Həbsdəki ictimai fəalın 3 gündür aclıq etdiyi bildirilir

Elvin Mustafayev.Foto: Fərqanə Novruzova

Elvin Mustafayev lazımi tibbi yardım ala bilmədiyini, vəkillə danışmasına imkan verilmədiyini deyib

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının Kuryerlər Birliyinin üzvü, 1 il 2 aydır həbsdə olan Elvin Mustafayevin 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Səbəb isə onun səhhətində ciddi problemlər olduğu halda, lazımi tibbi yardım göstərilməməsi, vəkili ilə telefon danışıqlarına imkan verilməməsidir. Bu barədə  İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası məlumat yayıb.

Təşkilatdan bildirilib ki, Elvin Mustafayev başında və onurğasında ağrılardan əziyyət çəkir. Buna görə sentyabrın 20-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb. Lakin lazım olan müalicəni almadan sentyabrın 28-də yenidən 13 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarılıb:

Eyni zamanda, vəkili ilə telefon danışığına da icazə verilməyib. Elvin həkim səhlənkarlığına etiraz etdiyi üçün geri qaytarıldığını düşünür. Həmçinin Elvinə digər məhbuslarla söhbət etməyə də icazə verilməyib. Elvin Mustafayev bütün bunlara etiraz olaraq, 28 sentyabrdan aclıq aksiyasına başladığını bildirib”.

Elvin Mustafayev 2023-cü ilin avqustunda Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik əldə etmə, daşıma) və 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddələrilə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi ona qarşı ittihamı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsinə tövsif edib və gənc fəala 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

İttihama görə, Elvin Mustafayev saxlanılandan sonra Binəqədi Rayon Polis İdarəsində onun üstündən 3 qramdan bir qədər artıq narkotik maddə tapılıb.

İctimai fəal isə özünü təqsirli bilmir və kuryerlərin etirazına dəstək verdiyinə görə narkotiklə şərləndiyini bildirir.

Narkotik mənim üçün utancdır. Bunu üzərimə götürmək istəmirdim. Müqavimət göstərdiyimi görüb təhdid eləməyə başladılar ki, “üzünə qadın qoyub, zorlama ittihamıyla göndərərik, İranın agenti ittihamı verə bilərik, ya da 3 nəfər bitmiş narkomanı üzünə qoyub, narkotik satışıyla məşğul olduğunu göstərərik”, – Elvin Mustafayev məhkəmədə bildirib.

Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev bu həbsindən əvvəl – 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.

Lakin o zaman yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağırılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. İctimai fəal özü də bildirmişdi ki, həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

2023-cü il avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər.

Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir. Afiəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər ikisi şərləndiklərini bildirirlər.

Ana səhifəSiyasətHəbsdəki ictimai fəalın 3 gündür aclıq etdiyi bildirilir