Vəkillər deyib ki, hakimlər kollegiyası xeyli məsələni araşdırmayıb
“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun məhkəməsi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı yekunlaşıb, məhkəmə prosesində çıxışlar mərhələsidir. Prokuror Rasim Məmmədova 15 il azadlıqdan məhrumetmə cəzası istəyib. Prosessual qaydalara görə, prokurordan sonra təqsirləndirilən şəxsin vəkili çıxış edir.
Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova çıxış edib. Onların hər ikisi bildirib ki, Rasim Məmmədova 185 milyon manatlıq yeyinti ittihamı irəli sürülüb. Lakin bu ittiham konkret sübutlarla əsaslandırılmayıb. Ümumiyyətlə, təkcə mənimsəmə yox, vəzifə səlahiyyətlərindən sui-istifadə, yalançı sahibkarlıq kimi digər ittihamlar da əsaslandırılmayıb.
Vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsində üç ay ərzində bu iş üzrə gedən məhkəmə araşdırmalarından da narazı qalıb. Müdafiəçilər bildirib ki, Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası bir xeyli zəruri məsələləri araşdırmayıb. Məsələn, cinayət işi başdan-ayağa metal alqı-satqısından bəhs etdiyi halda, metala aid heç nə araşdırılmadı, “Baku Steel Company”nin nə qədər metal qəbul etdiyi aydınlaşdırılmadı və s.
“Çox adi məsələlər – “Baku Steel Company”nin Nizamnaməsi, Müşahidə Şurasının Əsasnaməsi, kassa mədaxil-məxaric orderləri belə, tədqiq olunmadı. Belə olan halda, məhkəmə necə hökm verə bilər? Ən adi məsələləri belə araşdırmayıb…”, – vəkil Pərviz Məmmədov bildirib.
Digər vəkil Zibeydə Sadıqova vurğulayıb ki, prokuror tutarlı sübutlar ortaya qoymadan ittiham irəli sürülməsi bir yana, üstəlik, yüngülləşdirici hallar da nəzərə alınmadan Rasim Məmmədova 15 il həbs cəzası istənilir. Bu da ona qarşı qərəzli münasibətdir.
“Yaxşı ki, prokuror mənə güllələnmə istəmədi…”, – Rasim Məmmədov bu yerdə replika ilə müdaxilə edib.
Vəkillərin çıxışından sonra iş adamı son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə ona dekabrın 9-na qədər vaxt verib.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.
Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.