“Bu torpaq üçün bizim əsgərlərimiz gedib canını verir. Hazırda Şuşada can verirlər. Kəlbəcərdə, qarın altında… Bunlar bu torpağı elə daşıyıb, aparırlar, elə bil ki, öz əlləri ilə qoyublar. Bunu Allah-təala yaradıb, aparmaq olmaz. Bizim heyvanlarımızın örüş yerləridir”.
Lənkəran rayonunun Təngivan kəndinin sakinləri yaşadıqları ərazidə ekoloji terrorun hökm sürdüyünü deyir. Onlar iddia edir ki, Təngivan kəndi ərazisində fəaliyyət göstərən “PROFCO” MMC-yə məxsus qum-çınqıl karxanası Lənkərançayın yatağını illərdir qazır, ərazidəki daş-çınqılın daşınması nəticəsində də ətrafda böyük yarğanlar yaranıb. Bu isə yaxınlıqdakı evlər üçün təhlükə yaradıb.
“Durduğumuz bu yoldan bizim suyumuz gedib. Orda bizim yonca bağlarımız olub. Burda biz çəltik əkmişik. İndi heç nə yoxdur. Torpağı da əlimizdən alıblar, qalanlarını da əlimizdən alırlar”.
Sakinlər aylardır şikayətlərini çatdırmaq üçün etiraz aksiyaları keçirirlər.
Onlar deyir ki, 2014-cü ildən ərazidə fəaliyyət göstərən “PROFCO” MMC 40 hektardan çox çay sahilində torpağı 10 metr dərinliyində qazıb və daşıyıb. Əhalinin örüş sahələrinin çoxu qazılıb, yollar dağıdılıb.
“Dərdimizi kimə deyək? Gəlirik bura, özünüz də gördünüz, hücum edirlər bizə. Döyürlər bizi. İndi bir az keçdi, polis gəlib də, yoldadı. Apararlar bizi şöbəyə”.
Sakinlər bildirir ki, bu etirazlara görə onlar dəfələrlə Lənkəran Rayonu Polis Şöbəsinə çağrılıblar. Onlardan etiraz aksiyalarını dayandırmaqları tələb edilib. Polisin kənd sakinlərini təhdid etdiyini deyirlər.
“Polis idarəsinə çağırırlar, deyirlər ki, çəkdiyiniz video var, “Youtube”-a qoymusunuz, onu silin. Gedin qanuni şəkildə məhkəməyə verin. Müraciət edin. Şikayət edin. Nə qədər şikayət eləmək olar? Hər ay da biz 4-5 quruma yazırıq”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sakinlərin saxlanmaları ilə bağlı faktı təsdiqləyib. Lakin o bildirib ki, bəzi sakinlər şirkətin mühafizə olunan ərazisinə daxil olduğu, orada olan şəxslərə xəsarət yetirdiyi üçün polis şöbəsinə gətirilib.
Ekoloq Rövşən Abbasovun sözlərinə görə, qanunvericilikdə açıq şəkildə göstərilib ki, daş karxanalarının ekologiyaya verdiyi təsiri minumuma endirmək üçün ekspertlər ərazidə monitorinq aparmalıdırlar.
“Çaylar həm ekosistem xidmətləri təklif edir, həm yaşayış yeridir, həm də ki, daş karxanalarının qazılması fövqəladə hallar yaratdığından Fövqəladə Hallar Nazirliyi tərəfindən idarə olunur: Yalnız bu qiymətləndirmə xüsusi ekoloji ekspertizadan keçəndən sonra qum-çınqıl karxanasının işinin başlanılmasına icazə verilir. Yəni bu icazə prosesi kifayət qədər uzun çəkən prosesdir.”
Ekoloqun sözlərinə görə daş karxanalarına nəzarət edilməzsə, onların təbiətə vurduğu ziyan gətirdikləri xeyirdən qat-qat artıq ola bilər.
“İndi gəlib hesablaya bilərik ki, o karxanalar oradan nə qədər vəsait qazanmışdılar? Ordan nə qədər insan maaş almışdı? Və sonra bu dövlət çayın məcrasını düzəltmək üçün ora nə qədər əlavə vəsait qoydu? Biz görərik ki, dəyən zərər gələn qazancdan qat-qat çoxdur”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən rəy almaq mümkün olmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən bildirilib ki, sakinlərin şikayəti əsasında Lənkəran rayonu Təngivan kəndində yerləşən qum-çınqıl hasilatı ilə məşğul olan müəssisəyə məxsus ərazidən yoxlamalar aparılıb. Qanunsuz olaraq, qum-çınqıl qarışığının hasilatı və yalanqoz cinsli ağacın məhv edilməsi nəticəsində təbiətə böyük ziyan dəydiyi müəyyən olunub. Baxış zamanı “Profco” MMC-nin müvafiq icazə sənədi olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Monitorinqin nəticələrinə hüquqi qiymət verilməsi üçün iş üzrə materiallar prokurorluğa göndərilib.