Müdafiə Nazirliyi səbəbləri açıqlamayıb
Oktyabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin daha iki ordu korpusu komandirinin işdən çıxarıldığı məlum olub.
General-mayor Münasib Babayev 4-cü ordu korpusu (Bakı) komandiri, polkovnik Oruc Abdullayev isə 3-cü korpus (Şəmkir) komandiri vəzifəsindən azad edilib.
Hər iki zabitin vəzifəsindən çıxarılmasının səbəbləri barədə Müdafiə Nazirliyinin mətbuat xidməti Meydan TV-nin sorğusuna cavab verməyib.
Dünən də Mayis Bərxudarov II ordu korpusu komandiri vəzifəsindən azad edilmişdi.
“Turan” agentliyinin yazdığına görə, kadr dəyişiklikləri müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı Hikmət Mirzəyevin təklifi ilə həyata keçirilib.
Oktyabrın 8-də isə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor Namiq İslamzadə müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.
2024-cü ilin mayında general-leytenant Ramiz Tahirov ehtiyata buraxıldıqdan sonra Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyinat olmamışdı.
Həmin vaxt Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanı vəzifəsinin icraçısı təyin edilmişdi.
Namiq İslamzadə Türkiyə Ali Hərbi Aviasiya Məktəbini bitirib.
II Qarabağ Müharibəsində iştirakına görə “Vətən Müharibəsi Qəhrəmanı”, o cümlədən Füzuli və Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilib.
Namiq İslamzadə 2021-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavinidir.