənədləri lazımi qaydada yoxlamadan Miqrasiya İdarəsi ona beynəlxalq müdafiə və ya humanitar status verməkdən imtina edib. Onların arqumenti ondan ibarət idi ki, Azərbaycanda hüquq pozuntuları riski yüksək deyil və bu, fikrimizcə, əsassızdır. İndi Əfqan Sadıqovun vəziyyəti çox ağırdır, 26 gün əvvəl aclıq aksiyasına başlayıb, bundan əvvəl, uzun sürən aclıq aksiyasından sonra səhhəti zəifləyib, ona görə də indi özünü çox pis hiss edir, hərəkət etmək, hətta danışması belə çətinləşib. Onun həyat yoldaşı və iki azyaşlı uşağı Tbilisidə qalır, onlara Azərbaycandan mütəmadi olaraq hədə mesajları gəlir, onlarda elə bir hiss var ki, müəyyən adamlar onları izləyir. Uşaqlar təhlükəsizlik səbəbindən məktəbə getmir, ana övladlarını nəzarətsiz qoymaq istəmir”.

Biz medianı, siyasi partiyaları bu məsələyə maraq göstərməyə çağırırıq. Eyni zamanda, biz məhkəməni bu işdə təqdim etdiyimiz bütün arqumentləri və sübutları nəzərə almağa və Əfqan Sadıqova ekstradisiya prosesinin dayandırılması üçün əsas olacaq beynəlxalq müdafiəni təmin etməyə çağırırıq. Prokurorluğa da çox aydın tələblərimiz var, prokurorluqdan ekstradisiya prosesini dayandırmağı xahiş edirik, çünki bu proses mütləq insan hüquqları standartlarına və beynəlxalq öhdəliklərə ziddir. Sadıqovun səhhətinin ağır olduğunu nəzərə alaraq, o, dərhal ekstradisiya həbsindən azad edilməlidir. Bu işin müzakirəsi üçün Baş Prokurorla görüş istəyirik, bu məsələ ilə bağlı prokurorluğa məktub göndərmişik. Fikrimizcə, Gürcüstan hökuməti Azərbaycan hökumətinə siyasi loyallıq nümayiş etdirir və çox mühüm insan haqları standartlarına məhəl qoymur”, – deyə Çutlaşvili bildirib.

Ana səhifəSiyasətJurnalistin vəkilləri sığınacaqla bağlı imtinadan məhkəməyə şikayət edəcəklər