İran Prezidenti Azərbaycanı “qardaş ölkə” adlandırdı və vəd verdi

Foto: İrna Agentliyi

Məsud Pezeşkian: “Başqa ölkələrin regiona ayaq açmasını region ölkələrinin maraqlarına uyğun hesab etmirik”

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan səfirliyinə hücum məsələsini sona çatdıracağını vəd edib.

Bu barədə oktyabrın 14-də Məsud Pezeşkian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşdə bildirib.

Məsud Pezeşkian iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Həmçinin təhlükəsizlik məsələlərini və bununla bağlı problemləri həll etməyə çağırıb:

“Ölkələr arasında təhlükəsizliyi, sülhü və ünsiyyəti möhkəmləndirmək və təşviq etmək üçün sərhədlərdə divarlar ucaltmağa ehtiyac yoxdur”.

İkitərəfli iqtisadi layihələrə toxunan İranın Prezidenti deyib ki, iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışlayırlar:

Eyni zamanda, energetika və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istəyirik”.

Siz bizim qardaşlarımızsınız və iki ölkə arasında əlaqələrin genişləndirilməsi bizim üçün çox dəyərlidir. Hesab edirik ki, heç bir ölkənin suverenliyi gözardı edilməməlidir, digər tərəfdən, biz başqa ölkələrin regiona ayaq açmasını region ölkələrinin maraqlarına uyğun hesab etmirik. Çünki birlikdə çalışaraq təhlükəsizlik və bununla bağlı məsələləri həll edə biləcəyimizə inanırıq. Bu, İran İslam Respublikası hökumətinin hər zaman vurğuladığı əsas siyasətidir”, – deyə İran Prezidenti vurğulayıb.

Məsud Pezeşkian Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələyə də toxunub:

“Biz hüquqi proseslər tam həyata keçirilənə qədər bu işi izləyəcəyik”.

Ancaq o hansı proseslərdən söhbətin getdiyini dəqiqləşdirməyib.

“Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur”

Görüşdə Şahin Mustafayev Bakının Tehran ilə energetika, avtomobil və dəmir yolu əlaqəsi, təhlükəsizlik, müdafiə və mədəniyyət sahələrində əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.

Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh və sabitliyin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bəyan edərək deyib: “Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur, digər tərəfdən, heç bir ölkənin ərazi bütövlüyümüzlə bağlı iddiasını qəbul etmirik. Hesab edirik ki, regionun məsələləri və problemləri region ölkələri arasında danışıqlar yolu ilə həll edilməlidir.”

Şahin Mustafayev İranın dövlət başçısını Bakıya COP29 iqlim konfransına dəvət edib.

2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə hücum olub.

“Kalaşnikov” avtomatı ilə silahlanmış İran vətəndaşı Yasin Hüseynzadə mühafizə postundan keçərək səfirliyin əməkdaşlarına atəş açıb, nəticədə səfirliyin mühafizə rəisi ölüb, digər iki nəfər yaralanıb.

İndiyədək İran hakimiyyəti hücum edən şəxsin barəsində hökmü rəsmən elan etməyib.

Ana səhifəSiyasətİran Prezidenti Azərbaycanı “qardaş ölkə” adlandırdı və vəd verdi